Hikmət Hacıyev: Ermənistan daxilindəki güclü qüvvələr vəziyyətin dəyişməsini istəmir
Ermənistan Baş nazirinin Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu açıq şəkildə etiraf etməsi həm də o mənaya gəlir ki, etnik mənsubiyyətindən asılı olmayaraq, orada yaşayanların qayğısına qalmaq Azərbaycanın işidir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Politico”da nəşr edilmiş “Qafqazda sülhün bərqərar edilməsi üçün hər iki tərəfə diqqət yetirin” başlıqlı məqaləsində qeyd edilib.
Məqalədə vurğulanıb ki, Azərbaycan hökuməti dəfələrlə Laçından daha yaxın və sürətli yollarla Qarabağda yaşayan ermənilərə qida və dərman tədarükünü təklif edib. Qeyd olunub ki, Azərbaycanın təklif etdiyi bu yollar Avropa İttifaqı, ABŞ və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən faydalı qəbul edilib və elə bu yaxınlarda ABŞ Dövlət katibi Entoni Blinken də hər iki yolun dərhal və eynivaxtlı açılmasına çağırıb. Bununla belə, beynəlxalq mediada yayılan xəbərlərin tam fərqli olduğu vurğulanıb.
Bildirilib ki, beynəlxalq ictimaiyyət və media üçün yalnız Ermənistanın qonşu Azərbaycanda yaşayan etnik ermənilərə tək və monoetnik yolla tədarük göndərməli olduğu ideyası bir şəkildə məqbul görünür: “Bizə deyirlər ki, bu ona görədir ki, bu münaqişə digərlərindən fərqlidir, bizim tariximizə görə ermənilər eyni ölkədə azərbaycanlılarla yanaşı yaşaya bilmirlər. Lakin həm bizim keçmişimiz, həm də bu günümüz bizə bunun doğru olmadığını öyrədir. 1990-cı illərin müharibəsindən öncə azərbaycanlılar və ermənilər Qarabağda birlikdə, dinc şəkildə yanaşı yaşayıblar. Bu gün Azərbaycanda 30 minlik güclü yəhudi icması yaşayır. Yevangelist xristian icması böyüyür. Gürcülər, ruslar, ukraynalılar bugünkü çoxmillətli və çoxdinli ölkəni əmələ gətirir. Bu, Qarabağdakı ermənilərə də şamil olunmalıdır. Lakin Ermənistanda güclü qüvvələr var ki, vəziyyətin dəyişməsini və ya bu hekayənin tam danışılmasını istəmirlər. Onilliklər boyunca bu ölkənin rəhbərliyi Ermənistanın özündən yox, Qarabağdakı separatçılara rəhbərlik edən siyasətçilərdən olub”.
Qeyd olunub ki, bu gün Ermənistan və Azərbaycan arasında təklif edilən sülh razılaşması həmin qüvvələr üçün lənətdir. Əlavə olunub ki, qonşu Azərbaycanla ticarət erməni xalqını inkişaf etdirə, nəticədə bu cür liderlərin var olma səbəbini aradan qaldıra bilər. Vurğulanıb ki, bu liderlər öz nüfuzlarının saxlanması üçün Azərbaycanın təklif etdiyi tədarük yollarının bağlı qalmasını tələb edirlər. Müəllifə görə, monoetnik erməni millətçilərinin öz ölkələri və daha geniş region üçün yaratdığı ağrının Qərblilər üçün anlaşılması çətindir. Sonda vurğulanıb ki, Azərbaycan sülh, barışıq və bəlkə bir gün öz qonşusu ilə dostluq əlaqələrinə malik olmaq istəyir.