Hər hansı bir erməni biznesmenin zühur etməsi Rusiyanın əlində problemli məsələ deyil
Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli Rusiyanın Ermənistanı işğal etməyə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, Ermənistan elə bir həddə gəlib çatıb ki, bütün tərəflərlə müttəfiq olma yoluna gedib.
YeniZamantv.az xəbər verir ki, Əziz Əlibəyli Musavat.com-a açıqlamasında qeyd edib ki, Ermənistanın tutduğu yol xarici siyasətdə bütün güc mərkəzləri ilə balans yaratma siyasəti adlanmalıdır:
“Ermənistanın timsalında isə o, forpost olduğundan belə bir imkanları məhduddur. Proseslər göstərir ki, Azərbaycanla problemi olan bir ölkənin onun ən yaxın müttəfiqi Türkiyə ilə münasibətlərinin kökündə böyük ölkəyə sığınmaq istəyi dayanır. Ermənistan bütün hallarda tarixi dönəmlər üzrə daim dəyişkən müttəfiqlik göstərmiş ölkədir. İndi də Rusiyanı satır, bundan öncə Vudro Vilson ilə 1919-cu ildəki münasibətləri, sonra bolşeviklərlə, Rusiya hakimiyyəti ilə, Qərblə, Türkiyə ilə. Yəni hər kəslə münasibət saxlaya biləcək və ən azından bunun imitasiyasını apara biləcək bir həcmə malikdir. Xüsusən də Qərblə bağlı ortaya qoyduğu performans çox böyük narazılıq doğurub. Bu baxımdan Rusiya hökumət rəhbərlərinin, yüksək rütbəli şəxslərin birmənalı şəkildə onlarla təhdid dilində danışdığını göstərən bəzi proseslər var. Açıq şəkildə deyirlər ki, bu gedişlə Ermənistan müstəqilliyini itirəcək, işğal olunacaq.
Ermənistanın bu mənada ilk növbədə hökumətini dəyişdirmək lazımdır. Təəssüf ki, onlar Ruben Vardanyanın üzərindən bir oyun qurublar, onu Qarabağdan Ermənistana aparmaq istəyirlər. Bunun Azərbaycanla bağlı ciddi narazı tərəfləri var. Bu proses Ermənistan-Azərbaycan münasibətlərinə böyük təsir göstərir. Rusiya və Azərbaycan indiki tarixi şəraitdə çox yaxın münasibətlər inşa ediblər, xüsusən son yarım aydır. Ermənistan Azərbaycanın istədiyi sülhdən qaçır, öz sülh formulları var, biz bunu qəbul edə bilmərik. Həmin formulda Qarabağ, oradakı ermənilərlə danışıq, tərəf olmaq, stul arxasında oturmaq, beynəlxalq müşahidəçilərin Qarabağa yerləşdirilməsi kimi ağlagəlməz təkliflər var. Proses o qədər uzandı ki, artıq Azərbaycan Münxen Təhlükəsizlik Konfransında Qərbin təklif etdiyi Brüssel formatına dəstək çıxdı.
Siyasi şərhçinin sözlərinə görə, hələ ki, Paşinyana alternativ şəxs görünmür:
“Amma sürpriz edə bilərlər. Sadəcə böyük görüntü Ruben Vardanyanın ətrafındadır, bütün mesajlar onu göstərir. Şübhə yoxdur ki, tükənməyən kadrlar var. Yəni Rusiyadan hər hansı bir erməni biznesmenin zühur etməsi Rusiyanın əlində problemli məsələ deyil. Amma hələlik yoxdur. Qarabağ məsələsinin gedişatı dəyişə bilər. Prezident İlham Əliyevin dünən çox sərt mövqeyi oldu. Lavrov da Bakıya gəlir. Düşünürəm ki, Azərbaycanla Rusiya arasında 2025-ci ilə doğru məsələ üzərində ciddi razılaşma olmalıdır. Əks halda biz ötən il bu vaxt müttəfiqlik müqaviləsi bağladığımız Rusiya ilə başqa nə cür davrana bilərik ki? Mütləq torpağımızı azad etməliyik”.