ÜST-dən yeni pandemiya XƏBƏRDARLIĞI – Azərbaycan buna hazırdırmı?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni pandemiya ilə bağlı xəbərdarlıq edib. Qurum rəhbəri Tedros Adhanom Gebreyesus yeni pandemiyanın ola biləcəyini, lakin insanların buna hazır olmadığını bildirib:
“Dünya hələ də növbəti X xəstəliyinə və növbəti pandemiyaya hazır deyil. Əgər sabah növbəti pandemiya olsa, dünya COVID-19 zamanı qarşılaşdığımız eyni problemlərlə üzləşəcək”.
Dünyada olduğu kimi ölkəmiz də koronavirus pandemiyası yaşadı. Azərbaycanda COVID-19-a görə hələ də xüsusi karantin rejimi tətbiq olunur və 4 ildir ki, quru sərhədlər tam bağlıdır. Pandemiyanın insanların həyatına, ölkə iqtisadiyyatına, mədəniyyətinə nə qədər ziyan vurduğunun şahidiyik. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ölkəmizdə koronavirus xəstəliyindən 10400 nəfər həyatını itirib.
Pandemiya təcrübəsi yaşamış ölkələr, o cümlədən Azərbaycan növbəti pandemiyaya hazırdırmı?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan infeksionist-həkim Mərdan Əliyev deyib ki, ölkəmizin pandemiya təcrübəsi var:
“Yeni pandemiyanın olması ilə bağlı ÜST bir neçə dəfə dünya ölkələrinə müraciət edib. X xəstəliyinin pandemiya ola biləcəyi ehtimalı ilə bağlı ölkələri hazırlıqlı olmağa çağırıb. Çünki bizim ətrafımızda viruslar var və onlar potensial pandemiya törətmək qabiliyyətindədirlər. Pandemiya olacağı halda həmin viruslar çox güclü yoluxduruculuq qabiliyyətinə və letallıqa malikdirlər.
Biz hazırlıqsız yaxalansaq, çox pis ola bilər.
COVID-19-un letallıq səviyyəsi güclü olmasa da hazırlıqsız yaxalandığımız üçün çox böyük təsir göstərdi. Yeni pandemiyaya hazırıq. Həm həkimlər müəyyən təcrübə əldə edib, həm də dövlət səviyyəsində modul tipli xəstəxanalar açıldı, tibbi avadanlıqlar ölkəyə gətirildi.
Hələ də bizdə bəzi modul tipli xəstəxanalar var ki, lazım olduğu təqdirdə istifadə oluna bilər. Bu, yeni pandemiyanın olacağı ilə bağlı deyil, sadəcə, ətrafımızda bakterial və viral viruslar mövcud olduğu üçün ÜST yeni pandemiyaya hazırlıqlı olmağı tövsiyə edir”.