Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 11 yaşı- VİDEO
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradilmasından 11 il ötür
YeniZamantv.az təbrik edir.
13 Fevral Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 11-ci ildönümüdür.
Əlamətdar gün münasibətilə Xidmət rəisi, general-polkovnik Arzu Rəhimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.
Daha sonra qurumun yaradılmasının 11 illiyinə həsr olunan mərasim keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib. Xidmət rəisi vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri bu il 100 illiyini təntənə ilə qeyd edəcəyimiz ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənmiş, döyüş qabiliyyətini artırmışdır. Dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsində əldə edilmiş möhtəşəm qələbənin ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti, düşünülmüş strategiyası, möhkəm iradəsi, apardığı qətiyyətli siyasi xəttin sayəsində və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldığı diqqətə çatdırılıb. Vətən müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin icrasının mütəşəkkil qaydada təmin edildiyi ifadə olunub.
General-polkovnik Arzu Rəhimov hesabat dövründə ölkəmizdə çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizmin yaradıldığını və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsaslı işlər görüldüyünü qeyd edib. Ötən 11 il ərzində vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin müvəffəqiyyətlə həyata keçirildiyi bildirilib.
Tədbirdə SHXÇDX rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub.