24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Dini dəyərlərin təbliğində medianın rolu: stereotiplər və problemlər

 Dini dəyərlərin təbliğində medianın rolu: stereotiplər və problemlər

Azərbaycan hər kəsin vicdan və dini etiqad azadlığının təmin edildiyi dünyəvi dövlət kimi bu gün beynəlxalq miqyasda azsaylı uğur nümunələrindən biri kimi xüsusi diqqət mərkəzndədir. Ölkəmizin yaratdığı bu nümunənin xarakterik xüsusiyyətlərini öyrənib onu öz təcrübəsində tətbiq etmək istəyənlər də var, Azərbaycanın bu sahədə nailiyyətlərinə zərbə endirmək arzusunda olanlar da. Bu mənada təsadüfi deyil ki, Azərbaycanda dini tolerantlıq mühiti hər iki tərəfin öz məqsədlərinə çatması üçün xüsusi araşdırma predmetidir.

Sosial münasibətlərdə sabitliyin qorunması zəruri şərtdir, bunun üçün isə…

Ölkəmizdə dövlət dinlə bağlı siyasətini dünyəvi və dini dəyərlər sistemləri arasında harmonik birgəyaşayış, qarşılıqlı hörmət əsasında həyata keçirir. Dini qurumların fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin dünyəvi prinsipi onlarının fəaliyyətinə müdaxiləsinin qarşısını almaqla dinin və bütün kultların dövlətdən ayrılmasına dair Konstitusiya normalarının həyata keçirilməsini ehtiva edir. Lakin qloballaşmanın çağırış və təhdidləri fonunda dünyəvilik prinsiplərinin pozulmasına cəhdlər edilir. Bu baxımdan dövlət, vətəndaş cəmiyyəti və media dinlə bağlı məsələlərin maarifləndirilməsi istiqamətində daha konsentrasiyalı iş aparmalıdır.
Bundan başqa, ekstremizm və terrorizmin qarşısının alınması prosesində vətəndaşların dini məsələlər, dünyəvi dövlətin qanunvericilik əsasları, insan hüquq və azadlıqları barədə məlumatlılığının artırılması mühüm rol oynayır. Bu baxımdan cəmiyyətin yuxarıda qeyd olunan bütün aktual problemləri ilə bağlı ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin rolu həmişəki ilə müqayisədə daha da artır. Sosial münasibətlərdə sabitliyin qorunması üçün də bu, mühüm amildir.
Təbii ki, müasir şəraitdə Azərbaycanda dövlət, ictimai media ilə yanaşı, müxtəlif növ media – beynəlxalq qeyri-kommersiya, “amerikapərəst”, “rusiyapərəst”, “qərbyönlü”, dini və sair KİV-lərə rast gəlmək mümkündür. Bundan əlavə, internet və informasiya texnologiyalarının inkişafı ilə əlaqədar əhalinin internet resurslarından istifadə səviyyəsi yüksəlir ki, bu da müasir medianın internet saytlarında dinə aid materialların daha səriştəli işıqlandırılmasını tələb edir. Amma etiraf olunmalıdır ki, bu günə qədər Azərbaycanda müasir şəraitdə dini məsələlərin işıqlandırılmasında medianın rolu problemləri kifayət qədər öyrənilməyib. Halbuki, bu problemin öyrənilməsinə böyük zərurət var. İndiki halda dini məsələlərin işıqlandırılmasında medianın rolunun öyrənilməsində mühüm sual budur: Demokratik prinsiplərin və dəyərlərin formalaşması prosesində dini mövzuların