Türkiyədəki zəlzələ ilə bağlı Agentlik QHT-lərə müraciət etdi
YeniZamantv.az xəbər verir ki, Fevralın 8-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd edilib ki, təbii fəlakət baş verən saatlardan etibarən Azərbaycan xalqı və dövləti hörmətli Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə qardaş Türkiyəyə müxtəlif istiqamətlərdə yardım etməyə başlamış və bu yardımlar indi də böyük vüsətlə davam etməkdədir.
Türkiyəyə yardımlar təkcə dövlət qurumları səviyyəsində deyil, adi insanlar və vətəndaş cəmiyyəti institutları səviyyəsində də təşkil olunur. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xalqımız adına toplanan yardım kampaniyasının uğurlu təşkili və ehtiyacı olan insanlara çatdırılmasında xüsusi fəallıq nümayiş etdirir. Belə çətin və həssas məqamda Agentlik olaraq QHT-lərə müraciət edir və Türkiyədə zəlzələdən əziyyət çəkən qardaş və bacılarımıza humanitar yardımın toplanması və müəyyən edilmiş yerlərə çatdırılması işində daha fəal olmağa çağırırıq.
Daha sonra Agentliyin 2022- ci il üzrə hesabatı, layihələr üzrə sənədlər paketinin təsdiqi, Müşahidə Şurasının Rəy Komissiyasının 30.01.2023-cü il 01 saylı iclasının Protokolu və cari məsələlər ətrafında müzakirələr apaırlıb və hər məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilib.