Tahar Mamuni ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Ali Məhkəməsinin sədri Tahar Mamuni ilə fevralın 13-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun görüşü keçirilib.
Görüşdə yubiley tədbirinin məhkəmə-hüquq sahəsində əlaqələrin genişləndirilməsi və müsbət təcrübələrin mübadiləsi baxımından əhəmiyyəti qeyd olunub.
Nazir ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafını vurğulayaraq bu əlaqələrin möhkəmlənməsində ölkə Prezidenti cənab İlham Əliyevin və Əlcəzairin Prezidenti cənab Abdelmacid Tebbunun xüsusi rolunu, ölkəmizin başçısının ötən il Əlcəzairə səfərini və Ərəb Dövlətləri Liqasının Sammitində Fəxri qonaq statusunda iştirakını qeyd edib, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığa toxunaraq cari ilin martında Bakıda dövlət başçılarının iştirakı ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyası ilə bağlı Sammitinin keçiriləcəyini diqqətə çatdırıb.
Əlcəzairə səfərini xatırladan nazir bildirib ki, iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu dövlətlərarası ilk sənəd olmaqla əlaqələrin dərinləşdirilməsinə təkan verərək bir sıra digər dövlətlərarası sənədlər, o cümlədən cinayət törətmiş şəxslərin ekstradisiyası haqqında müqavilə imzalanıb və səmərəli icra olunur.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən T.Mamuni səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, səfərin məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə rəvac verəcəyini söyləyib. Azərbaycanın Əlcəzair üçün qardaş ölkə olduğunu vurğulayan qonaq respublikamızın ədliyyə və məhkəmə sahəsindəki nailiyyətlərini təqdir edib, iki ölkə arasında hüquqi əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Ölkəsində məhkəmə-hüquq sistemində aparılan islahatlara toxunaraq nümayəndə heyətlərinin mübadiləsinin və yaxşı təcrübələrin bölüşülməsinin əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı xalqlarımızın azadlıq və müstəqillik uğrunda keçdiyi keşməkeşli yoldan bəhs olunub, müstəmləkəçiliyə məruz qalmış Əlcəzair xalqına qarşı kütləvi zorakılıq törədildiyi bildirilib, Azərbaycan xalqının da işğalçılıq, etnik təmizləmə siyasəti ilə üzləşdiyi vurğulanıb.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Böyük Qələbəmizlə torpaqlarımızın uzun illər Ermənistan tərəfindən işğalına son qoyulduğu diqqətə çatdırılıb. Azad edilmiş torpaqlarımızın sürətli bərpasına, ərazilərimizin Ermənistan tərəfindən büsbütün minalanmasına toxunularaq bununla bağlı hazırlanmış xüsusi broşür qonağa təqdim edilib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı