Məhəmməd QULUZADƏ: Beynəlxalq hüquq Qərbi Azərbaycana Qayıdışa təminat yaradır
Beynəlxalq hüququn tələbi ilə Qərbi azərbaycanlıların Ermənistan ərazisində qalan əmlakları üzərində mülkiyyət hüququ hələ də öz qüvvəsindədir. Bu hüququn təmin edilməsi məqsədilə sivil dünyada bir sıra sənədlər və mexanizmlər mövcuddur.
Belə sənədlərdən biri BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası prinsipləridir. Qaçqınların və məcburi köçkünlərin mənzil və əmlaklarının bərpası üzrə BMT-nin xüsusi məruzəçisi Paulo Pinheironun şərəfinə adlandırılan “Pinheiro prinsipləri” mülkiyyətin bərpası proseslərinin qurulması və həyata keçirilməsi üçün hüquqi, inzibati və icra qaydaları təklif edir.
Bu prinsiplər beynəlxalq hüquqda “yumşaq hüquq” xarakteri daşısa da, onun mötəbərliyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2015-ci ilin iyun ayında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki iş (Sarkisyan Azərbaycana qarşı; Çıraqov və digərləri Ermənistana qarşı) üzrə qəbul etdiyi qərarlarda və Avropa Şurasının qətnamələrində (Avropa Şurası Parlament Assambleyasının 1708 (2010) saylı qətnaməsi) bir daha öz təsdiqini tapmışdır.
Bəs Pinheiro prinsipləri Qərbi azərbaycanlıların mülkiyyət hüququ məsələsində hansı imkanlar yaradır?
Pinheiro prinsipləri bərabər olaraq, bütün qaçqınlara, məcburi köçkünlərə və “köçkünə bərabər vəziyyətdə olan digər şəxslərə” şamil edilir. Prinsiplərin 2-ci maddəsinə uyğun olaraq, bütün qaçqınlar və məcburi köçkünlər qeyri-qanuni yolla məhrum edildikləri yaşayış yeri, torpaq və əmlaklarının restitusiyası hüququna (yəni pozuntudan əvvəlki vəziyətin bərpası) malikdirlər. Bu, mümkün olmayan hallarda isə müstəqil və qərəzsiz məhkəmənin müəyyən etdiyi formada yaşayış yeri, torpaq və əmlakın əvəzi ödənilməlidir.
Dövlətlər məcburi köçkünlüyün başa çatdırılması və ədalətli sülhə nail olunması istiqamətində restitusiyanı prioritet alət hesab etməlidirlər. Restitusiya hüququ bütün digər hüquqlardan fərqlidir, çünki qaçqınların və məcburi köçkünlərin geri qayıdıb-qayıtmamasından asılı olmayaraq, onların yaşayış yeri, torpaq və əmlaka olan hüquqlarını təsdiq və təmin edir .
Prinsiplər əlavə olaraq qaçqınların və məcburi köçkünlərin aşağıdakı hüquqlarını da tanıyır:
– ayrı-seçkiliyə məruz qalmamaq hüququ;
– qanun qarşısında bərabərlik hüququ;
– qadın və kişilərin bərabərlik hüququ;
– məcburi yerdəyişmədən müdafiə olunmaq hüququ;
– şəxsi həyat və evə hörmətlə yanaşmaq hüququ;
–əmlakdan sərbəst istifadə hüququ;
– adekvat yaşayış yeri hüququ;
– hərəkət hüququ və öz yaşayış yerini seçmək hüququ;
– təhlükəsiz və ləyaqətli qayıtmaq hüququ;
– kompensasiya almaq hüququ.
Ölkələrin üzərinə bu hüquqları təmin etmək öhdəliyi qoyulub. 12-ci maddəyə uyğun olaraq, qaçqınların və məcburi köçkünlərin yaşayış yeri, torpaq və əmlaklarının restitusiyası tələblərini araşdırmaq və icra etmək üçün “bərabər, vaxtında, müstəqil, şəffaf və ayrı-seçkiliyə yol verməyən prosedurlar, institutlar və mexanizmlər yaradılmalı və dəstəklənməlidir”. Bunu edərkən, dövlətlər iddiaçıların yaşına və cinsinə həssaslıqla yanaşmalıdırlar.
