03.12.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Sağlamlıq

Sağlamlıq

Sosial

Ekologiya

Siyasət

Siyasət

Hərb

Xəbərlər

Sosial

Dünya

Araşdırma

Dünya

Əhməd İsmayılov: “Yeni vergi güzəştləri medianın iqtisadi dayanıqlığını daha da möhkəmləndirəcək”

 Əhməd İsmayılov: “Yeni vergi güzəştləri medianın iqtisadi dayanıqlığını daha da möhkəmləndirəcək”

Audiovizual media subyektləri istisna olmaqla, media subyektləri öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 6-da keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

YeniZamantv.az xəbər verir ki, bununla bağlı APA-nın suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırır.

– Əhməd müəllim, media subyektlərinin gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edilməsi hansı zərurətdən irəli gəlir?

– Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ölkənin media subyektlərinin biznes modelinə keçidinin təmin edilməsi məqsədilə media subyektləri, jurnalistlər və ekspertlərlə çoxsaylı görüşlər keçirərək müxtəlif təkliflər alıb. Bütün rəy və təkliflər təhlil edilərək sistemləşdirildikdən sonra Agentlik hazırladığı inkişaf konsepsiyasının müddəalarının müzakirəsi məqsədilə aidiyyəti dövlət orqanlarına müraciət edib. MEDİA Agentliyi və aidiyyəti dövlət orqanları tərəfindən aparılmış araşdırmalara uyğun olaraq, media subyektlərinin vergiyə cəlb olunmasının təkmilləşdirilməsi, bu istiqamətdə daxili bazarın qorunması və rəqabətədavamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə sahəyə tətbiq olunan vergi güzəştlərinin səmərəliliyinin artırılmasına zərurət yarandığı müəyyən edilib. İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin dəstəyi ilə hazırlanan layihə media sahəsində reklam gəlirlərinin leqallaşdırılması, reklam bazarının həcminin artırılması və canlandırılması ilə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə imkan yaradacaq.

Mediaya iqtisadi güzəştləri özündə əks etdirən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu” layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olundu. Layihə audiovizual media subyektləri istisna olmaqla, media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, həmçinin onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən 3 il müddətinə azad olunmasını ehtiva edir. İlkin hesablamalara görə, söhbət 10 milyon manata yaxın güzəştdən gedir.

– Layihədə öz əksini tapmış iqtisadi güzəştlər medianın reklam bazarının yaxşılaşdırılmasına necə təsir göstərəcək?

– İlk növbədə qeyd etməliyik ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət büdcəsindən, o cümlədən digər mənbələrdən maliyyələşdirilmələrinin azaldılması və müstəqil fəaliyyətlərinin təmin edilməsi məqsədilə reklam bazarının həcminin artırılması zəruridir. Mediaya iqtisadi güzəştləri nəzərdə tutan qanun layihəsi medianın reklam gəlirlərinin leqallaşdırılması, reklam bazarının həcminin artırılması və canlandırılması ilə çap və onlayn media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə imkan yaradacaq.

– Media subyektlərinin məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsinin iqtisadi baxımdan faydası necə olacaq? Nə üçün azadolmalar yalnız 3 il nəzərdə tutulur?

– Dövlətin medianın inkişafına dəstək strategiyasında bu sahə ilə bağlı ayrı-ayrı vaxtlarda ƏDV-dən azad etmə təcrübəsi olmuşdur və bu, medianın iqtisadi vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərib. Ötən ilin mayında Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı ƏDV-dən azad edildi. Bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla inkişafına təkan vermiş oldu. Bu dəfə isə parlamentə təqdim olunan layihəyə görə, audiovizual media subyektləri istisna olmaqla, media subyektlərinin istehsal etdikləri media məhsullarının təqdim edilməsinin də ƏDV-dən azad olunması təklif olunur. Komitə iclasında müzakirə zamanı bir sıra millət vəkilləri 3 illik müddətin 5 illə əvəz olunması təklifini səsləndirdilər ki, qanun layihəsinin Milli Məclisin iclasında müzakirəsi zamanı bu məsələnin diqqətdə saxlanılacağını düşünürük.

– Media subyektlərinin biznes modeli kimi güclənməsi media islahatlarının əsas prioritetlərdən olduğunu vurğulayırsınız. Bu istiqamətdə daha hansı addımların atılması planlaşdırılır?

– Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyinin nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Agentlik ilk növbədə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir. Media və biznes strukturları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməyə başlayıb və bu tədbirlər davamlı xarakter daşıyır. Medianın İnkişafı Agentliyinin media və biznes strukturları arasında əlaqələndirici platforma rolunu oynaması media subyektləri tərəfindən dəstəklənir.

Medianın inkişafı yönündə dövlətin verdiyi qərarların məzmununa nəzər salsaq, görərik ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində olub. Medianın İnkişafı Agentliyi də öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurub.

Sevindirici haldır ki, həyata keçirdiyimiz layihələrin müasir dövrün tələbləri ilə uzlaşdığını, mediaya yeni yanaşmanın formalaşmasına zəmin yaratdığını media ictimaiyyəti də bildirir və Agentliyin təşəbbüslərinə pozitiv reaksiya verirlər. Medianın inkişafına nail olmaq məqsədilə irəli sürdüyümüz və icra etdiyimiz bütün layihələr beynəlxalq mediada gedən müasir prosesləri özündə ehtiva edir və Azərbaycan media subyektlərinin peşəkarlığının artırılması ilə yanaşı, onun simasının müasirləşməsini, beynəlxalq rəqabət imkanlarının yüksəldilməsini hədəfləyib. Düşünürük ki, həm dövlətin dəstəyi, həm biznes strukturları ilə əlaqələrin intensivləşməsi, həm də mediamenecmentin təkmilləşməsi nəticəsində mediamızın qarşılaşdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması mümkündür.

Paylaşın:

Digər yazılar