23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Prezident 7 fərman imzaladı

 Prezident  7 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

YeniZamantv.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 666-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 22 yanvar tarixli 265 nömrəli, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 666-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.2-ci və 350.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 315.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 350.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

1.4. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci və 164.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Məcəllənin 161.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 164.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.

2. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 44; 2002, № 8, maddə 478; 2006, № 8, maddə 677, № 12, maddə 1034; 2007, № 3, maddə 226; 2009, № 6, maddə 414; 2011, № 11, maddə 1009; 2016, № 3, maddə 471, № 6, maddə 1045; 2017, № 3, maddə 352, № 4, maddə 551, № 8, maddə 1517, 2018, № 11, maddə 2261; 2019, № 6, maddə 1030, № 12, maddə 1931; 2020, № 11, maddə 1358; 2021, № 7, maddə 737; 2022, № 5, maddə 476) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “150.2-ci” sözlərindən sonra “, 315.2-ci, 350.4-cü” sözləri əlavə edilsin;

2.2. 2.4-cü bənddən “, 315.2-ci” sözləri çıxarılsın və həmin bənddə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi” sözləri “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri” sözləri ilə əvəz edilsin;

2.3. 2.6-cı bənddən “, 350.4-cü” sözləri çıxarılsın;

2.4. 2.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.13-cü və 2.14-cü bəndlər əlavə edilsin:

“2.13. həmin Məcəllənin 315.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri nəzərdə tutulur;

2.14. həmin Məcəllənin 350.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.”.

3. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164; 2002, № 7, maddə 412, № 8, maddə 478, № 12, maddə 716; 2003, № 6, maddə 290; 2004, № 7, maddə 526; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 226, № 11, maddə 1105; 2010, № 5, maddə 393, № 7, maddə 613, № 8, maddə 722; 2019, № 5, maddə 818, № 12, maddə 1930; 2021, № 6 (I kitab), maddə 565; 2022, № 1, maddə 30) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “161.2” rəqəmlərindən əvvəl “161.1,” rəqəmləri, “164.3-1,” rəqəmlərindən sonra “164.5,” rəqəmləri əlavə edilsin;

3.2. 2.3-1-ci bəndə “163.3,” rəqəmlərindən sonra “164.5,” rəqəmləri əlavə edilsin;

3.3. 2.4-cü bənddən “161.1,” və “176.2,” rəqəmləri çıxarılsın;

3.4. 2.4-1-ci bənddə “161.2, 163.1, 163.2 və 195.2-ci (ikinci halda) maddələrində” sözləri “195.2-ci (ikinci halda) maddəsində” sözləri ilə əvəz edilsin;

3.5. 2.4-2-ci bəndə “Məcəllənin” sözündən sonra “161.1, 161.2,” rəqəmləri əlavə edilsin, “162.2-ci” sözləri “162.2, 163.1, 163.2” rəqəmləri ilə əvəz olunsun və həmin bənddən “rayon (şəhər)” sözləri çıxarılsın;

3.6. 2.7-ci bənddə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətlərinin nümayəndəlikləri, habelə Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri öz səlahiyyətləri daxilində” sözləri “Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətlərinin nümayəndəlikləri fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 666-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1998-ci il 13 mart tarixli 684 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 438 nömrəli, “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 168; 2002, № 8, maddə 478; 2006, № 12, maddə 1034; 2008, № 8, maddə 713; 2009, № 7, maddə 532, № 8, maddə 913; 2015, № 3, maddə 262; 2021, № 6 (I kitab), maddə 569) 2.4-cü bəndinə “Naxçıvan Muxtar Respublikası” sözlərindən əvvəl “Naxçıvan Muxtar Respublikasının ərazisində” sözləri, “kəndlərdə” sözündən sonra “nikahın bağlanmasının qeydiyyatı üzrə” sözləri əlavə edilsin və həmin bənddən “rayon (şəhər)” və “habelə” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 790; 2006, № 9, maddə 741; 2007, № 2, maddə 91; 2008, № 8, maddə 722; 2010, № 9, maddə 770, № 10, maddə 858, № 12, maddə 1061; 2013, № 5, maddə 520; 2014, № 9, maddə 1051; 2019, № 6, maddə 1029) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 8.2-ci bəndində “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri” sözləri “Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri” sözləri ilə əvəz edilsin.

3. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 fevral tarixli 373 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 90, № 12, maddə 1034; 2007, № 1, maddə 7, № 10, maddə 942; 2008, № 5, maddələr 373, 374, № 8, maddə 727; 2011, № 7, maddə 633, № 12, maddə 1143; 2016, № 9, maddə 1466; 2019, № 7, maddə 1220; 2020, № 12 (I kitab), maddə 1498; 2021, № 8, maddə 918) 2.2-ci bəndində “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının” sözləri “Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin” sözləri ilə, “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 438 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 664, № 12, maddə 1034; 2008, № 10, maddə 895; 2009, № 12, maddə 993; 2014, № 9, maddə 1047) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.5-ci bənddə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri” sözləri “Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri” sözləri ilə əvəz edilsin;

4.2. 3.7-ci bənddə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, habelə Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri” sözləri “Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 222; 2008, № 8, maddələr 720, 722, № 11, maddə 980; 2009, № 1, maddə 11, № 11, maddə 882; 2010, № 10, maddə 858; 2013, № 9, maddə 1043; 2014, № 9, maddə 1030; 2018, № 9, maddə 1840; 2019, № 6, maddə 1029; 2022, № 5, maddə 469) ilə təsdiq edilmiş “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 22-ci və 24-cü hissələrindən “rayon (şəhər)” sözləri çıxarılsın.

6. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831, № 11, maddə 1320; 2016, № 6, maddə 1034, № 10, maddə 1612; 2017, № 12 (I kitab), maddələr 2282, 2294; 2018, № 11, maddə 2258; 2019, № 5, maddə 847; 2020, № 7, maddə 878, № 11, maddə 1349; 2021, № 1, maddə 36; 2022, № 4, maddələr 314, 324, № 8, maddə 871) 5.7-ci bəndindən “rayon (şəhər)” sözləri çıxarılsın.

7. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553; 2019, № 1, maddə 61, № 4, maddə 647; 2020, № 8, maddələr 1039, 1044, 1047; 2021, № 8, maddə 919, № 9, maddə 990, № 11, maddə 1217; 2022, № 5, maddə 475; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 noyabr tarixli 1887 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 5.1.8-ci yarımbəndə “verilməsi” sözündən əvvəl “və ya arayışların” sözləri əlavə edilsin;

7.2. 5.1.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.1.9. vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi, onların bərpası və ləğvi;”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji salamatlığın təmin olunması haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji salamatlığın təmin olunması haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 447, № 12, maddə 1406; 2022, № 6, maddə 602, № 8, maddə 893) 2.7-ci bəndində “Şirkət” sözü “Azərsığorta” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1378) 3-cü hissəsində “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin” sözləri “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin”.

Paylaşın:

Digər yazılar