20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qruplar arasında qalan Vitali Balansanyanın həbsi: Xankəndidə növbə kimindir?

 Qruplar arasında qalan Vitali Balansanyanın həbsi: Xankəndidə növbə kimindir?

“Vitali Balasanyanın qondarma qurum tərəfindən hədəfə alınması müəyyən müəmmalı məqamlardan xəbər verir”. 

YeniZamantv.az  Cebhe.info-ya istinadən  xəbər verir ki, bunu tanınmış jurnalist Asəf Quliyev  şərhində Birinci Qarabağ müharibəsində erməni silahlı birləşmələrinin komandanlardan biri – Vitali Balasanyanın saxlanılmasının səbəbləri barədə danışarkən  bildirib.

Belə ki, iyulun 13-də Xocalı rayonunun Əsgəran şəhərində erməni general Vitali Balasanyan, oğlu və əmisi oğlu öz evində separatçı-terrorçu rejimin “hüquq-mühafizə orqanları” tərəfindən saxlanılıb. Evdə axtarış aparıldıqdan sonra onlar “xüsusi xidmət orqanları”na aparılıblar. “Hraparak” nəşrinin gecə saatlarında yaydığı məlumatda qeyd olunub ki, Balasanyan saxlanılan zaman zorakılığa məruz qalıb. Bu haqda onun vəkili Rafael Martirosyan məlumat paylaşıb. “Hraparak” qəzeti vurğulayır ki, Vitali Balasanyan “çirkli pul”ların yuyulmasında və müharibə zamanı 80 milyon dramın mənimsənilməsində ittiham olunur.

Bununla yanaşı, Qarabağdakı erməni mənbələri Balasanyanın həbsini 2018-ci ildə general Manvel Qriqoryanın işi ilə müqayisə edərək, bunu “Tuşonka 2 əməliyyatı” adlandırıb.

Məsələyə münasibət bildirən Asəf Quliyev Vitali Balasanyana qarşı olan hücumu sovet dövründə “KQB”-nin siyasi oyunlarına bənzədib:

“Əldə etdiyim məlumata görə, Vitali Balasanyan evində axtarış aparılmasına etiraz edən zaman qondarma rejimin “hüquq-mühafizə orqanları”nın əməkdaşları ilə mübahisə edib və Balasanyan onlara qarşı zorakılıq tətbiq edilməsi maddəsi ilə saxlanılıb. Ancaq ona işgəncə verilməsi ilə bağlı məlumatlar hələ öz təsdiqini tapmayıb.

Balasanyanla bərabər oğlu və əmisi oğlu də saxlanılıb. Ümumiyyətlə, onların üçünün də saxlanılması müəyyən müəmmalı məqamlardan xəbər verir. Erməni mediasında yayılan məlumatlarda qeyd olunur ki, Balasanyanın oğlu Ermənistanın banklarından külli miqdarda kredit götürüb və kreditin yaratdığı problemlər səbəbindən qondarma qurumun hüquq-mühafizə orqanlarında ona qarşı cinayət işi açılıb.

Əgər Balasanyanın oğlu bankdan kredit götürübsə və ya hər hansı korrupsiya əməlində iştirak edibsə, onu oğlunun qanunsuz işlərinə görə saxlamaq bir az yersiz görünür. Əslində bu, daha çox vaxtilə “KQB” sisteminin atdığı addımlara bənzəyir. Yəni “KQB” hədəf götürdüyü şəxsləri onların yaxınlarını həbs etməklə aradan qaldırmağa çalışırdı”. 

A.Quliyevin sözlərinə görə, rus sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdə mövcud siyasi vəziyyət gərginləşməyə doğru gedir.

“Sözsüz ki, son zamanlar Qarabağda ermənilərin məskunlaşdığı ərazilərdə baş verən proseslərdə Vitali Balasanyan müəyyən qədər görünmürdü. Qeyd edim ki, həmin ərazilərdə iki siyasi cəbhə bir-birinə qarşı ciddi mübarizəyə cəlb olunub. Cəbhələrdən biri Paşinyanın tərəfdarlarıdır, onlara əsasən qondarma qurumun sabiq “müdafiə naziri” Samvel Babayan rəhbərlik edir. Digər cəhbədə isə Rusiyanın müəyyən hərbi-siyasi dairələrinin himayə etdiyi Ruben Vardanyanın tərəfdarlarıdır.

O ki qaldı Basanyanın saxlanılmasına hansı qüvvələr rəvac verib, bunu indi dəqiq demək çətindir. Bəlli olan odur ki, Vitali Balasanyan nə Paşinyanın, nə də Vardanyanın tərəfdarlarına sərf edir. Ola bilsin ki, onun saxlanılmasının arxasında duran səbəb bununla bağlı ola bilər. Hazırda Balasanyan iki qüvvə arasında qalıb. Yəqin ki, bu gün ərzində Balasanyanın saxlanılması barədə dəqiq məlumatlar veriləcək”. 

Asəf Quliyev onu da vurğulayıb ki, növbəti hədəfdə qondarma qurumun “özünümüdafiə ordusunun komandanı” Samvel Babayan ola bilər:

“Əgər doğrudan da onun saxlanılmasının arxasında rus sülhməramlılarının rəhbərliyi dayanıbsa, şübhəsiz ki, növbəti hədəfdə Samvel Babayan ola bilər. Yaxud Balasanyanla bağlı hadisənin arxasında Samvel Babayan və onun tərəfdarları dayanıbsa, böyük ehtimalla, növbəti hədəf Ruben Vardanyan olacaq və Qarabağda ermənilər arasında qarşıdurmanı daha da intensivləşdirəcək”. 

A.Quliyev əlavə edib ki, Vitali Balasanyanın Ermənistanda “tuşonka generalı” kimi tanınan Manvel Qriqoryanla müqayisə edilməsi düzgün deyil:

“Çünki Vitali Balasanyanın bu günə qədər korrupsiya əməllərində və ya hər hansı gizli maliyyə sövdələşmələrində adının hallanması ilə bağlı məlmatlara rast gəlinməyib”. 

Xatırladaq ki, Qarabağda azərbaycanlılara qarşı cinayət törədən canilərindən biri olan Vitali Balasanyan 1988-ci ildə Əsgərənda erməni “özünümüdafiə” dəstələrindən birinə rəhbərlik edib. 1990-cı ildə keçmiş Əsgəran rayonunun “özünümüdafiə qüvvələrinin komandiri” təyin olunub. 1996-1998-ci illərdə diviziya komandiri, 1998-1999-cu illərdə tanınmayan qondarma qurumun “müdafiə ordusu”nun komandirinin müavini, 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə terrorçu rejimin “müdafiə nazirinin müavini” olub. 2000-2005-ci illərdə “Müharibə Veteranları Birliyi” adlı ictimai təşkilata rəhbərlik edib.

Yunis Abdullayev
Cebhe.info

Paylaşın:

Digər yazılar