26.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Məhəmmədəli Qəribli yazır: MEDİA və Mətbuat Şurasının jurnalistin təhdidi ilə bağlı sükutu nədən qaynaqlanır?…

 Məhəmmədəli Qəribli yazır: MEDİA və Mətbuat Şurasının jurnalistin təhdidi ilə bağlı sükutu nədən qaynaqlanır?…
Çox maraqlıdır, mən yazdığım tənqidi bir yazıya görə, açıq şəkildə təhdid və təhqir edildim. Özü də yalnız özüm yox, bütöv ailə üzvlərimə, yaşadığım mənzilə basqın ediləcəyi ilə bağlı açıq hədə aldım.
Bunu sübut edən ən mötəbər dəliləri cəmiyyətlə bölüşdüm. Yəni özümdən cizgi filmi quraşdırmırdım. Yazdığım tənqid şəxsi mənafeylə bağlı deyil, ictimai-siyasi yüklü, dövlət maraqlarının qorunması istiqamətində olub.
Bu yöndə gedən müzakirələr milyonlarla adam tərəfindən izlənilib. Bunu paylaşımların statistikası da göstərir. Cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri, məni tanıyan və tanımayan minlərlə insan tərəfindən dəstək mesajları, zəngləri aldım.
Mən bu təhdidlə bağlı hansısa qurumu rəsmi şikayətimlə narahat etmədim. Səbəbini də onunla izah etdim ki, heç kimdən çəkinmirəm, kimin kişiliyi çatırsa etdiyi hədəni həyata keçirsin.
Edə bilmədilər. Çünki cəmiyyətin sərt basqısını və hüquq-mühafizə qurumlarının prosesə müdaxiləsini hiss etdilər. Rəsmi şikayət etmədiyimə baxmayaraq, Daxili İşlər Nazirliyi ən yuxarı səviyyədə bu prosesi nəzarətə götürdü və vətəndaşına sahib çıxdı, onun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı konkret addımlar atdı, profilaktik tədbirlər həyata keçirdi.
Mən buna görə, özümün və ailəmizin adından daxili işlər naziri, hörmətli Vilayət Eyvazova dərin minnətdarlığımı bildirirəm. Gəlin, bir faktı da nəzərdən keçirək ki, mən vətəndaş olmaqla yanaşı, həm də bir jurnalistəm. Özü də uzun illərdi ki, aktiv və peşəkar jurnalistika sahəsini təmsil edirəm.
Bu hadisə də dədəmin bostanını qoruyanda başıma gəlməyib. Onda isə maraqlıdır, niyə medianın tənzimlənməsi, ona birbaşa və dolayı nəzarət funksiyasını həyata keçirməli olan qurumlar: MEDİA və Mətbuat Şurası bu prosesdə mənimlə heç maraqlanmadı?
Yəni bunun üçün mütləq paket alan jurnalistlər siyahısında olmalısan? Rəsmi bəyanat verməyinizi kənara qoyuram, heç olmasa adi bir zənglə mənəvi dəstəyinizi belə ifadə etmək bu qədər çətiniydi? Belə qənaətə gəlirəm ki, həmin kriminal mahiyyətli təhdid reallaşsaydı, siz mənə heç adi bir başsağlığı da verməzdiniz. Sizin “qara siyahı”nızda olsam da, məni jurnalistikadan , dövləti və milli maraqların müdafiəsindən çəkindirə bilməzsiniz…
Paylaşın:

Digər yazılar