Media peşəkarlığı, yoxsa “ictimai gilyotin” üçün balta…
Əvəz RÜSTƏMOV
evez.rustemov@gmail.com
“Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. Jurnalist zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdır”.
Bu qeydlərimizə “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı III prinsipinin 3.11-ci bəndi ilə başlamağımız heç də təsadüfi deyil. Diqqət çəkmək istədiyimiz məqam jurnalist fəaliyyətinin ictimai əhəmiyyət amilini rəhbər tutması ilə bağlıdır. Bəs ictimai əhəmiyyət dedikdə nələr nəzərdə tutulur? “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda məsələ ilə bağlı da konkret qeydlər var. Belə ki, yayılmış materiallar ictimai əhəmiyyət kriteriyasına yalnız bu hallarda cavab verirlər – sağlamlıq və təhlükəsizliyin qorunması; ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması; ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması.
İndi isə bilavasitə mətləbə keçək. Fevralın 13-də Bakının Xətai rayonunda səs-küylü cinayət hadisəsi törədildi. Bir nəfərin öz ailə üzvlərini qətlə yetirdiyi bildirildi. Olay barədə geniş danışmaq istəməzdik. Onsuz da təfərrüatlar hər kəsə məlumdur. Əlbəttə, cinayət əməlində nələrinsə qaranlıq qalması da mümkündür. Məsələ də elə ondadır. O anlamda ki, media və jurnalist üçün ictimai əhəmiyyətlilik meyarı bir nəfərin törətdiyi ardıcıl qətllərin məhz qaranlıq motivi olmalıdır. Bəs biz nəyi gördük? Gördük ki, media, ümumən jurnalistlər hadisə ətrafında dəhşət toxumları səpdilər. Nəticə hasil olur ki, jurnalistikanın gücü yalnız dəhşət saçmağa çatdı…
Ehkamlaşmış bir fikir var: İndi internet əsridir, sosial şəbəkələr dövrüdür və media informasiya yayıcılığı baxımından birincilərə uduzur. Əlbəttə, deyimi, müəyyən mənada, doğru saymaq mümkündür. Yəni, sosial şəbəkələrin informasiya yayıcılığındakı rolu danılmazdır. Amma baxır necə?
Diqqət yetirək, texnoloji inkişafın ilk illərində internetdən istifadə edən fürsətcil insanlar qrupu meydana çıxdı. Söhbət təkcə Azərbaycandan getmir. Bütün dünyada eyni tendensiya müşahidə olundu. Məsələn, internetdən istifadə vərdişlərinə yiyələnmiş hansısa jurnalist redaksiyada oturub, tutaq ki, Pakistandan, Yeni Zelandiyadan, Avstraliyadan “reportaj hazırladı” və onu çalışdığı qəzetin oxucularına təqdim etdi. Material ikincilər tərəfindən çox asanlıqla “yeyildi”.
Əslində, “yeyilən” jurnalistin fırıldağı oldu. Zaman keçdikcə belə, özü də təkcə jurnalist olmayan fırıldaqçılar daha böyük işlər görməyə başladılar. Vaxt oldu ki, onlar dünyanın müxtəlif ölkələrində inqilablar reallaşdırdılar. Halbuki, etdikləri gerçək jurnalistika ilə bir araya sığmadı. Onlar nəinki jurnalistika, adi etika anlayışlarından da uzaq hərəkətlərə baş vurdular. Amma zəlzələdən və ya vəlvələdən belələri, sanki, kult formalaşdırdılar. Əslində, bu kultlaşma şəxsiyyət amili üzərində yox, internetin, sonra sosial şəbəkələrin daha üstün informasiya platforması kimi qəbullanması ilə bağlı oldu.