işıqlandırılmasında medianın rolu nədir? Aparılan müşahidələrə əsasən, belə qənaətə gəlmək olar ki, əvvəla, bu gün yerli mediada din sahəsində dövlət siyasəti, dini qurumların fəaliyyəti, ölkədə və regionda dini vəziyyət, milli təhlükəsizlik kimi məqamlara daha çox toxunulur. Xüsusən də dini fanatizmə uyanlar, yalançı dini çağırışlar əsasında başqa ölkələrdə hərbi əməliyyatlarda iştirak etmək üçün gedənlər də medianın xüsusi diqqət mərkəzindədir.
Təbii ki, yuxarıda sadalanan bu problemlər təkcə Azərbaycanın deyil, dünyanın digər bir sıra ölkələrinin də üzləşdiyi müasir çağırışlar və qloballaşma təhlükələri ilə bağlıdır. Bu cür problemlərin mediada işıqlandırılması çox zəruridir, lakin onlar daha hərtərəfli öyrənilməyi, ümumilikdə obyektiv və etibarlı məlumatların verilməsini tələb edir. Bundan əlavə, ölkədə dini durum müasir mediadan dini məsələlərin işıqlandırılmasında köklü yeni yanaşma və metodlar işləyib hazırlamağı, o cümlədən dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı fəaliyyətində əlaqələndirici həlqəyə çevrilməsini tələb edir.
İkincisi, dinlə bağlı əksər nəşrlər xəbərlər verməklə fəaliyyətini məhdudlaşdırır. Təhlükəsizlik, dinşünaslıq, ilahiyyat sahəsində ekspert və mütəxəssislərin rəylərini, habelə dövlət orqanlarının, nümayəndələrin rəylərini özündə əks etdirən analitik materillar xeyli azdır. Bu məsələyə xüsusi diqqət olunmalıdır, çünki onlar maarifçilik baxımından zəruri əhəmiyyət kəsb edirlər.
Ümumiyyətlə, mediada dini mövzuda bir çox materialların dərin təhlilə və ekspert rəyinə ehtiyacı var. Məsələn, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı mövzular, dini qurumların və onların havadarlarının fəaliyyəti, soydaşlarımızın başqa ölkələrdə hərbi əməliyyatlarda iştirak etmək üçün göndərilməsinin, bəzi şəxslərin qonşu İranın zərərli dini çağrışlarına riayət etməsinin səbəbləri, amilləri və nəticələri xüsusi vurğulanmalıdır. Üçüncüsü, yerli KİV-lərin əksər nəşrləri heç də həmişə jurnalistikanın ümumi prinsip və normalarına, eləcə də medianın özünün bəyan edilmiş prinsiplərinə uyğun gəlmir. Yuxarıda deyilənlərə əsaslanaraq belə qənaətə gəlmək olar ki, yerli mətbuatda, bir qayda olaraq, ölkənin dini vəziyyəti ilə bağlı dərin ekspert təhlili yoxdur. Bu və digər nöqsanlar müəyyən səbəblərdən, ilk növbədə, dini mövzuların işıqlandırılması ilə məşğul olacaq profilli mütəxəssislərin, nəşrlərin, qəzet və jurnalların olmamasından, din problemlərini işıqlandıran bəzi jurnalistlərin peşəkarlığının aşağı olmasından, onların dini məlumatsızlığından qaynaqlanır. Belə halların aradan qaldırlması üçün müvafiq dövlət qurumlarının konkret addımlar atmasına böyük ehtiyac var. Dini məsələlərin işıqlandırılmasında mühüm istiqamət həm də hərtərəfli və obyektiv təhlil aparmaq üçün ilk növbədə ekspert icmalarının cəlb edilməsidir.

