Hikmət Hacıyev: Peşəkar jurnalistilər üçün imtiyazlar olmalıdır
Jurnalistlərin müharibə və münaqişədən sonrakı dövrdə təhlükəsizliyi vacibdir.
YeniZamantv.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, Şuşa Azərbaycan xalqının cəsarətinin, azadlığının və sülhün simvoludur.
Hikmət Hacıyevin sözlərinə görə, Forumun bu şəhərdə keçirilməsi və məhz bu günə təsadüf etməsi təsadüfi deyil: “Bu gün Azərbaycanda milli media günü qeyd edilir”.
Hikmət Hacıyev çıxışında Azərbaycan mediasının tarixi barədə də danışaraq bildirib ki, ictimai siyasi fikrin, Azərbaycan xalqının amallarının formalaşmasında “Əkinçi”nin vacib rolu olub: “”Əkinçi” yalnız kənd təssərüfatından bəhs etmirdi, ictimai siyasi vəziyyət barədə cəmiyyəti xəbərdar edirdi”.
O bildirib ki, bu intelektual forumda müasir medianı gözləyən təhdidlər, çağırışlar müzakirə olunacaq.
“Bu, intellektual bir tədbirdir və ictimai-siyasi xadimlər, jurnalistlər bir araya toplanaraq medianın gələcəyini müzakirə edirlər”.
Hikmət Hacıyev deyib ki, indi istehlakçılar data əsaslı, dəqiq və yığcam informasiya istəyir, lazımi xəbərləri bir araya gətirmək, onu operativ şəkildə çatdırmaq tələb olunur.
Prezidentin köməkçisi peşəkar və vətəndaş jurnalistikasına da toxunub və əlavə edib ki, sosial mediaya görə bunlar arasında rəqabət də var:
“Jurnalistlər üçün imtiyazlar olmalıdır. Onlar təzyiq altında çalışır, zamanla yarışırlar. Mediada rəqabət xüsusilə də sürət və operativlik rol oynayır”.
H. Hacıyev əlavə edib ki, Azərbaycan mediası da bu çağırışlarla üzləşir.
Hikmət Hacıyev müharibə və münaqişədən sonrakı dövrdə jurnalistlərin üzləşdiyi təhlükələri də vurğulayıb.
O bildirib ki, birinci Qarabağ müharibəsi zamanı beynəlxalq mediada Azərbaycanın üzləşdiyi faciələrə çox az yer verilib: “Şuşa şəhərinin işğalı barədə xəbərlər yox idi. Avropa qitəsində ən böyük qətliam baş vermişdi – Xocalıda baş vürənlər barədə o zaman beynəlxlaq mediada çox az informasiya getmişdi”, – deyə Hikmət Hacıyev əlavə edib.
Prezidentin köməkçisi müharibə dövründə öz peşəsini yerinə yetirən bütün jurnalistləri də xatırlayıb. O deyib ki, müharibə dövründə və sonra da azərbaycanlı jurnalistlər həlak olub: “Jurnalistlərin müharibə və münaqişədən sonrakı dövrdə təhlükəsizliyi vacibdir”.