Ancaq indi əvvəlki zaman deyil. Böyük ölçüdə sular durulub. Ən əsası isə artıq internetdən, sosial şəbəkələrdən istifadə hansısa yüksək tonla təqdim olunan mənəvi imtiyaz deyil. Sosial şəbəkələr prinsip etibarilə əvvəllər bildirildiyi kimi, tərbiyəsizlik və əxlaqsızlıq məkanı olmaqdan da çıxıb. …O zaman jurnalistika nə üçün sosial şəbəkələrlə yarışır? Nəyə görə media təmsilçiləri informasiya yayımında sosial şəbəkələrə uduzmaqdan ehtiyatlanırlar? Məgər sosial şəbəkələrdə yer alan bilgi təmayüllü hər şey informasiyadırmı?
Mətbuat Şurası dəfələrlə bildirir ki, cinayət əməllərinin, cinayətkarların təqdimatına həssas yanaşılması şərtdir. Qurum bu deyimləri havadan götürmür. Adını çəkdiyimiz sənədə – “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na istinad edir. Yeri gəlmişkən, həmin qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı III prinsipinin 3.7-ci bəndində göstərilir ki, “jurnalist, cinayətdə şübhəli bilinən şəxsin təqsirsizlik prizumpsiyası hüququna hörmətlə yanaşmalı, onu təqdim edərkən onu cinayətkar yox, şübhəli şəxs qismində saxlanılan kimi təqdim etməlidir”. Görəsən, haqqında söz açdığımız qətlin təqdimatında bu tələb gözlənildimi? Əsla gözlənilmədi! Deməli, jurnalistika nəinki cəmiyyəti, heç cəmiyyətin, belə demək mümkünsə, sosial şəbəkələr seqmentini də formalaşdırmadı. Əksinə…
Sosial şəbəkələri vahid orqanizm kimi götürsək, onlar, bir qayda olaraq, linçə meyillidirlər və bu platforma üçün yuxarıda qeyd etdiyimiz təqsirsizlik prezumpsiyası heç nədir. Acı reallıq isə budur: Media və jurnalistlər isə sosial şəbəkələrlə yarışa girərək, ondan daha yaxşı linç edə bilmək potensialını ortaya qoyur. Əlbəttə, buna potensial demək mümkün deyil. O zaman sual olunur: birincilər ikinciyə linçetmə “yarışındamı” uduzmaqdan qorxurlar? Axı bu nəyin yarışıdır? İctimai maraqları müdafiə, yəni jurnalistikanın təməl missiyası bu tipli yarışmadırmı? Bəs jurnalist peşəkarlığı hara gedir? Bu peşəkarlığı şərtləndirən həssaslıq hansı küncə atılır?
Bəli, haqqında söz açdığımız və təfərrüatlarını qəsdən açıqlamadığımız qətl hadisəsi, daha dəqiq desək, bu faciə ilə bağlı yayılan informasiyalar son dərəcə ciddi siqnaldır. Hesab edirik ki, yazıda qoyduğumuz suallar bu siqnalın mahiyyəti barədə də düşünməyə əsas formalaşdırır. Çox istərdik ki, həmkarlarımız, ümumən, cəmiyyətə informasiya verilməsinə məsul, belə bir öhdəliyi üzərinə götürdüyünü açıqlayan şəxslər sadaladığımız suallar ətrafında düşünsünlər. Düşünsünlər və nəticə çıxarsınlar. Nəyə, hansı dəyərlər üçün xidmət etdiklərini, çalışdıqlarını götür-qoy etsinlər. Nəzərə alsınlar ki, dəhşət saçan görüntülər və fikirlərlə cəmiyyətdə nizamın, qayda-qanunun möhkəmlənməsinə deyil, anarxiyaya yol açırlar. Onu da nəzərə alsınlar ki, təqdimatları nalayiq davranışlara qarşı müqavimət hissi yaratmır, əksinə həmin davranışları adiləşdirib, həyat normasına çevirir. Ən pisi isə bu adiləşməyə qarşı çıxan insanlar qrupu formalaşır və onlar üçün cəmiyyətdəki xoşagəlməzliklərlə mübarizədə qanunun aliliyi deyil, aqressiv özünümühakimə əsas götürülür. İndi seçim anıdır – jurnalistika peşəkar olmaq istəyir, yoxsa sosial şəbəkələrin “ictimai gilyotini” üçün balta?