Dövlət, vətəndaş cəmiyyəti institutları və medianın qarşılıqlı faydalı əməkdaşlığına böyük zərurət var

Nəzərə alınmalıdır ki, indi bir sıra radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını davam etdirməyə çalışırlar. Bunun qarşısını isə məhz media və dinlə bağlı müvafiq dövlət qurumlarının birgə işbirliyi sayəsində almaq mümkündür.
Hazırda media dünyəvi dövlətdə dini münasibətlər sahəsində ziddiyyətlərin və ya konstruktiv dialoqların səbəbkarına çevrilə bilər. Bu baxımdan, bu gün bütün yerli KİV məsuliyyət hiss etməlidir ki, onların sözləri cəmiyyətdə sabitliyin və əmin-amanlığın yaranmasına, çoxkonfessiyalı və çoxmillətli əhalinin inteqrasiyasına töhfə verə bilər, ya da onları əks qruplara parçalaya bilər. Təhlükə ondan ibarətdir ki, ələ alınmış media və jurnalistlər dinlə bağlı sadə faktlardan, insanların həyatının dini xüsusiyyətlərindən siyasi məqsədlər üçün istifadə edə bilərlər. Bundan başqa, jurnalistlərin din problemlərinin işıqlandırılmasında peşəkarlıq səviyyəsi bütövlükdə ölkədəki dini duruma ciddi təsir göstərəcək. Bu baxımdan ölkədə dini durumun yaxşılaşdırılması üçün dövlət, vətəndaş cəmiyyəti institutları və media qarşılıqlı faydalı siyasət həyata keçirməlidir.
Dövlətin dini sahədə siyasətinin həyata keçirilməsinə yanaşması dörd əsas prinsipi rəhbər tutur: Azərbaycan suveren, hüquqi, dünyəvi və sosial dövlətdir. Konstitusiyaya uyğun olaraq Azərbaycan dinin dövlət idarəçiliyindən ayrı olduğu dünyəvi ölkədir. Dini qurumlar dövlət idarəçiliyi prosesinə qarışa, siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Lakin eyni zamanda, Azərbaycan Konstitusiyası vicdan və din azadlığına təminat verir, burada hər bir insanın dinini, etiqadını sərbəst şəkildə seçmək, digər inanclara malik olmaq hüququ var. Heç kəs öz əqidəsini ifadə etməyə və ya onlardan imtina etməyə məcbur edilə bilməz. Burada xüsusi vurğulanmalıdır ki, Azərbaycan ötən əsrin sonunda müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin geniş fəaliyyəti nəticəsində ölkədə din və etiqad azadlığı tam təmin edildi, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi. Bu fonda dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsub olan insanlara bərabər şərait yaradıldı. Ümummilli Lider milli-dini dəyərlərimizin qorunmasında, İslama ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyətilə böyük rol oynadı və bu soyasət Prezident İlham Əliyev tərəfindən layiqncə davam etdirilir. Məhz bu şəraitdə media da ölkədəki dini vəziyyətin, dünyəvi şəraitdə dinə və demokratiyaya konstruktiv münasibətin formalaşmasında məsuliyyət daşımalı, ölkədə sabitliyin qorunmasında fəal iştirak etməlidirlər. Etiraf olunmalıdır ki, son illər mediada din məsələsinə, ilk növbədə ölkədəki dini duruma diqqət artır. Amma dini mövzuların işıqlandırılmasında yuxarıda sadalanan problemlər də həllini tapmalıdır.
Təbii ki, jurnalist öz peşə missiyasına uyğun olaraq təkcə cari hadisələrin xəbərçisi ola bilməz. Jurnalist işinin mənəvi komponenti cəmiyyət tərəfindən müəyyən hadisələrin və hərəkətlərin qavranılmasına təsir göstərmək bacarığıdır. İlk növbədə, bu, cəhalətə, dini fanatizmə qarşı mübarizəyə aiddir. Bu mənada jurnalistin əlindəki mikrofon və ya videokamera bacarıqlı bir əsgərin əlindəki avtomat və tapança ilə eyni mübarizə vasitəsidir. belə vəziyyətdə jurnalist nəzərə almalıdır ki, orta əsr cəmiyyəti ilə müqayisədə bəzən daha çox mifolojiləşən müasir cəmiyyətdə dini qurumlar öz ictimai imicini yaratmaq üçün tez-tez humanitar və informasiya texnologiyalarından istifadə edirlər. Müasir dünyanın paradoksu ondan ibarətdir ki, müxtəlif mənbələrdən əldə olunan məlumat artıqlığı ilə insan və cəmiyyət daha az sübuta əsaslanan məlumat alır və getdikcə daha çox mifologiyanın qurbanına çevrilir. Məhz bu üsullar dini təşkilatlar tərəfindən tez-tez istifadə olunur, xüsusən də yeni tərəfdarların axtarışı, təbliğat və missiya doqmanın əsas elementlərindən biridir. Məhz buna görə də dini mövzulara müraciət edərkən media təmsilçilərindən sui-istifadə, onu siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və mövzuya həssaslıqla yanaşmalıdırlar. Məzhəbçiliyin güclənməsi, eləcə də xurafat meyillərinin çoxalması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması kimi hallar nəzərə alınmalıdır. Bu vəziyyətdə cəmiyyətə həm totalitar təriqətlərin təzyiqlərinə, həm dini ekstremizmin təbliğatına, həm də qondarma qrupların nümayəndələrinin təmtəraqlı sosial-mifoloji təbliğatına müqavimət göstərməyə imkan verən dini araşdırma və dini metoda əsaslanan analitik jurnalistikaya daha çox ehtiyac duyur.
Elnurə Abuşova,
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”

Paylaşın:

Digər yazılar