Bakıda boşanma sayı ARTIR – Rayonlar üzrə GÖSTƏRİCİLƏR
Bakı şəhərində daimi qeydiyyatda olan ailələrdə boşanma faktlarının sayı sürətlə artır. Ötən il artım bir qədər də güclənərək yeni rekord səviyyəyə çatıb.
YeniZamantv.az rəsmi məlumatlara istinadən xəbər verir ki, Bakıda 2022-ci ildə 5 354 boşanma faktı qeydə alındığı halda 2023-cü ildə boşananların sayı 7 198-ə yüksəlib. Bir ildə boşanma sayında 34 faizdən çox artım baş verib.
Boşanma sayı artmaqla bərabər paytaxt sakinləri arasında nikahların sayı da azalır. 2022-ci ildə paytaxtda 14 836 nikah qeydə alınmışdı. Ötən il Bakıda nikahların sayı 12 992-yə düşüb.
2023-cü ilin nəticələrinə əsasən, Bakıda bağlanan hər 100 nikahın 55-i sonradan dağılıb.
Paytaxtda boşanma göstəricisinin ən yüksək olduğu yerlər daha çox şəhərin mərkəzi hissəsində yerləşən rayonlarda müşahidə edilir. Səbail rayonunda hər 100 nikahın 65-i, Nəsimi rayonunda 63-ü, Qaradağda 61-i, Yasamalda 59-u, Xətaidə 58-i boşanma ilə nəticələnib.
Məhz Bakıda boşanma sayının sürətlə artması ümumən ölkə üzrə boşananların sayında ciddi artıma səbəb olub. 2023-cü ildə boşananların (5705 say) 1 844 ədədi, yaxud 32 faizi Bakının payına düşür. Nikahlarda isə Bakının payı 24 faizdir. /sfera.az/