21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

102 ilin xatirəsi: Sanki Nuru Paşa qayıdır…

 102 ilin xatirəsi: Sanki Nuru Paşa qayıdır…
Çingiz Sultansoy
“102 il sonra Türk Ordusu yenə Naxçıvanda!” başlıqlı videoda Naxçıvanın küçələrindən nizamla keçən türk hərbi hissələri, addımlayan düz əsgər sıralarına baxdım, məni də güvən və qürur bürüdü. Türkiyə Ordusu hissələri Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq sazişinə görə gəlib, döyüş təlimi və manevləri keçirəcəklər. Türkiyə-Azərbaycan  təlimləri beş gün əvvəl başlamış Rusiya ilə Ermənistanın  hərbi təlim və manevlərinin cavabıdır.
Media xəbərləri və bu video, tanınmış müəllim olan və tələbəli tərəfindən qırx il sonra da unudulmayan atam Rüstəm Sultanovun 102 il əvvəl gözü ilə gördüyü, uşaq ağlı ilə qavradığı, mənə danışdığı önəmli tarixi hadisələri yadıma saldı. Erməni generalı Andranikin Naxcıvana uğursuz birinci hücumunu, – ikinci hücumu uğulu olmuşdu, şəhəri dağıdıb viran eləmişdi, amma babam artıq ailəsini şəhərdən çıxarmışdı, – şəhərin birinci mühasirəsi zamanı şahidi olduğu mənzərələri, özünün və başqa oğlan uşaqların bir neçə gün naxçıvan bəylərindən birinə məxsus evin böyük zirzəmisində qalmasını, – nüfuzlu ailələrin gız-gəlini, arvadları ayrı zirzəmidə saxlanılırdı, kişilərsə səngərdə idi, – zurzəminin küncündə qalaq-qalaq yığılmış xalı-xalça, kilim, məfrəşlər, içi dolu xurcunlar, zurzəmidəki həyacan və qorxu dolu ovqat, osmanlı ordu hissəsinin köməyə gəlməsi, onun alman toplarının gurultusu, Naxçıvanın xilas olunması, səkkiz yaşlı uşağın yaddaşında həkk olunan və  mənə danışılan mənzərə,  təfərrüat, söhbətlər yenə də xəyalımda canlandı.  Zirzəmi və osmanlı hərbi hissəsinin köməyə gəlməsi olayını yazmışam, onlar 2006-cı ildə “Realnıy Azerbaydjan” qəzetində işıq üzü görüb.
Amma Andranikin qaçmasından sonra Naxçıvan şəhərində yerləşdirilən və bir müddət orada qalan türk qarnizonu, uzaq müsəlman kəndinə erməni silahlı dəstəsinin hücumu ilə bağlı danışdığı bir əhvalat qələmə alınmayıb. Elə onu xatırlayıb indi sizə danışmaq istəyirəm.
* * *
Şəhərdə qalan hərbi hissənin zabitləri hər günün birinci hissəsini əsgərlərlə təlim edir, axşamtərəfi boş vaxtlarını Naxçıvanın mərkəzindəki böyük aşxanada keçirirdilər. Bura gərargahın yeməkxanası kimi bir yer olmuşdu. Yeyir, çay içir, qəlyan, papiros, eşmə çəkir, nərd və kart oynayırdılar. Günlərin bir günü zabitlərin həmişə olduğu bu aşxanaya  Naxçıvanın, yoxsa Ələyəz-Dərələyəzin ya Zəngəzurun, dəqiq bilmirəm, hansısa dağ kəndindən bir neçə kəndli şikayətə gəlir.
Kəndlilər zəhmli-zabitəli yüzbaşıya danışırlar ki, kəndi erməni bandası tutub. Kəndi soyublar, qiymətli nə var garət ediblər, özləri üçün ərzaq, atları üçün arpa-buğda ehtiyatı da götürüblər, amma çıxıb getməyiblər.  İndi də kənddədirlər, yeyib-içir, dincəlir, kef edirlər, kəndlilərə də zülm edirlər, ah-nalə ərşə qalxır.
