Mirhəsən Həsənov: Ermənilərin növbəti məkrli siyasətinin göstəricisi
YeniZamantv.az xəbər verir ki, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov AZƏRTAC-a geniş açıqlama verib.
O, açıqlamasında deyib: Ermənistanın məqsədi Azərbaycan dövlətinə və xalqına qarşı növbəti dəfə ağır cinayət törətməkdir
Bu gün Azərbaycanda və dünyada beynəlxalq standartlara uyğun olaraq ekoloji tarazlığın qorunması əsas məsələlərdən biridir. Ümumiyyətlə ekoloji fəlakətlər nəticəsində böyük itkilər baş verir və eyni zamanda, insanların yaşayış tərzinə çox ciddi zərbələr vurulur. Bununla əlaqədar olaraq Azərbaycan dövləti hər zaman öz hüquqlarından istifadə edərək beynəlxalq təşkilatlar qarşısında lazımlı məsələlər qaldırıb. Otuz il ərzində Azərbaycanın torpaqlarına qarşı edilən təcavüz nəticəsində əsarət altında saxlanılmış ərazilərimizdə xüsusilə ekoloji terrorun törədilməsi ermənilərin məkrli niyyətlərinin bariz nümunəsidir. Əlbəttə, ovaxtkı dövrdə ermənilər meşələrin qırılması ilə birbaşa ekoloji terror törədir, həmçinin bəşəriyyətə, dövlətimizə, xalqımıza qarşı çox ciddi zərbələr vurmağa çalışırdılar. Azərbaycan ərazisinə çaylara, yəni içməli su və digər su mənbələrinə edilən müdaxilələr nəticəsində təbiətə çox ciddi ziyan vurulub. Otuz il ərzində və hazırda da Ermənistanın düşmən münasibətləri nəticəsində bu proses hələ də davam etməkdədir.
Mirhəsən Həsənov qeyd edib ki, Ermənistanın törətdiyi digər ekoloji terror faktlarını, xüsusilə də Oxçuçayın çirkləndirilməsini xatırlada bilərik: “Bununla yanaşı, yenidən Azərbaycanla sərhəddə çirkin niyyət ortaya qoymaları və metallurgiya zavodunun tikintisinə üstünlük vermələri bir daha ermənilərin məkrli siyasətini göstərir. Əslində hazırda onların həmin zavodu tikməkdə məqsədləri Azərbaycan dövlətinə, xalqına qarşı düşmənçilik mövqeyi sərgiləməklə növbəti cinayət törətməkdir. Belə ki, Ermənistan 30 ildən artıq müddətdə işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi ekoloji terroru Naxçıvan Muxtar Respublikası ilə sərhəddə davam etdirməyi planlaşdırır. İllik istehsal gücü 180 min tondan çox olan Arazdəyən kəndində inşa olunan metallurgiya zavodu kifayət qədər böyük tullantı və zəhərli qazı havaya buraxacaq. Azərbaycan bu cür ekoloji cinayətə göz yuma bilməz.
Ərazidə iri metallurgiya zavodu tikməklə Ermənistan beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozur. Konvensiyaya görə, belə layihələrin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyət həmin dövlətin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Başqa sözlə, Ermənistan Espo Konvensiyasının üzvü olaraq həmin fəaliyyətə başlamazdan əvvəl layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda ölkəmizin də iştirakını təmin etməli idi. Əgər rəsmi İrəvan üçün metallurgiya zavodunun yaradacağı çirklənmə heç bir əhəmiyyət daşımırsa, o zaman müəssisəni Azərbaycan sərhədlərindən uzaqda, Ermənistanın dərinliklərində inşa edə bilərlər”.
