Rusiya və Ermənistan seçim qarşısında
Son günlərdə Ermənistanda Rusiyaya qarşı etiraz aksiyaları yenidən alovlanmağa başlayıb. Xüsusilə də, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu erməni aksiyaçılarının etiraz hədəfinə tuş gəlib. Etirazçılar Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının önünə toplaşıb, şimal qonşumuzu işğalçı kimi təqdim etməkdən belə çəkinmirlər.
Digər tərəfdən, Paşinyan hakimiyyətinin də etirazlarda maraqlı olduğu diqqətdən yayınmır. Vəziyyətin bu cür inkişafı isə müəyyən suallar doğurur:
Ermənistan iqtidarı etirazçıların dili ilə Rusiyanı hədəf almaqla hansı məqsədə nail olmaq istəyir?
YeniZamantv.az xəbər verir ki, mövzunu Bizim.Media üçün politoloq Amid Əliyev şərh edib. Onun fikrincə, Ermənistan cəmiyyətində Rusiyaya qarşı nifrət hissi II Qarabağ müharibəsindən sonra daha ciddi şəkildə hiss edilməkdədir:
“Erməni cəmiyyətinin Rusiyaya qarşı nifrətinin əsasında Ermənistanın məğlub obrazı dayanır. Ermənilər sanki məğlub olmalarında Rusiyanın hərəkətsizliyini əsas səbəb kimi görürlər.
Son günlərdə isə Rusiyaya qarşı açıq-aşkar etirazların baş qaldırmasını daha bariz şəkildə erməni cəmiyyətində görmək olar. Belə ki, azərbaycanlı aktivistlərin Laçın dəhlizinə ictimai nəzarəti nəticəsində Ermənistanla qondarma qurum arasında əlaqə tamamilə itib. Dəhliz humanitar məqsədlər üçün açıq olsa belə, bu erməniləri razı salmır. Buna görə də əsas günakar rolunda Rusiya sülhməramlılarının olması ideyası erməni cəmiyyəti tərəfindən daha tez-tez ortaya atılır”.
Amid Əliyevin sözlərinə görə, etirazların bir digər səbəbi Ermənistanın Qərb, xüsusuilə də, Fransa tərəfindən Rusiyanın orbitindən çıxması istiqamətində həyata keçirilən siyasətdir:
“Ermənistanın KTMT-dən çıxmaq cəhdləri, Moskvada XİN səviyyəsində görüşdə iştirak etməməsi əslində Rusiyaya qarşı diplomatik demarş kimi qiymətləndirilə bilər. Ermənistan bölgədə baş verən siyasi proseslərin əsas hərəkətverici qüvvəsi kimi Rusiyadan yaxa qurtarmaqda və Qərbə yönəlmiş xarici siyasət yeritməkdə israrlıdırlar. Məhz bu səbəbdən, son günlər 102 saylı hərbi baza ətrafında çıxışlar daha da konsolidasiya olunmuş şəkildə təşkil olunur.
Bunun da bir səbəbi var ki, əgər Rusiya Ermənistandakı hərbi bazasını çıxarsa, deməli özünün bölgədəki mövcudiyyətini itirmiş olacaq.
Nə bunu, nə də Qərbin Ermənistanda yerləşməsini Rusiya xoşluqla qəbul etməyəcək. Kreml buna imkan verməz. Və Ermənistanın siyasi rəhbərliyi bu reallığı olduqca gözəl anlayır.
Rusiya tərəfindən təklif olunan sülh gündəlyininin də Ermənistan tərəfindən qəbul olunamaması məhz bu səbəblərdən irəli gəlir. Beləliklə, Rusiya və Ermənistanın hər ikisi hal-hazırda ağır,taleyükklü seçim qarşısındadır”.