Mətanət Əsgərqızı: Xalqımız Ali Baş Komandanımızın ətrafında bir yumruq tək birləşdi
Ağdama səfər edəcəyimi biləndə gecə gözlərimə yuxu getmədi. Artıq bu gün Ağdamdayam. Həm kədərlidir, həm də çox sevinclidir. Özümü çox xoşbəxt hiss edirəm ki, işğaldan azad olunmuş torpağımızdayam. Bu hissləri anlatmaq çox çətindir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında avqustun 17-də Ağdamda səfərdə olan Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı söyləyib.
O deyib: “Düzdür yol boyu düşmənin Ağdamı nə günə qoyduğunu gördük, ürəyimiz ağrıdı. Bu kadrları televiziyalardan, internetdən izləsək də, canlı görmək başqadır. Düşmən unudub ki, Azərbaycan xalqı necə güclü xalqdır. Xalqımız Ali Baş Komandanımızın ətrafında bir yumruq tək birləşərək düşmənə yerini göstərdi. Viran qoyulmuş bu torpaqlarımızda indi quruculuq işləri start götürüb. Avtomobildə gələrkən də düşünürdüm ki, inşallah Ağdam yenidən qurulandan sonra bura köçüm və öz fəaliyyətimi burada davam etdirim. Ağdama öz təşkilatımla gələcəyəm və azad olunmuş torpaqlarımızda işimizi quracağıq, quruculuq işlərində də iştirak edəcəyik. Bu günləri bizlərə yaşatdığına görə Prezidentimizə çox minnətdaram”.