Məktəblərin qonağı Polis Akademiyası
Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı keçirilən təbliğat xarakterli silsilə tədbirlər davam etdirilir.
Bu məqsədlə 2024-cü ilin fevral ayının ötən dövrü ərzində respublikamızın Abşeron, Sumqayıt, Qobustan, Naftalan, Şamaxı, Zərdab, Xızı, Qusar, Kürdəmir, İmişli, Gədəbəy, Samux, Salyan, Biləsuvar, Masallı, Saatlı, Şirvan, Bərdə, Ağdaş, Goranboy və digər bölgələrin rayon və kənd məktəblərində müəllimlər və 9-11-ci sinif şagirdləri ilə görüşlər keçirilib.
Tədbirlərdə Akademiya əməkdaşları tərəfindən 100 illik şanlı tarixə malik olan, tədris bazasının səviyyəsi və verilən təhsilin keyfiyyətinə görə xüsusi təyinatlı ali təhsil müəssisələri arasında xüsusi yeri olan Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri, keçirilən təlim-tədris prosesi, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlükləri barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin, Polis Akademiyasına “hüquqşünaslıq” ixtisasi üzrə 2024/2025-ci il tədris ili üçün əyani təhsilə 500 kursantın qəbul qaydaları izah edilib və sənəd qəbulunun davam etdiyi şagirdlərin nəzərinə çatdırılıb.
Daha sonra tədbir iştirakçılarına kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib və Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanılıb. Həmçinin, Polis Akademiyasının rəsmi saytında yerləşən “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssəsi ilə tanış olmaq imkanı olduğu da şagirdlərin nəzərinə çatdırılıb.
Görüşlərin sonunda şagirdlərin sualları cavablandırılıb və xatirə şəkilləri çəkdirilib.