Bolqarıstan Prezidenti: “Azərbaycan qazının Avropaya əlavə nəqli ilə bağlı layihə təqdim olunacaq”
“Fevralın 3-də Bakıda təqdim olunacaq Azərbaycan təbii qazının Avropaya əlavə tədarükü layihəsi minimal vəsaitlə və Azərbaycandan Avropaya əlavə həcmdə təbii qazın dərhal nəqlinə imkan verəcək”.
YeniZamantv.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bunu həmin ölkənin Prezidenti Rumen Radev “Bulqarqaz” və “Botaş” arasında Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında saziş imzalamaq üçün Sofiyada səfərdə olan Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya da bu layihəyə qoşulub.
Rumen Radev Bolqarıstan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsini də təklif edib.
Fatih Dönməz isə öz növbəsində Bolqarıstan və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb:
“Türkiyə coğrafi mövqeyini və infrastrukturunu nəzərə alaraq, istər Xəzər dənizi, Yaxın Şərq, istərsə də Şərqi Aralıq dənizindən olan mənbələrin tədarükünə kömək etməyə hazırdır”.