“Qar yağsaydı, xəstəliklər bitərdi”-həkim-infeksionist Hicran Xıdırovadan münasibət
Ölkə ərazisində müşahidə olunan qarlı hava cəmiyyətdə hakim olan bir fikri yenidən gündəmə gətirib. “Qar yağsaydı, xəstəliklər bitərdi”, “qar yağsaydı, mikroblar ölərdi” kimi populyar deyimlərin köklü tarixi keçmişi var. Biz də bu məsələni araşdırmaq məqsədi ilə həkim-infeksionist Hicran Xıdırova ilə əlaqə saxladıq.
YeniZamantv.az İqtisadiyyat.az-a istinadən xəbər veriri ki, məsələyə münasibət bildirən həkim-infeksionist Hicran Xıdırova “bu fikirlərin elmi əsası varmı?” sualına belə cavab verib: “Bəli, temperatur mənfiyə düşəndə havada olan bir sıra mikrobların ölməsi baş verir. Qar yağanda havadakı toz dənəciklərini də təmizləyir. Bunu hər birimiz bilirik. Qaldı ki, elmi əsasa, məsələn, adicə ərzaq məhsullarını soyuduca saxlayırıq ki, xarab olmasın, bakteriyalar inkişaf etməsin. Bunun eynisi də hava durumuna aiddir”.
Həkim mövzu açılmışkən hazırda xeyli insanın əziyyət çəkdiyi xəstəlikdən də söz açıb: “Son 10-15 gündür ki, fərqli bir respirator infeksiya yayılıb. Qızdırma, boğaz ağrısı, öskürək əlamətləri ilə xeyli vətəndaş bizə müraciət edir. Mənə elə gəlir ki, hazırda qarın yağması vəziyyətin bundan sonra – təxminən fevralın sonuna qədər daha rahat olmasına gətirib çıxaracaq. Bir də ən əsası bitkilər, yaşıllıqlar üçün bu qar çox vacib idi. Torpaqda olan mikrobların məhv olması üçün qara ehtiyac vardı. Çünki iki-üç ay sonra o torpaqdan çıxan məhsullarla qidalanacağıq. Ona görə də bir daha qeyd edirəm ki, qar hamısını olmasa da, havada olan bəzi hava-damcı infeksiyalarının azalmasına, zəifləməsinə və ölməsinə səbəb olur”.