Türkiyə Xarici İşlər Nazirliyi: nə Kiyev, nə də Moskva Ukraynada birtərəfli sülhü qəbul etməyəcək – ÖZƏL
Ukraynaya münaqişənin hər iki tərəfinin qəbul edəcəyi sülh lazımdır.
YeniZamantv.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Eyni zamanda XİN rəhbəri münaqişənin danışıqlar yolu ilə yekunlaşacağına əminliyini ifadə edib.
“Biz səylərimizi davam etdirəcəyik, çünki bu müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanırıq… Bizə hər iki tərəfin qəbul edəcəyi sülh lazımdır.
Bu, hər iki tərəfin iştirakı olmadan mümkün deyil. Birtərəfli sülh nə Rusiya, nə də Ukrayna tərəfindən qəbul edilməyəcək”, – Çavuşoğlu bildirib.
Türkiyəli nazir vurğulayıb ki, Ankara ilk gündən Ukraynadakı münaqişəyə son qoymaq üçün ciddi səylər göstərir.
O qeyd edib ki, hərbi əməliyyatların ilk aylarında “böhranın sonunu qabaqcadan görmək indikindən daha asan olub”.
“Biz tərəfləri əlaqə yaratmağa çağırmışıq və çağırırıq. Ankaranın hər iki dövlətlə əla münasibətləri var.
Ona görə də biz sanksiyaları dəstəkləmədik”, – “Anadolu” agentliyi nazirin sözlərindən sitat gətirib.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Budapeştdə keçirilən görüşdə Ukrayna ətrafında vəziyyətin diplomatik yolla nizamlanması lehinə işləməyə çağırıblar.
Macarıstanın xarici işlər naziri həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsi üzrə danışıqlarda vasitəçilik etdiyinə görə Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edib.