10.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Zəngəzur dəhlizi kimlərə mane olur? – Ermənistanın təxribatının detalları bəlli oldu

 Zəngəzur dəhlizi kimlərə mane olur? – Ermənistanın təxribatının detalları bəlli oldu

İran ətrafında dramatizmin artması fonunda Tehran mediası “İran və Cənubi Qafqaz” mövzusunu gündəlikdə saxlamaqda davam edir. “İran Diplomacy” Qarabağ bölgəsinin Azərbaycan Respublikasına birləşdirilməsi prosesinin başa çatmasından və yeni geosiyasi dəyişikliklərdən sonra İranın davranış modelinin necə olacağını araşdırır. Qeyd edilir ki, Cənubi Qafqaz yeni iqtisadi infrastrukturun yaradılması və köhnə infrastrukturun, xüsusən də tranzit, nəqliyyat və enerji sahələrinin canlandırılması dövrünə qədəm qoyur. “Azərbaycan və Ermənistan öz geoiqtisadi vəziyyətini nəzərə alaraq regiondaxili təşəbbüslər vasitəsilə iqtisadi maraqlarını formalaşdırmağa çalışırlar”.

Yəni digər nəşrlərdən fərqli olaraq “İran diplomacy” formalaşacaq yeni infrastrukturda Ermənistanın da Azərbaycan qədər maraqlı ola biləcəyini etiraf edir. İranın necə davranmalı olduğunu isə digər nəşrlər təsbit edir –mane olmaq.

“Energypress.ir” qeyd edir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi İran üçün Ermənistanın enerji bazarından çıxarılması riski yaradır:
“İran regional güc olaraq Ermənistanla quru yolla əlaqəni itirəcəyi təqdirdə Qara dənizə çıxışının bağlanacağını proqnozlaşdırır. Bu vəziyyət İranın zərərinə sərhəd dəyişikliyi və geostrateji geri çəkilmədir. Tehran üçün bu, Qara dənizə və Rusiyaya çıxışın mümkünsüzlüyü, Qafqazda təsir dairəsinin azalması və “Bir kəmər-bir yol” çərçivəsində tranzit ölkə kimi gücünü itirməsi kimi qiymətləndirilir. Bütövlükdə, Zəngəzur dəhlizində bir çox oyunçuların fərqli maraqları olduğundan, maraqların toqquşması regionda gərginliyi də artırır”.

Digər nəşrlər (Тazenews.com , Entekhab.ir) “Zəngəzur dəhlizi” məsələsini İranın regional siyasətinin önə çıxan vacib məsələsi və “Qafqazda anti-İran siyasətinin əsas oxu” kimi dəyərləndirirlər. Əvvəl iddia edilir ki, Bakı mediası “utanmadan və görünməmiş manerada” İranın ərazi bütövlüyünə hücum edir: “Qəti cavab almadıqları üçün gündən-günə öz davranışlarında aqressivləşirirlər. Onlar İranın şimal-qərb regionlarını, hətta Tehranı “Cənubi Azərbaycan” adlandırırlar. Geosiyasi təhlükəsi ilə yanaşı, bu dəhlizin reallaşdırılması İsrailin dəstəyi ilə Bakı hökumətinin İranda separatizmi qızışdırmasının başlanğıcı olacaq. İsrail və İngiltərənin Bakıya təsiri o dərəcədədir ki, demək olar ki, bu hakimiyyətin regional siyasətini onlar müəyyən edir, daha doğrusu, Bakı hökumətinin İranla bağlı siyasətinin planlaşdırılıb həyata keçirildiyini iddia etmək olar. İsrail tərəfindən onların bu aksiyada əsas fiquru xanım Brenda Şafferdir”.

İran KİV-ləri hesab edir ki, birmənalı olaraq anti-İran layihəsi olan Zəngəzur dəhlizi inşa edilsə, Tehran Qafqazda bütün oyun kartlarını həmişəlik itirəcək. “Entekhab” iddia edir ki, məhz belə problemləri dərk edərək İran indiyədək Zəngəzur dəhlizində qəti mövqe tutub və onun həyata keçirilməsinə maneə olub. İran KİV-lərinə görə Zəngəzur dəhlizinin reallaşmamasına səbəb Tehranın müqaviməti ilə yanaşı, Böyük Britaniya və ABŞ-ın ziddiyyətli maraqlarıdır.

“Əliyevlər ailəsi “British Petroleum Company”nin köməyi ilə Britaniya hökumətini Ermənistanla müharibədə Bakıya dəstək verməyə sövq edib. Amma digər tərəfdən, Ermənistanı regionda Amerika dəyərlərinin uzantısı kimi görən ABŞ son vaxtlar Ermənistanın ərazi bütövlüyünü dəstəkləməkdə aydın mövqe nümayiş etdirir”.

İkinci səbəb Amerikanın qanunvericilik və qərar qəbuletmə sistemini Ermənistanı dəstəkləməyə məcbur edən ABŞ-dakı qüdrətli erməni lobbisinin təzyiqi, üçüncüsü isə Paşinyan hakimiyyətinin Qərbə yönəlməsidir.

