23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Daha bir təşkilatdan Aygün Əliyevaya ETİRAZ

 Daha bir təşkilatdan Aygün Əliyevaya ETİRAZ
Uzun aylardır QHT-lərə Dövlət Dəstəyi Agentliyi , xüsusi ilə İcraçı Direktor Aygün Əliyevanın korrupsiya əməllərindn narazı qalan QHT-lər  məsələləri ictimailəşdirirlər, həyəcan təbili çalırlar. Lakin nədənsə nə yanaşmalar dəyişir, nə də Agentliyə nəzarət edən qurumlar məsələlərin həllində yardımçı olurlar. Hər keçən gün Aygün Əliyeva özünü QHT-lərin müdiri kimi  aparmaqda davam edir. Narazı QHT-lərdən biri, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının Bəyanatını olduğu kimi sizə çatdırırıq:
                                                                     Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının
                                                                                        BƏYANATI
1988-ci ildən etibarən Azərbaycana qarşı əsassız torpaq iddiaları nəticəsində 20 %-dən artıq torpaqlarımızı işğal edən, 1 milyondan artıq soydaşlarımızı qaçqına, məcburi köçkünə çevirən, misli görünməmiş Xocalı soyqırımını törədən Ermənistan nəhayət ki, 44 gün davam edən Vətən Müharibəsində darma-dağın edilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Bu ilin sentyabr ayının 20-də 24 saatdan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Dövlətimiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda suverenliyimizi təmin etdi.
Antiterror əməliyyatı nəticəsində Vətən Sağ Olsun! -deyib döyüşə yollanan igidlərimizdən şəhid olanlar oldu. Qarşılarında baş əydiyimiz Şəhidlərimizin şad olmuş ruhları, nəhayət ki, Azərbaycan ərazisində 35 il davam edən erməni separatizminə soy qoydu.
1997-ci ildən Ulu Öndərimiz Heydər Əliyevin birbaşa diqqəti və qayğısı nəticəsində rəsmi dövlət qeydiyyatına alınmış Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı düşmən üzərində qazandığımız möhtəşəm qələbədən və ölkəmizdə məcburi köçkün probleminə birdəfəlik son qoyulduğundan adını və fəaliyyət istiqamətini dəyişərək 2021-ci ilin avqust ayından etibarən Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı kimi fəaliyyətini davam etdirir.
Təəssüflər olsun ki, yarandığı gündən Ulu Öndərimiz Heydər Əliyevin azərbaycançılıq ideologiyası ilə silahlanaraq, Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müsəlləh əsgəri kimi fəaliyyət göstərən gənclər təşkilatı son illərdə bəslənən ögey münasibətin, diskriminasiya siyasətinin qurbanına çevrilib.
20 %-dən artıq torpaqlarımızın düşmən tapdağından azad olması ilə keçmiş məcburi köçkün əhalinin məskunlaşması, məşğulluğunun artırılması, bütün sahələrdə işləmək imkanlarının reallaşdığı bir zamanda bütün üzvləri Qarabağdan, Şərqi Zəngəzurdan olan Gənclər Təşkilatına qarşı təzyiqlər göstərilir, qərəzli münasibət bəslənilir və bu illərdəki fəaliyyətimizin üstündən xətt çəkərək bizi etibarsızlaşdırmağa çalışırlar.
30 ilə yaxın müddət ərzində təkbaşına, heç bir maddi mənfəət güdmədən, nə Dövlətdən, nə beynəlxalaq təşkilatlardan maliyyə yardımı almadan qaçqın və məcburi köçkün gənclərin bütün problemlərinin həllində, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında və s. yorulmadan, usanmadan apardığımız mübarizə, gördüyümüz işlər təəssüflər olsun ki, bu sahəyə ayrılan qrantları mənimsəmək məqsədi güdən qruplaşmalar tərəfindən şübhə altına alınmaqdadır.
Bir günün içində yaradılan, böyük vəsait ayıraraq adına da böyük təşkilatlar statusu verilən bəzi ictimai birliklərin görüntü və reklamlarla göz boyayan layihələrindən fərqli olaraq bizim həyata keçirdiyimiz bütün tədbirlər gənclərimizin problemlərinin həllinə, onların milli və vətənpərvər ruhda tərbiyə olunmasına xidmət edib.
Azərbaycanda milli donorların, xüsusilə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yarandığı dövrə qədər heç bir fəaliyyəti olmayan, Dövlətin, şəxsən Prezidentimiz Möhtərəm cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləməyən bəzi ictimai birliklərə və onların rəhbərlərinə səxavətlə ayrılan qrantlar çox ciddi sualların yaranmasına əsas yaradır.
Prezidentimiz tərəfindən sədaqətlə, prinsipiallıqla daim Dövlətimizin yanında olan, milli, vətənpərvər ictimai birliklərin dəstəklənməsinə ayrılan küllü miqdarda vəsaitin “böyük təşkilatların” “böyük layihələri” vasitəsi ilə silinməsi, bizim kimi təşkilatların sıxışdırılaraq təzyiqlərə məruz qalması, 30 ilə yaxın ağır məcburi köçkün şəraitində yaşamağımıza baxmayaraq daim Dövlətimizin yanında sədaqətlə xidmətimizin heçə sayılması, işğaldan azad olunmuş öz dədə-baba torpaqlarımızda fəaliyyət göstərməyimizdən məhrum edilməyimiz QHT sektorunda yaranan ən böyük çatın bariz nümunəsidir.
Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatına qarşı yaranan qeyri- müəyyən, əsası və izahı qeyri -mümkün olan münasibətin, təqdim etdiyimiz layihələrdən imtinanın, QHT-lərə Dövlət Dəstəyi Agentlik tərəfindən həyata keçirilən tədbirlərdə (xüsusən işğaldan azad olunmuş rayonlarda) iştirakdan məhrum edilməyin kimlər tərəfindən sifariş və icra edilməsinin səbəblərinin araşdırılmasına ciddi ehtiyac vardır.
Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq ideologiyasına, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətənpərvər siyasətinə dəstəyi və sədaqəti ilə daim nümunə olan Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatına qarşı Qeyri-Hökimət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilən aqressiv, məntiqsiz, ədalətsiz siyasətə kəskin etirazımızı bildiririk.
QHT-lərə Dövlət Dəstəyi Agentliyini ələ keçirən bir qrup QHT maqnatının fəaliyyətinin araşdırılmasının zəruri olduğunu bildirir, vətəndaş cəmiyyətinin inkişafında heç bir fəaliyyəti olmayan icraçı direktor Aygün Əliyevanın və dəstəsinin Agentlikdən istefa verməsinin və ya uzaqlaşdırılmasının vacib olduğunu BƏYAN EDİRİK.
Qayıdış və Dirçəliş Naminə
Gənclər Təşkilatının İdarə Heyəti
Paylaşın:

Digər yazılar