“Bakıda zəlzələ baş verərsə, heç kimə heç nə olmayacaq”
“Bakının özündə 7 və 8 ballıq zonalar var. Mikrorayon tərəflər daha sağlamdır. Respublikamızda isə seysmik ərazilər hər kəsə bəllidir. Əsas seysmik zonalarımız Şamaxıdan başlayır, Zaqatala və Naxçıvana qədər davam edir”.
YeniZamantv.az xəbər verir ki, Bu sözləri Globalinfo.az-a açıqlamasında inşaat mühəndisi Vəli Cəfərov Bakıda binaların zəlzələyə dözümlüyü haqda danışarkən deyib.
O bildirib ki, bundan öncə Bakıda zəlzələ baş versə də, elə böyük dağıntı olmayıbsa, bundan sonra bəzi ekspertlərin qorxunc proqnozu özünü heç doğrultmayacaq:
“Düşünmürəm ki, 2000-ci ildəkindən daha güclü zəlzələ baş versin. Hətta 6-7 bal gücündə zəlzələ olsa da, ciddi bir şey baş verməyəcək. Bəli, bəzi köhnə binalar xəsarət ala bilər. Amma yeni binaların hamısı minimum 8-9 bala hesablanır. Şəxsən mən özüm bir çoxunun tikintisində iştirak etmişəm. Bizdə çoxpilləli nəzarət var. Geoloji strukturlar, Fövqəladə Hallar Nazirliyi (FHN), binanı qəbula götürən komissiya da nəzarət edir.
Allaha şükür, bu gün elə alətlər var ki, 1 metr qalınlıqda betonun üzərinə qoyduqda, onun içində olan bütün armaturları göstərir. Bizdə heç bir binaya 350 markadan aşağı beton istifadə olunmur. Yüksəkmərtəbəli binada yaşayan biri kimi deyirəm ki, bu gün tam rahatam.
Türkiyədə baş verən zəlzələdə diqqətimi çəkən binanın aşması oldu. Fikir versəniz, bina kökündən aşır. Bunun səbəbi də odur ki, həmin binalar yerin üstündə tikilib. Mən hazırda elə bir binada dayanmışam ki, özü 3 mərtəbəlidir amma 6 metr də yerin altındadır.
Rayonlarda evlərə xırda ziyan dəyə bilər. İnanın ki, təkcə rayon və ya həyət evi deyil, eləcə də paytaxta bina evində hər kəs rahat yata bilər. Əmin olsunlar ki, armatur hesabatı yüksək səviyyədə təşkil olunur”.
Vəli Cəfərova Seysmoloji Mərkəzin rəhbəri Qurban Yetirmişlinin 2019-cu ildən tikintilərlə bağlı onlardan rəy alnmadığı barədə fikrini xatırlatdıq.
Həmçinin FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun “Seysmoloji Mərkəzdən rəy alınması tələb olunmur” sözlərini də hörmətli mühəndisin yadına saldıq. Və ondan soruşduq ki, bu iki bir-birinə zidd fikri necə qəbul edək? Bu, bizim Allahın ümidinə qalmağımızdan xəbər verir, yoxsa…?
V.Cəfərovun cavabı: “Məsələ burasındadır ki, Azərbaycanda seysmik zonalar tam işlənilib və bunun üçün xüsusi xəritələr var. İstənilən yeri aç, seysmik gücünü de. Qurban Yetirmişliyə də, müəllimimiz olan Elxan bəyə də böyük hörmətim var. Amma seysmik xəritələr var və orada hər şey açıq şəkildə göstərilir. Hansı zona, hansı bal gücünə hesablanıbsa bilmək olur. Ona görə də, hər dəfə gedib Seysmoloji Xidmətdən icazə almağa ehtiyac yoxdur.
Torpağın strukturunu öyrənmək üçün isə bəli, geoloq lazımdır. Çünki torpaq bir tərəfdə belə, 10 metr kənarda başqa cür ola bilər. Amma seysmologiya dəyişə bilməz”.
“Yasamal, Xırdalan, Masazır və digər ərazilərdə evlər qurudulmuş göl və bataqlıqlar üzərində tikilir. Bəs zəlzələ baş verərsə, həmin ərazilərin aqibəti necə olar” – sualına mütəxəssis belə cavab verib:
“Göl və bataqlıqlar olan ərazilərdə tikilən binaların heç birinin torpaqla təması yoxdur. Ora qazıldıqdan sonra armatur yerləşdirilir, beton tökülür və onların üzərində həmin binalar tikilir. Bütün aidiyyatı qurumlar da bunu yaxşı bilir. Heç kim gedib birbaşa bataqlığın üstündə bina tikmir, tikməz də”.
Vəli Cəfərova növbəti sualımız belə oldu: “Xruşovka” deyilən binalar və bütövlükdə sovet dönəmində tikilmiş evlər zəlzələyə tab gətirəcək gücdədir?
Yoxsa, keyfiyyətcə yeni binalardan zəifdir?
“Xruşovka”ların hündürlüyü 12-13 metrdir. Onların zəlzələdə dağılmaq təhlükəsi o qədər də çox deyil. Çünki onların demək olar ki, eni ilə hündürlüyü eynidir. Bir sözlə, “Xruşovka”lar üçün heç bir təhlükə yoxdur. Sovet dönəmində tikilmiş çoxmərtəbəli binalara gəldikdə isə onların da hamısı 350 marka betonla inşa edilib. Həmin binalarda da heç bir problem görmürəm. Əminliklə deyirəm ki, o evlər də keyfiyyətlidir.
Bir daha deyirəm – əgər Bakıda zəlzələ baş verərsə, heç kimə heç nə olmayacaq. Hər kəs gedib rahat yata bilər”.