22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Media peşəkarlığı, yoxsa “ictimai gilyotin” üçün balta…

 Media peşəkarlığı, yoxsa “ictimai gilyotin” üçün balta…

Əvəz RÜSTƏMOV
evez.rustemov@gmail.com 

“Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. Jurnalist zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdır”. 

Bu qeydlərimizə “Azərbay­can Jurnalistlərinin Etik Dav­ranış Qaydaları”nın “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı III prinsipinin 3.11-ci bəndi ilə başlamağımız heç də təsadüfi deyil. Diqqət çəkmək istədiyi­miz məqam jurnalist fəaliyyə­tinin ictimai əhəmiyyət amilini rəhbər tutması ilə bağlıdır. Bəs ictimai əhəmiyyət dedikdə nələr nəzərdə tutulur? “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda məsələ ilə bağlı da konkret qeydlər var. Belə ki, yayılmış materiallar ictimai əhə­miyyət kriteriyasına yalnız bu hallarda cavab verirlər – sağ­lamlıq və təhlükəsizliyin qorun­ması; ictimaiyyətin ağır cinayət­lərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması; ictimaiyyətin əhəmiyyətli dərə­cədə yanlış istiqamətləndirilmə­si təhlükəsinin aradan qaldırıl­ması.

İndi isə bilavasitə mətləbə keçək. Fevralın 13-də Bakı­nın Xətai rayonunda səs-küylü cinayət hadisəsi törədildi. Bir nəfərin öz ailə üzvlərini qətlə yetirdiyi bildirildi. Olay barədə geniş danışmaq istəməzdik. Onsuz da təfərrüatlar hər kəsə məlumdur. Əlbəttə, cinayət əməlində nələrinsə qaranlıq qalması da mümkündür. Məsələ də elə ondadır. O anlamda ki, media və jurnalist üçün ictimai əhəmiyyətlilik meyarı bir nəfərin törətdiyi ardıcıl qətllərin məhz qaranlıq motivi olmalıdır. Bəs biz nəyi gördük? Gördük ki, media, ümumən jurnalistlər ha­disə ətrafında dəhşət toxumları səpdilər. Nəticə hasil olur ki, jur­nalistikanın gücü yalnız dəhşət saçmağa çatdı…

Ehkamlaşmış bir fikir var: İndi internet əsridir, sosial şə­bəkələr dövrüdür və media informasiya yayıcılığı baxımın­dan birincilərə uduzur. Əlbəttə, deyimi, müəyyən mənada, doğ­ru saymaq mümkündür. Yəni, sosial şəbəkələrin informasiya yayıcılığındakı rolu danılmazdır. Amma baxır necə?

Diqqət yetirək, texnoloji in­kişafın ilk illərində internetdən istifadə edən fürsətcil insanlar qrupu meydana çıxdı. Söhbət təkcə Azərbaycandan getmir. Bütün dünyada eyni tendensi­ya müşahidə olundu. Məsələn, internetdən istifadə vərdişlərinə yiyələnmiş hansısa jurnalist re­daksiyada oturub, tutaq ki, Pa­kistandan, Yeni Zelandiyadan, Avstraliyadan “reportaj hazırla­dı” və onu çalışdığı qəzetin oxu­cularına təqdim etdi. Material ikincilər tərəfindən çox asanlıqla “yeyildi”.

Əslində, “yeyilən” jurnalistin fırıldağı oldu. Zaman keçdikcə belə, özü də təkcə jurnalist olma­yan fırıldaqçılar daha böyük işlər görməyə başladılar. Vaxt oldu ki, onlar dünyanın müxtəlif ölkələ­rində inqilablar reallaşdırdılar. Halbuki, etdikləri gerçək jurnalis­tika ilə bir araya sığmadı. Onlar nəinki jurnalistika, adi etika anla­yışlarından da uzaq hərəkətlərə baş vurdular. Amma zəlzələdən və ya vəlvələdən belələri, sanki, kult formalaşdırdılar. Əslində, bu kultlaşma şəxsiyyət amili üzərin­də yox, internetin, sonra sosial şəbəkələrin daha üstün informa­siya platforması kimi qəbullan­ması ilə bağlı oldu.

