Azərbaycan könüllüləri qida və odun sobaları paylayıblar
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasının bir hissəsi kimi qardaş ölkəyə gedən Azərbaycan könüllüləri fəaliyyətlərinin növbəti günündə də yerli əhaliyə müxtəlif xidmətlər göstəriblər.
Könüllülər ənənəvi olaraq dörd fərqli məntəqədə qida, yardım və dərmanların paylanılması işini təşkil edib, ərazinin tullantılardan təmizlənməsini və digər fəaliyyətləri həyata keçiriblər.
YeniZamantv.az xəbər verir ki, könüllülərin fəaliyyət göstərdiyi ərazidə müxtəlif təyinatlı dörd yeni çadır quraşdırılaraq istifadəyə verilib. Eyni zamanda könüllülərin fəaliyyət ərazisində paylama məntəqəsi quraşdırılıb və ilkin olaraq yerli əhaliyə su və çay, axşama yaxın isə Azərbaycandan gətirilən qida və odun sobaları paylanılıb.
Həmçinin, könüllülərimiz Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) şəhərin müxtəlif ərazilərində çadırlarının qurulmasında da iştirak ediblər. Gün ərzində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri könüllülərimizin düşərgəsini ziyarət edib, yaşayış və xidmət sahələri, eləcə də könüllülərin qida rasionu və dərman ehtiyatları ilə yerindəcə tanış olub. Əlavə olaraq, şəhərdə yerləşdirilmiş hərbi kontingentin nümayəndələri və eləcə də Türkiyədə QHT-lərlə işə məsul olan aidiyyəti qurumun rəhbərliyi də könüllülərimizin fəaliyyət göstərdiyi əraziyə baş çəkib.