Yol-nəqliyyat qəzalarının sürətlə artması çox üzücüdür
Yol-nəqliyyat qəzalarının sürətlə artması çox üzücüdür.
Son günlər yol-nəqliyyat qəzalarının sürətlə artmasının şahidi oluruq. Xeyli insan bu hadisələr zamanı dünyasını dəyişir, bəziləri ciddi xəsarət alır. Görün, nə qədər insanın çırağı sönür, ailələrə kədər köçür.
Müşahidələrə görə, Avropa məkanında, əhalisi Azərbaycandan da xeyli çox olan ölkələrdə heç bu qədər yol-nəqliyyat hadisələri baş vermir. Təəssüf ki, bizim yollarımızda bu qəzalar davam etməkdədir. Bunun kifayət qədər səbəbləri var. Mütəmadi olaraq, həmin səbəblər göstərilir. Ancaq bir vacib məqam odur ki, bu hadisələrdən heç kim sığortalanmayıb.
Bu gün paytaxtımızdakı sıxlıq, yol-nəqliyyat qəzaları, və digər problemlər əslində hər birimizi düşündürməlidir. Şübhəsiz ki, Dövlət Yol Polisinin müxtəlif media qurumları vasitəsilə apardığı təbliğat işləri, bu sahədə qanunlarda dəyişikliklər, cəzaların sərtləşməsi və digər addımlar atılır. Bunun özünün də müsbət tərəfləri var. Lakin bu sahədə davamlı islahatlara ehtiyac var.
Bu islahatlar nədən ibarət ola bilər?
Birincisi, sürücülük vəsiqələrinin verilməsi DİM-ə tapşırılmalıdır. Çünki bir çox problemlər ondan başlayır ki, sürücülər yol hərəkəti nişanları haqqında məlumatı olmur.Ümumilikdə sürücülük vəsiqələrinin verilməsin ciddi qüsurlar qalmaqdadır.
İkincisi, bu sahədə maarifçilik daha da sürətlənməli və bu məqsədlə sosial reklam çarxlarının çəkilişi aparılmalıdır. Bu sosial və maarifləndirici xarakterli reklam rolikləri telekanallarla bərabər internet resursları vasitəsilə mütəmadi yayımı faydalı olar.
Üçüncüsü, avtomobil idarə edərkən yol hərəkənin tələblərinə, mövcud qanunlara əməl etməyən və hər an qəza şəraiti yaradan bəzi imkanlı şəxslərin övladları barəsində daha ciddi tədbirlər görülməlidir. Birbaşa həmin imkanlı şəxslərə qarşı öz övladlarına görə, ictimai qınaqla bərabər sərt hüquqi məsuliyyət müyyənləşməlidir. Bir sözlə qanuna qarşı heç kim harınlıq, hörmətsizlik etməməlidir.
Dördüncüsü, avtomobil yollarında mövcud olan müxtəlif tipli radar sisteminin mütəmadi yerlərinin dəyişdirilməsinə ehtiyac var. Çünki radar müşahidə sisteminin mövcud olduğu ərazilərdə sürücülər daha məsuliyyətli avtomobil idarə edirlər. Digər məkanlarda isə öz bildikləri kimi maşınlarını sürürlər. Bunu təsdiqləyən kifayət qədər faktlar var.
Nəhayət daha innovativ mexanizmlər tapılmalıdır. Yalnız təbliğat aparmaqla və yaxud gecə gündüz cərimə yazmaqla problemi həll etmək çətin məsələdir. Ona görə, bu işə kompleks yanaşıb daha məqbul mexanizmlər üzərində düşünmək lazımdır.
Əkrəm Bəydəmirli