Quldurların kənddə kimisə öldürülüb-öldürülmədiyi, işgəncə verdiyi barədə atam bir söz deməmişd. Bu söhbəti mənə 1960-cı illərin ortalarında, yeniyetmə çağlarımda eləmişdi. Ümumiyyətlə atam belə ağır mətləblərdən bizə – oğlanlarına heç vaxt danışmazdı, xoşlamazdı, uşaq-yeniyetmə qəlbizmizi yükləməzdi. İndi tarixdən bilirik ki, belə hallarda kişilər öldürülür, qadınlar zorlanırdı,  ancaq o kənd üçün deyə bilmərəm. Eşitdiyim kimi, yadımda qalan kimi danışıram.
Kəndliləri dinləyən yüzbaşı yavərinə Osman çavuşu, – ad dəqiq yadımdadır, çox simvolik addır, – çağırmağı tapşırır, gələn kimi vəziyyəti ona qısaca anladıb və döyüş tapşırığı verir, axırda da əmr edir:
– Osman çavuş! İki asker götür, kəndə get!
Osman çavuş “Baş üstə!” – deyib təzim edəndə yüzbaşı ilə söhbətdən sonra ürəklənən kəndlilərdən biri gözlənilmədən etiraz edir:
– Ağa, qurban olum, səkkiz nəfərdilər! Hamısında tüfəng var, üçatılan, tapança! Bir çovuş, iki əsgər öhdəsindən necə gələcək?..
Yüzbaşı cavab vermədən, kəndli tərəfə heç baxmadan, “- Osman çavuş! Haydı get!”, – deyib yenə zərləri əlinə alır, yarımçıq qalmış oyuna qayıdır.
Osman çavuş bir daha təzim edib yenidən ümidsizləşən kəndlilərə “Gedək!” deyib aşxanadan çıxır.
Bir həftə sonra qayıdan Osman çovuş yüzbaşısına döyüş tapşırığının yerinə yetirilməsi barədə raport  verib, rusiya istehsalı yeddi tüfəng, bir neçə tapança, xəncəri təhvil verir, bir tüfəng, bir tapança, bir neçə xəncəri kəndlilərə payladığını, kəndlilərin səkkiz meyid quyuladığını məruzə edir. Əsgərlərdən yaralanan, burnu cızılan belə yox idi. Atam göstərmək istəmədiyi, ama sezdiyim daxili bir qürurla “Üç osmanlı əsgəri asanlıqla səkkiz erməni quldurunun axırına çıxdı” dediyi yaxşı yadımdadır.  Sovet vaxtı idi, Xruşşov dövrü olsa da, türklərə rəğbətə görə pantürkizm  ittiham və repressiyalardan çox da vaxt keçməmişdi, ürəklərdəki qorxu qalırdı, çəkilməmişdi, çəkilə bilməzdi də.
1930-cu illərdə atamın qohumu, Naxçıvanda yaxşı tanınan vəkil İbrahim Kəngərli həbs edilib “Solovki” həbs düşərgəsinə sürgün olunmuş, dünyadan köçmüşdü. Həmin məşhur, Soljenitsının “Arxipelaq QULAQ”ında ayrıca təsvir olunan “Solovki” ölüm düşərgəsi. Atamın özünü isə bir müddət hansısa osmanlı zabitinin, bəlkə də elə o yüzbaşının yavəri olan və ordu hissəsi Anadoluya qayıdanda onlarla birlikdə gedən gənc, “realnı uçilişenin” məzunu olan qohumuna görə «НКВД» – enkavedeyə bir neçə dəfə aparıb-gətirmiş, “Qohumun hardadır?” deyə sorğu-suala çəkmişdilər. (Həmin qohumu şəkildə görmüşəm, ancaq onun atamın Əliqulu dayısı olduğunu əmiqızım Dildar mübahisələndirir, ona gərə dəqiq deyə bilmərəm). Nə isə, atamı döyüblər, işgəncə veriblər ya yox, bilmirəm. Bunu təzə öyrənmişəm, son yarım il ərzində burada – Almaniyada, qohumlar danışıb. Atam enkavededə istintaqa cəlb edildiyini, sorğu-suala çəkildiyini bizə heç vaxt açıb-ağartmamışdı, uğaqlarına belə bilgilərlə sovet hakimiyyətinə nifrət və ondan doğan problemlər yaratmaq istəməmişdi. Sovet quruluçu və dövləti o vaxtlar yenilməz, əbədi görünürdü, türklərə rəğbət göstərmək təhlükəli idi, səkkiz yaşlı atamı və deməli, bizim nəslimizi xilas edən türklərlə. Onların şücaətiylə qürur duymaq, öz türklüyünü anlayıb danışmaq belə təhlükəli idi. Qürurun gizlədilmədi bindan irəli gəlirdi.