Onun sözlərinə görə, Ermənistan unutmamalıdır ki, metallurgiya zavodunun inşa olunduğu Arazdəyən ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. Bu səbəbdən də həmin ərazilərin ekoloji vəziyyətinə Azərbaycan ictimaiyyətinin həssas yanaşması məntiqlidir. Vaxtilə yurd-yuvasından didərgin düşmüş Qərbi Azərbaycan icmasının üzvləri zaman yetişdikdə Ermənistanın müxtəlif bölgələrinə, o cümlədən də Arazdəyənə qayıdacaqlar. Sözügedən metallurgiya zavodu regionda qıt olan içməli su ehtiyatlarını ciddi təhdid altına alır. Dünya təcrübəsi göstərir ki, bir ton əlvan metalın istehsalı üçün dörd min kubmetr su istifadə edilir. Metallurgiya sənayesi tullantılarının yalnız 34 faizi tamamilə utilizasiya olunur, qalan 66 faiz isə ətraf mühitdə tullantı şəklində əbədi olaraq qalır.
Bu gün Ermənistanda ən vacib məsələlərdən biri də 1977-ci ildə istifadəyə verilmiş Metsamor Atom Elektrik Stansiyasının qəzalı vəziyyətdə olmasıdır. Həmin dövrdən indiyədək bu stansiyanın istismarı davam edir. Baxmayaraq ki, bununla əlaqədar dəfələrlə beynəlxalq təşkilatlar bu məsələni qaldırıb və onun istismar müddətinin başa çatmasını bəyan ediblər. Stansiyanın bağlanması tələbi ortaya qoyulmasına baxmayaraq, indiyədək bu tələb yerinə yetirilməyib. Ermənistanda Avropa İttifaqının ali nümayəndəliyinin rəhbəri hələ 2005-ci ildə demişdi ki, Ermənistandakı bu stansiyanın istismardan çıxarılması Avropa İttifaqının əsas məqsədi kimi qalır. Buna rəğmən indiyə qədər bu məkrli siyasət davam edir və Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırılmayıb. Əslində bu stansiya yalnız Azərbaycan üçün deyil, bütün region üçün böyük təhlükə mənbəyidir.
İctimai Birliyinin sədri bildirib ki, 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ağır faciələrlə nəticələnməsi Ermənistan üçün dərs olmadı. Yəni həmin il Çernobıldakı stansiyanın sıradan çıxması böyük faciələrə səbəb oldu. Bu stansiyada qəza baş verməsi nəticəsində 600 mindən çox insan zərər çəkdi. Baxmayaraq ki, Çernobıl Atom Elektrik Stansiyası Metsamordakı stansiyadan fərqli olaraq, beynəlxalq standartlara uyğun tikilmiş stansiyası kimi qələmə verilmişdi. Amma təəssüflər olsun ki, həmin stansiya beynəlxalq standartlara yox, qəza baş verən zaman adi standartlara belə cavab verməmiş və faciə nəticəsində çoxlu sayda insanların ölümünə səbəb olmuşdur.
“Belə cinayətlərin Ermənistan tərəfindən Azərbaycana qarşı törədilməsi bir daha ermənilərin xislətini nümayiş etdirir. Onlar heç vaxt Azərbaycan dövlətinə qarşı normal mövqe ortaya qoymayıb. Çünki ermənilərin hazırda sərgilədiyi yanaşma Azərbaycan dövlətinin rəhbərinin ortaya qoyduğu mövqedən tamamilə fərqlidir və düşmənçilik siyasətini əks etdirir. Yəni Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etməsinə baxmayaraq, bütün beynəlxalq qanunlara əsaslanaraq onun öz ərazisində yaşayan millətlərin hüquq və mənafelərinin müdafiəsində qətiyyətli mövqeyini ortaya qoyur. Buna rəğmən, hazırda Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsinə çox ciddi əngəllər törədir. Bütün bunlar ermənilərin xislətidir, onların bu gün digər xalqlarla birlikdə yaşaya bilməməsi və düşmənçilik prinsipləri yeritməsi qarşı tərəfi tam şəkildə açıq şəkildə ifşa edir”, – deyə M.Həsənov vurğulayıb.