Yaxın Şərqdə, xüsusən Qırmızı dənizdə baş verənlər fonunda Azərbaycanın tranzit imkanlarının artması, xüsusən Zəngəzur dəhlizinə tələbatın artması yalnız İran KİV-lərinin deyil, Qərb və ərəb KİV-lərinin də diqqət yetirdiyi mövzular sırasındadır. “Azadlıq radiosu”nun gürcü xidməti (Ekhokafkaza) yazır ki, Yəmənin böyük hissəsinə nəzarət edən iranpərəst husi yaraqlılarınınn noyabrdan Qırmızı dənizdə ticarət gəmilərinə hücum etdiyi məlumdur. Ədən boğazı ilə daşımaların gecikməsi şirkətləri Afrikanı dövrələyərək yük daşımağa məcbur edir – marşrutun belə uzadılması logistika xərclərinin artmasına səbəb oldu. Nəşrə görə, böhran birbaşa Aİ və Türkiyəyə təsir etdiyindən maraqlı dövlətlər alternativ marşrutlar vasitəsilə logistikanı sadələşdirmək variantlarını nəzərdən keçirirlər. Bu, “Orta Dəhliz” kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna artan marağı izah edir: “Dəhlizin bir hissəsi bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir”.

Eurasianet.org isə Azərbaycanın cəlb olunduğu başqa dəhliz layihəsi haqda məlumat verir. Xəbərdə deyilir ki, Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya qazının Avropaya ixracının itkisini kompensasiya etmək üçün yeni qaz tranziti marşrutu yaratmaq üçün birgə işləməyə başlayıb. “Cənub-Şərqi Avropa ölkələri Azərbaycan qazı üçün yeni ixrac marşrutu yaradacaq. “Şaquli Dəhliz” Azərbaycana öz qazını Şərqi və Mərkəzi Avropa bazarlarına çıxarmaq üçün yeni marşrut təklif edəcək və beləliklə, Bakı Avropa İttifaqına verdiyi vədi yerinə yetirərək 2027-ci ilə qədər Avropaya qaz ixracını ikiqat artıra bilər”. Xəbərin əhəmiyyəti ondadır ki, bəzi Avropa qurumları seçki ərəfəsi Azərbaycan qazının idxalından imtina edilə biləcəyi haqda da bəyanat verirdilər. Amma göründüyü kimi, o, təzyiq xarakterli açıqlamaların heç bir əsası yoxdur, əksinə Avropa ölkələri yeni marşrut təklif edirlər.

Gulf365.net isə Azərbaycanın cəlb olunduğu başqa dəhliz – “Şimal-Cənub” dəhlizi haqda məlumat verir. Qeyd edilir ki, Avrasiyanın yükdaşıyıcıları Hind okeanı və Bəsrə (Ərəb) körfəzindən Xəzər regionuna, eləcə də Baltik və Şimal dənizlərində yerləşən Rusiya limanlarına yeni sürətli dəmir yolunun açılışını gözləyir. Bu layihə “Rusiya – İslam Dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forumu çərçivəsində müzakirə edilib. “Birləşmiş Ərəb Əmirlikləri Şimal-Cənub dəhlizinin texniki tərəfinin sərmayə qoyuluşuna və inkişafına xüsusi maraq göstərir”, – xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Əl-Zeyudi Kazan Forumu 2023-ün kuluarlarında deyib. Onun sözlərinə görə, layihə Bəsrə (Ərəb) körfəzinin böyük limanlarının inkişafı üçün yeni imkanlar yaradır, həmçinin təkcə BƏƏ və Rusiya arasında deyil, həm də BƏƏ ilə Mərkəzi Avropa ölkələri arasında logistik şəbəkələrin inkişafına töhfə verir. Gulf365.net-in təhlili Azərbaycan-BƏƏ əlaqələrinin intensivləşməsinin səbəbləri haqda manipulyasiyalara da cavabdır-ortada ciddi iqtisadi maraqlar var.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov da “Şimal-Cənub” (Rusiya-Azərbaycan-İran) və “Şimal-Qərb” (Azərbaycan-İran-Türkiyə) nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin ildə 30 milyon tona çatıdırılmasını “nəhəng layihə” adlandırıb.

Dünən Azərbaycan-Ermənistan sərhədi boyunca yaşanan gərginlik, görünür, həm də bu maraqlar çərçivəsində nəzərdən keçirilməlidir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi əslində hər iki tərəfin (Bakı və İrəvanın) maraqları çərçivəsindədir, iri yükdaşıma şirkətləri, Orta dəhlizdə maraqlı dövlətlər də tələsir. Amma Qırmızı dənizdə və Şərqi Avropada gərginlik fonunda əhəmiyyəti artan Zəngəzur dəhlizinin istifadəyə verilməsinin mümkün olmadığını sübut etmək istəyən qüvvələr də oyaqdır…

Cəmaləddin Quliyev, siyasi ekspert
(publika.az)

Paylaşın:

Digər yazılar