23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Yeni qitəyə “İki dahi” ilə… – Aynur Sabitova yazır

 Yeni qitəyə “İki dahi” ilə… – Aynur Sabitova yazır
PROFESSOR ƏSGƏR ZEYNALOVUN MONOQRAFİYASI AVSTRALİYADA NƏŞR OLUNUB
Azərbaycan Dillər Universitetinin Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun “İki dahi” adlı əsəri Avstraliyada işıq üzü görüb. Kitab Adelaide şəhərində, “Digital Print Australia” nəşriyyatında çap olunub.

Ölkəsinə, elinə, doğulduğu torpağa qəlbən bağlı olan vətənpərvər alimin əsərlərinin xarici ölkələrdə çıxan bütün nəşrləri kimi, bu kitabı da “Əsgər Məmməd oğlu Zeynalov 1951-ci il sentyabr ayının 27-də İrəvan yaxınlığındakı Zəngibasar mahalının Yuxarı Necili kəndində anadan olmuşdur” cümləsi ilə başlayır və həmin ifadə ilə də tamamlanır. Kitabda ədəbiyyatşünas alimin uzun illər Azərbaycan Dillər Universitetinin Praktik fransız dili və Qafqazşünaslıq kafedralarının müdiri, Tələbə Elmi Cəmiyyətinin sədri, hazırda həmin ali məktəbin Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri olduğu diqqətə çatdırılır.

Ə.Zeynalovun 40-a qədər kitabın, 400-dən artıq elmi-publisistik məqalənin müəllifi olduğu, İranda, Türkiyədə, Rusiyada, Serbiyada, Çində məqalələrinin, Rusiya, ABŞ, Fransa, Almaniya, İngiltərə, Kanada, Hindistan və İsveçdə monoqrafiyalarının çap edildiyi göstərilir.

O da qeyd olunur ki, professor Ə. Zeynalov 2003-cü ildə “Fransız ədəbiyyatında Şərq” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, müəllifin “Hüqo” monoqrafiyası 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunub, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının qızıl medalına layiq görülüb (2019). Müəllif müxtəlif vaxtlarda dahi fransız ədibləri La Fonten, Volter, Hüqo, Balzak, Stendal, Düma, Flobert , Merime və Mopassan haqqında məqalələr dərc etdirib.

Azərbaycan dilindən ingiliscəyə dosent F.Abdullayevanın tərcümə etdiyi “İki dahi” əsərinin mühüm bir qismi Azərbaycanla bağlıdır. Volterin Astiaq əfsanəsinə baxışı, Zərdüştlük haqqında düşüncələri, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir Şahla bağlı fikirləri son dərəcə maraq doğurur. Əsərdə diqqətə çatdırılır ki, Volterin “Zadiq, yaxud Tale” əsərində Zərdüştə tez-tez müraciət olunur, nümunələr gətirilir ki, bu da həm Anketil du Perronun 1771-ci il nəşrini, eləcə də fransız ədibinin “Esse”lərini bir neçə il qabaqlayır.
Professor Ə. Zeynalov bu monoqrafiyasında Volter yaradıcılığının Şərq qaynaqlarına, onun şərq mədəniyyətinə baxışlarını geniş surətdə təqdim edərək belə qənaətə gəlir ki, fransız ədibi bütün elmlərə – kimya, astrologiya, riyaziyyat, tibb, poeziyaya toxunaraq bu sahələrdə Şərq mədəniyyətinin güclü inkişafını və Avropanı bir neçə əsr qabaqladığını tutarlı faktlarla, müqayisələrlə təsdiqləyib.

Fransız ədibin esselərində geniş söz açılan şərq xalqlarından biri də türklərdir: “V əsrdə onlar Roma imperiyasını darmadağın etdilər. İspaniyanı və romalıların Afrikada malik olduğu yerləri tutdular, sonra Babilistan xəlifələrini özlərinə tabe etməsinin şahidi olduq”. Volter türklərin, tatarların, skiflərin eyni mənşəli olduğunu, Atillanın da bu kökə mənsubluğunu yazır.

Fransız ədibi türklərin son dərəcə məğrur olduğunu, sərtliklərini əcdadları skiflərdən alaraq qoruyub saxladıqlarını bildirdikdən sonra, 1453-cü ildə Sultan II Mehmed tərəfindən İstanbulun fəthi üzərində geniş şəkildə dayanır. Konstantinopolu o dövr üçün dünyanın paytaxtı adlandıran Volter, 21 yaşlı II Mehmedin yüksək sərkərdəlik qabiliyyətini, üstün döyüş taktikasını, İstanbulu necə məharətlə aldığını heyranlıqla təsvir edir.

Monoqrafiyada Volterin “Zairə” və “Skiflər” faciələri də geniş surətdə təhlil süzgəcindən keçirilib.

Ə.Zeynalov fransız ədibinin fikirlərini ehkam kimi qəbul etməyərək, məqamı gəldikdə, məsələlərə öz münasibətini bildirir.

Monoqrafiyada bəhs olunan ikinci dahi Viktor Hüqodur. Əgər Volter XIII əsr fransız maarifçiliyinin ən böyük simasıdırsa, Hüqo XIX əsr fransız romantizminin ən böyük nümayəndəsidir.

Tədqiqatçı bu iki mütəfəkkir ədibin yaradıcılığı, həyatı, xarakterləri arasında bir sıra oxşar cəhətləri qabarıq şəkildə təqdim etməyə çalışıb. Bunlardan ən başlıcası hər iki ədibin Şərqə müraciət edib, Şərq mövzusunda əsərlər yazmasıdır. Hüqonun öz sələfi haqqındakı məqalələri də diqqətdən qaçmır.

Araşdırmada Hüqonun həyatının o qədər də asan olmadığı barədə tutarlı faktlar, mülahizələr var və monoqrafyada bu cəhətlər aydın şəkildə təqdim olunub.

 

Paylaşın:

Digər yazılar