Osmanlı ordusu haqqında, yüzillik keçmiş  haqqında bu xatirəni, yeməkxanadakı söhbətin özünü atam özü eşitməmişdi, eşidə bilməzdi çox ehtimal, uşaq idi. Amma yavər olan o qohum babam Mövsün ağa Sultanovun (Kəngərlinin) evində, ailədə o söhbəti edə bilərdi, atam da eşidib, bilib, yadda saxlamışdı.
“102 il sonra Türk ordusu yenə Naxçıvanda!” videosunu görüb bütün bunları xatırladım, 102 il əvvəlki Naxçıvan küçələri, evləri, adamları, üzünü görmədiyim babam, keçən yüzilliyin 70-ci illərində rəhmətə gedən Şükufə nənəm özüm görmüş kimi gözlərim önündə canlandı, köməyə gələn Osmanlı Ordusunun Krupp – alman toplarının gurultusu qulağımda səsləndi.
Osman çavuşu və adını bilmədiyim iki türk əsgərini sonralar “Yeddi samuray” filminə bavanda da oxşarlıq görüb xatırlayırdım.  Ən sevdiyim filmlərdəndir bu kinoklassikası, Akira Kurosavanın köhnə, ağ-qara filmi,  bizim “Yeddi qardaç istərəm” filminin proobrazı. Bir kəndi terror edən quldur bandası və sayca onlardan 5-6 dəfə az, amma qalib gələn samuraylar.  Osman çovuşun dəstəsi erməni dəstəsindən 2-3 dəfə az idi. Fərq ondadır ki, nəql etdiyim olay kino deyil, yaşanmış, atamı və deməli məni, məndən sonra gələnləri xilas edən insanların həyatının bir parçası idi. Adi, bəlkə də o qanlı-qadalı illərdə dəfələrlə ağır səhnələr və döyüşlər içərisində itib-batmış, unudulmuş bir parçası. Amma Rüstəm adlı o uşaq böyüyüb qırx beş il sonra oğluna danışdı bunları, mən də unutmayıb əlli yeddi il sonra sizə danışıram.
Allah sənə qəni-qəni rəhmət eləsin, üzünü görmədiyim Osman çavuş!
Nurlu xatirən, yenilməz ruhun qarşısında dizüstə durub baş əyirəm!
Sən mənimçün atamı, nənə-babamı xilas edən Osmanlı Ordusunun, hakimiyyətin bizə unutdurmaq istədiyi Azərbaycan Xalq Cümhuriyyətini yaradan Qafqaz Türk-İslam Ordusunun, çağdaş üçüncü respublikanı birinci tanıyan, bacardığı köməyi əsirgəməyən,  iyirmi il öncə İran bizə buynuz göstərən andaca gələn “Türk yıldızlarının”,  şəhid generalımız Polad Həşimova təhsil verən Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin rəmzisən. Türkiyəlilərə bir ömür borcluyam! Bunu heç vaxt unutmaram, borcdan nə mən, nə uşaqlarım, nə də nəvərim çıxa bilməyəcəyik.
Ürəyimdə yarım əsrdən çox gəzdirdiyim bu 102 ilin xatirəsini yazanda gözlərim doldu. Qocalmışam, kövrək olmuşam, deyəsən. Ya da kövrəklikdən deyil bu, olayların özündəndir…
Hərdən mənə elə gəlir ki, sanki Nuru Paşa qayıdır…
Paylaşın:

Digər yazılar