Həmin maddənin müvafiq bəndlərinə uyğun olaraq, bu işləri həyata keçirənlər üçün inzibati, hüquqi və məhkəmə tədbirləri görüməli, müvafiq qurumları adekvat maliyyə, insan və digər resurslarla təmin edilməlidir. Ehtiyac olduqda müvafiq beynəlxalq təşkilatlardan dəstək istənilməlidir. Zərurət olduqda, bununla bağlı yeni qanun və ya qaydalar qəbul edilməli, yaxud mövcud qanunlar və qaydalar dəyişdirilməlidir.
Pinheiro prinsipləri, eyni zamanda, onu da qeyd edir ki, dövlətlər restitusiya məsələlərini sülh sazişlərinə daxil etməlidirlər (maddə 12.6). Dövlətlər yaradılmış restitusiya mexanizmləri barədə məlumatları qaçqınlara və məcburi köçkünlərə həm öz ölkələrində, həm də sığınacaq ölkəsində çatdırmalıdırlar. Bu məlumatlardan savayı, restitusiya tələbi formaları sadə, qaçqınların və köçkünlərin başa düşdükləri dildə hazırlanmalıdır. Bununla əlaqədar hüquqi yardım göstərilməsi (mümkün olduqda ödənişsiz) təmin edilməlidir.
Digər önəmli təminatlardan biri restitusiya tələbi irəli sürən şəxsə qarşı hər hansı bir təqibin və ya cəzanın tətbiq edilməməsi və qərarların qəbulunda müvafiq “şəxslərin, qrupların və icmaların” iştirakının təmin edilməsidir. Eyni zamanda, restitusiya qərarının müvafiq qurumlar tərəfindən icra edilməsinə dair dövlətin öhdəliyi də müəyyən edilmişdir.
Məlumdur ki, restitusiya tələbləri əmlaka dair müvafiq sənədlər üzərində həyata keçirilməlidir. Bu məqsədlə Pinheiro prinsipləri qeyd edir ki, dövlətlər münaqişə dövründə və ya münaqişədən sonrakı dövrdə müvafiq qeydiyyat sistemlərinin məhv edilməməsini təmin etməlidirlər. Yəni ehtiyac olduqda həmin sənədləri başqa yerə keçirməli və ya rəqəmsallaşdırmalıdırlar. Bu sənədlər iddiaçının müraciəti əsasında dövlət tərəfindən ona təqdim edilməlidir.
Restitusiya tələblərini araşdırarkən, dövlətlərin hər hansı məcburetmə və ya beynəlxalq insan haqları hüququ standartlarına zidd həyata keçirilmə nəticəsində mülkiyyət hüququnun özgəninkiləşdirilməsini tanımayacaqları da Pinheiro prinsiplərinin maddələrində öz əksini tapmışdır .
Restitusiya prosesinin bir komponenti olaraq, bütün qaçqınların və köçkünlərin “tam və səmərəli kompensasiya” almaq hüququ vardır . Bu kompensasiya pul və ya digər formada ola bilər. Əgər ev, torpaq və ya əmlak məhv edilibsə, müstəqil və qərəzsiz məhkəmənin qərarı ilə restitusiya faktiki olaraq mümkün deyilsə, mülk sahiblərinin öz əmlaklarını bərpa etmək və ya yenidən tikmək imkanları imkan olduğu qədər təmin edilməlidir .
Sonda qeyd edək ki, Pinheiro prinsipləri ev, torpaq və əmlakın restitusiya hüququnun müdafiəsinə, qaçqınların və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışına görə məsuliyyəti beynəlxalq ictimaiyyətin üzərinə qoyur.
Məhəmməd QULUZADƏ,
Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru
https://xalqqazeti.az/siyaset/124699-beynelxalq-huquq-qerbi-azerbaycana-qayidisa-teminat-yaradir