Ancaq indi əvvəlki zaman deyil. Böyük ölçüdə sular du­rulub. Ən əsası isə artıq inter­netdən, sosial şəbəkələrdən istifadə hansısa yüksək tonla təqdim olunan mənəvi imtiyaz deyil. Sosial şəbəkələr prinsip etibarilə əvvəllər bildirildiyi kimi, tərbiyəsizlik və əxlaqsızlıq mə­kanı olmaqdan da çıxıb. …O za­man jurnalistika nə üçün sosial şəbəkələrlə yarışır? Nəyə görə media təmsilçiləri informasiya yayımında sosial şəbəkələrə uduzmaqdan ehtiyatlanırlar? Məgər sosial şəbəkələrdə yer alan bilgi təmayüllü hər şey in­formasiyadırmı?

Mətbuat Şurası dəfələrlə bildirir ki, cinayət əməllərinin, ci­nayətkarların təqdimatına həs­sas yanaşılması şərtdir. Qurum bu deyimləri havadan götür­mür. Adını çəkdiyimiz sənədə – “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na isti­nad edir. Yeri gəlmişkən, həmin qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxu­nulmazlığı” adlı III prinsipinin 3.7-ci bəndində göstərilir ki, “jur­nalist, cinayətdə şübhəli bilinən şəxsin təqsirsizlik prizumpsiya­sı hüququna hörmətlə yanaş­malı, onu təqdim edərkən onu cinayətkar yox, şübhəli şəxs qismində saxlanılan kimi təqdim etməlidir”. Görəsən, haqqında söz açdığımız qətlin təqdimatın­da bu tələb gözlənildimi? Əsla gözlənilmədi! Deməli, jurnalisti­ka nəinki cəmiyyəti, heç cəmiy­yətin, belə demək mümkünsə, sosial şəbəkələr seqmentini də formalaşdırmadı. Əksinə…

Sosial şəbəkələri vahid orqanizm kimi götürsək, onlar, bir qayda olaraq, linçə meyil­lidirlər və bu platforma üçün yuxarıda qeyd etdiyimiz təqsir­sizlik prezumpsiyası heç nədir. Acı reallıq isə budur: Media və jurnalistlər isə sosial şəbəkələr­lə yarışa girərək, ondan daha yaxşı linç edə bilmək potensia­lını ortaya qoyur. Əlbəttə, buna potensial demək mümkün deyil. O zaman sual olunur: birincilər ikinciyə linçetmə “yarışındamı” uduzmaqdan qorxurlar? Axı bu nəyin yarışıdır? İctimai maraq­ları müdafiə, yəni jurnalistikanın təməl missiyası bu tipli yarışma­dırmı? Bəs jurnalist peşəkarlığı hara gedir? Bu peşəkarlığı şərt­ləndirən həssaslıq hansı küncə atılır?

Bəli, haqqında söz açdığı­mız və təfərrüatlarını qəsdən açıqlamadığımız qətl hadisəsi, daha dəqiq desək, bu faciə ilə bağlı yayılan informasiyalar son dərəcə ciddi siqnaldır. Hesab edirik ki, yazıda qoyduğumuz suallar bu siqnalın mahiyyə­ti barədə də düşünməyə əsas formalaşdırır. Çox istərdik ki, həmkarlarımız, ümumən, cə­miyyətə informasiya verilməsinə məsul, belə bir öhdəliyi üzərinə götürdüyünü açıqlayan şəxslər sadaladığımız suallar ətrafında düşünsünlər. Düşünsünlər və nəticə çıxarsınlar. Nəyə, hansı dəyərlər üçün xidmət etdiklərini, çalışdıqlarını götür-qoy etsin­lər. Nəzərə alsınlar ki, dəhşət saçan görüntülər və fikirlərlə cəmiyyətdə nizamın, qayda-qa­nunun möhkəmlənməsinə deyil, anarxiyaya yol açırlar. Onu da nəzərə alsınlar ki, təqdimatla­rı nalayiq davranışlara qarşı müqavimət hissi yaratmır, ək­sinə həmin davranışları adiləş­dirib, həyat normasına çevirir. Ən pisi isə bu adiləşməyə qarşı çıxan insanlar qrupu formala­şır və onlar üçün cəmiyyətdəki xoşagəlməzliklərlə mübarizədə qanunun aliliyi deyil, aqressiv özünümühakimə əsas götürü­lür. İndi seçim anıdır – jurnalisti­ka peşəkar olmaq istəyir, yoxsa sosial şəbəkələrin “ictimai gilyo­tini” üçün balta?

Paylaşın:

Digər yazılar