Yeni Ədliyyə naziri kim olacaq?
Yeni hökumət təsdiq olunsa da, Ədliyyə naziri vəzifəsinə hələki təyinat olunmayıb. Yeni nazirin kim olacağı ilə bağlı müxtəlif mülahizələr mövcuddur.
YeniZamantv.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan “Konstitusiya”Araşdırmaları Fondunun prezidenti və Daxili İşlər Nazirliyi yanında ictimai şuranın sədri Əliməmməd Nuriyev bildirib ki, bu postu tutmaq üçün layiqli namizədlər yetərincə çoxdur:
“Məlum olduğu kimi, nazir vəzifəsinə təyinatı gerçəkləşdirmək Prezidentin səlahiyyətlərinə aiddir. Bu məsələ ilə bağlı hər hansı proqnozum yoxdur. Ancaq Azərbaycanda yetəri qədər hüquq sahəsində təcrübəsi olan insanlar var. Həm məhkəmə-hüquq sistemində, həm hüquq-mühafizə orqanlarında, həm də parlamentdə yetəri qədər yüksək peşəkarlığa və təcrübəyə malik şəxslər fəaliyyət göstərir. Seçim hüququ cənab Prezidentə məxsusdur və sonda seçimi o edəcək. Kişilərdən əlavə xanımlar arasında da yetərincə peşəkar namizədlər var. Konkret kiminsə adını çəkmək etik baxımdan düzgün deyil. İndi yeni çağırışlar dövrüdür və heç şübhəsiz ki, bu vəzifəyə hüququn aliliyini təmin etmək üçün yetərincə peşəkar hüquqşünas və idarəçilik qabiliyyəti olan biri təyin olunmalıdır. Hazırda Ədliyyə naziri vəzifəsi müvəqqəti olaraq Azər Cəfərova tapşırılıb. Yəqin ki, yaxın vaxtlarda bu vəzifəyə ölkə başçısı tərəfindən layiqli təyinat olacaq”.
Hazırda Ədliyyə naziri postunu müvəqqəti icra edən Azər Cəfərovun təyin olunub-olunmayacağı ilə bağlı suala Əliməmməd Nuriyev belə cavab verib: “Hansısa ehtimallarla bağlı danışmaq düzgün olmaz. Bu sadəcə prezidentin səlahiyyətinə aid olan bir məsələdir. Kimi məsləhət bilərsə, onu da təyin edəcək. Bu məsul vəzifəni tutacaq şəxsə öncədən uğurlar arzulayıram”.