Mövlud Çavuşoğlu -Bu, bütün dünyada qəzəb doğuracaq iyrənc, alçaq bir aksiya olar
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin paytaxtı Stokholmda bu gün keçiriləcək aksiyanı sərt şəkildə tənqid edib.
YeniZamantv.az xəbər verir ki, bu barədə Çavuşoğlu mediaya açıqlamasında danışıb.
“İsveçin Ankaradakı səfirini dünən XİN-ə çağırdıq və lazımi xəbərdarlığı etdik. Stokholmdakı səfirimiz İsveç xarici işlər naziri ilə görüşdü və bu məsələ ilə bağlı fikirlərimizi çatdırdı.
Buna kimsə fikir azadlığı, ifadə azadlığı deyə bilməz. Bu gün başqa bir dini kitabın yandırılmasına icazə vermirlər, amma “Qurani Kərim”ə və ya İslam düşmanlığına gəlincə tez ifadə azadlığı, fikir azadlığı deyirlər. Nifrət cinayəti və irqçilik fikir azadlığı deyil”, Türkiyə XİN başçısı deyib.
Çavuşoğlu əlavə edib ki, bu, İsveç qanunlarına, Avropa Şurasının Konvensiyasına, Avropa İnsan Haqları Məhkəməsinə görə də belə deyil:
“Ancaq çox təəssüf ki, bizim bütün xəbərdarlıqlarımıza rəğmən, buna icazə verildi. Bu gün Türkiyə vaxtı ilə saat 16:00-17:00 radələrində belə iyrənc bir aksiyanın keçiriləcəyini düşünürük. Ümid edirəm həmin saata qədər İsveç rəsmiləri lazımi tədbirlər görər və buna fürsət verməz. Çünki bu, bütün dünyada qəzəb doğuracaq iyrənc, alçaq bir aksiya olar”.