…şəxsən Prezident ciddi iradə ortaya qoyursa,tayfa prinsiplərini kənara qoyub, vahid amal ətrafında birləşmək gərəkdir
Şəmsi Səmədzadə kimi tanınmış zodlu icmanın tədbirində niyə iştirak etməyib?..
Dünən Qərbi Azərbaycan İcmasının tərkibində Zod icmasının Göygöl nümayəndəliyinin yaradılması ilə bağlı tədbir keçirilib. 300-ə yaxın zodlunun iştirak etdiyi tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və vaxtı ilə Qərbi Azərbaycandan, Zod mahalından zorla deportasiya edilmiş və rayonda məskunlaşmış bir qrup ağsaqqal və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin yekununda Əhliman Əmiraslanov yeni yaradılan nümayəndəliyin sədri seçilib.
Çox maraqlıdır ki, Göygöldə yaşayan tanınmış zodlulardan olan və bu yaxınlarda Prezidentin əfv sərəncamı ilə ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə sözügedən tədbirdə iştirak etməyib. Bunu haradan bildim? Dünən mənə ölkəmizin hüdudlarında olan və Rusiyada yaşayan bir neçə zodlu zəng etdi.
Mən həmin adamları tanımıram. Ancaq hiss etdim ki, onlar məni tanıyır. İstəkləri bu idi ki, Şəmsi Səmədzadə tədbirdə işirak etməməsinin səbəbilə bağlı nəsə yazım. Fikirlərini belə izah etdilər ki, əslində, Şəmsi Səmədzadə həmin tədbirdə iştirak etmək istəyib, ancaq zodlular buna razı olmayıb.
Sual oluna bilər: hörmətli zodlular niyə məhz mənə bu yazını yazdırmaq istəyirlər?
Çünki Şəmsi Səmədzadə 22 illik həbsdən çıxanda onunla bağlı yaradılan süni ajiotaja yeganə jurnalist kimi məhz mən aydınlıq gətirdim və onun kim olduğu, əslində niyə həbs edildiyi ilə bağlı geniş yazı ilə çıxış etdim. İndi bunlar elə bilirlər ki, mən belə yazı yazmışamsa, deməli, Şəmsi Səmədzadə ilə aramda tarixi düşmənçilik var, buna görə də hər an onu “vurmağa” fürsət axtarıram.
Qətiyyən belə deyil! Mən jurnalist fəaliyyətimdə heç vaxt kiməsə qarşı qərəz nümayiş etdirmirəm və sifarişlə isə ümumiyyətlə nəsə yazmıram. Hesab edirəm ki, şəxsi keyfiyyətlərindən asılı olmayaraq, Göygöldə yaşayan istənilən zodluya həmin tədbirdə iştirakla bağlı şərait yaradılmalıydı. Xüsusilə də Şəmsi Səmədzadə kimi tanınmış bir zodlunu prosesdən kənar saxlamaq icmanın petspektivi üçün yaxşı nəsə vəd etmir. Ən azından bu parçalanmaya, fikir ayrılığına gətirib çıxara bilər.
Çünki bu şəxsin tədbirə buraxılmamasının səbəbini mənə izah edən adamların danışığlndan belə başa düşdüm ki, arada tayfa ədavəti, hansısa şəxsi prinsiplər var. Maraqlıdır ki, məlumatı verən şəxslərdən heç biri infarmator kimi adının çəkilməsini istəmədi. Yəni ilanı Seyidəhməd əli ilə tutmaq niyyəti ilə məni önə verməyə çalışdılar. Təbii ki, azdan-çoxdan təcrübəsi olan bir jurnalist kimi mən belə oyunlara getmərəm.
Ancaq şəxsi fikirim budur ki, Qərbi Azərbaycan İcmasının formalaşması istiqamətində dövlətimiz və şəxsən Prezident ciddi iradə ortaya qoyursa, bu istiqamətdə gedən işlərdə şəxsi münasibətlər, tayfa prinsiplərini kənara qoyub, vahid amal ətrafında birləşmək gərəkdir. Kimin ona qarşı münasibətinin necə olmasından asılı olmayaraq, Göygöldə yaşayan Şəmsi Səmədzadə kimi tanınmış zodlunun da belə tədbirlərdə iştirak etməsinə mütləq mənada şərait yaradılmalıdır.