Uzun müddət uşaqları planşet və ya telefonla məşğul etmək olmaz
Gün ərzində uşaqlarla məşğul olmaq olduqca çətin ola bilər və çox vaxt valideynlər bunu asanlaşdırmaq üçün müxtəlif üsullara əl atırlar. İlk ən yanlış və rahat üsul uşağı planşet və ya telefonla məşğul etmək olur. Bu, uşaqların emosional inkişafında ciddi fəsadlara yol açır, nəticədə hər şeyə həddindən artıq reaksiya verən uşaqlar ortaya çıxır.
YeniZamantv.az mövzu ilə bağlı 422 uşaq üzərində aparılan araşdırmanı təqdim edir
JAMA Pediatrics adlı tibb jurnalında dərc edilən araşdırmada uşaqların texnologiyadan necə təsirləndiyindən bəhs edir.
Tədqiqatçılar 422 valideyn və eyni sayda uşaq üzərində araşdırma aparıblar. 3-5 yaş arası uşaqların telefon və planşet kimi cihazlarla qarşılıqlı əlaqəsi bir neçə ay ərzində müşahidə olunub.
Tədqiqat qrupu müəyyən edib ki, uşaq kədərləndikdə və ya əhvalı pozulduqda diqqətini yayındırmaq üçün ona verilən cihazlar uşaqların emosional inkişafına mane olur.
Bu hal xüsusilə hiperaktivlik diaqnozu qoyulmuş uşaqlarda daha çox üzə çıxıb.
Tədqiqat müəllifləri cihazdan müəyyən müddətli istifadənin faydalı olduğunu bildirsələr də, qəti şəkildə xəbərdarlıq edirlər ki, uşaqları sakitləşdirmək üçün və ya tez-tez istifadə etməklərinə icazə verməməlidirlər.