Mətanət Əsgərqızı yazır: İSBAM “Xocalıya qayıdış” adlı sərgi təşkil edib-32 əsər
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi təşkil etdi.
YeniZamantv.az xəbər verir ki, bu barədə Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı məlumat verib:
Sərgidə “Rəngarəngəli” Art studionun müəllimi, ən çox şəhid portretləri çəkmiş tanınmış gənc rəssam Əli Təhminənin 32 yetirməsinin əsərləri nümayiş olunurdu.
Tədbirin açılışı Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Açılış mərasimində çıxış edən layihə rəhbəri, sənətşünas, Əli Rəşad bildirdi ki, nümayiş olunan əsərlərdə iki məqam əsas götürülüb:
“Artıq Xocalıda da üçrəngli Bayrağımız dalğalanır. Bu sərgidə nümayiş etdirilən əsərlərdə həm faciə, həm də qələbə ruhu, Xocalıya qayıdış sevinci göstərilir”.
Sərginin açılışında çıxış edən Xocalı, Xətai rayon icra hakimiyyətlərinin nümayəndələri, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, QHT rəhbərləri Esmira Orucova, Mətanət Əsgərqizi, Maral Qocaman, DAK Avropa təmsilçisi Əli Hacı, şəhid Polad Həşimovun bacısı Kəmalə Həşimova və digərləri Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqda bu kimi sərgilərin əhəmiyyətini yüksək qiymətləndirdilər. Qeyd edildi ki, bundan sonra rəssamlarımızın mövzuları düşmənin viran qoyduğu yurd yerlərimizə yeni həyatın qayıtmasına həsr olunacaq.
Tədbirdə çıxış edən “Rəngarəngəli” Art studionun rəhbəri, rəssam Təhminə Əli təşkilatçılara, bütün iştirakçılara təşəkkürünü bildirdi. O, xüsusilə şagirdlərinin sərgilənən əsərlərinə görə qürurlandiğını diqqətə çatdırdı.Xocalının 32 ili 32 rəsmin simvolik məna kəsb etdiyini vurğuladı.Qeyd etdi ki, rəsmlərin çərçivələri ona görə qırmızıdır ki, bu həm qan yaddaşımız, həm də qələbə rəmzidir.
Sonda fərqlənən gənc rəssamlara fəxri fərmanlar təqdim edildi.
Tədbirin təşkilinə Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzi dəstək göstərdi.