İSBAM-dan QHT Agentliyinin daha bir saxtakarlığına ETİRAZ
YeniZamantv.az xəbər verir ki, İSBAM sədri Samir Adıgözəlli QHT Agentliyində baş verən olaylarla bağlı öz etirazını sosial şəbəkə hesabında bildirib.O, yazıb:
Hörmətli dostlar,
Rəsmi mənbələrdən əldə etdiyimiz məlumata əsasən, QHT Agentliyi cari ilin may ayında “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ətraf mühit və minasız həyat adlı Beynəlxalq forum”un təşkilinin satınalınması üçün tender həyata keçirib. “SA SERVICES” Məhdud Məsuliyyətli Cəmiyyətinin qalib edildiyi tenderə 76 620 manat ödənilib.
Həmin müddətdən bu günə qədər olan bütün xəbərləri araşdırsaq da QHT Agentliyi tərəfindən belə bir forumun hələ də keçirilmədiyi məlum oldu. Əslində tender keçirildikdən bir neçə ay müddətində müvafiq tapşırıq icra edilməlidir, əks halda bu qanun pozuntusu sayılır.
Artıq ilin qurtarmasına sayılı günlər qalıb.
QHT Agentliyi durmadan bu cür tenderlərlə müxtəlif forum və s. cəlbedici adlar qoymaqla dövlətin pulunu göyə sovurur.
Əgər bizim bu faktı aşkarladığımıza görə tələsik bir forum keçiriləcəksə, artıq bunun da bir əhəmiyyəti qalmır. Çünki bu günlərdə ANAMA minalara qarşı mübarizəyə həsr olunmuş çox böyük beynəlxalq konfrans reallaşdırdı.
Faktiki olaraq təkrarlanma və ya ölkə üçün qlobal olan mövzularla əlaqədar pulsilmə əməliyyatı həyata keçirilir.
Sual verən yoxdur ki, sən QHT-lərin inkişafı üzrə tədbirləri qoyub, niyə ANAMA-nın və ya Ekologiya Nazirliyinin işini təkrar edirsən.
Ən yaxşı halda bunu QHT-lər edir.
Deyirsən pis olursan, demirsən, dövlətin külli miqdarda vəsaitnin göyə sovrulmasına hamı göz yummağa davam edir.