Rusiya “miqrant oyunu”na başladı: Azərbaycanlıların kütləvi qayıdışı başlayır?
Rusiya Federasiyasına gedən miqrantlardan ölkədə yalnız profillərinə uyğun işləmək tələb oluna bilər, əks halda onlar deportasiya ilə üzləşəcəklər.
YeniZamantv.az xəbər verir ki, “İzvestiya” qəzetinin məlumatına görə, bu ideyanı Əmək Nazirliyi irəli sürüb. Nazirlik mütəşəkkil işə qəbul üçün Rusiya Federasiyasına gələn ziyarətçilərə təsir edəcək müvafiq layihə hazırlayıb. Təşəbbüs onu nəzərdə tutur ki, əcnəbinin Rusiyada müvəqqəti işləmək hüququ xüsusi sənədlə təsdiqlənəcək – miqrant konkret işəgötürəndə işləməli, göstərilən şirkət və ya müəssisədə işləmək istəmirsə, o, 15 gün ərzində Rusiya Federasiyasını tərk edin. Nazirlikdə hesab edirlər ki, bu, ziyarətçilərin onları işə götürmə xərclərini çəkmiş şirkətdə işləməkdən imtina etməsi hallarını aradan qaldıracaq. Bu tədbirlər həm vizasız, həm də vizasız ölkələrdən olan əməkçi miqrantlara təsir edə bilər.
Qeyd edək ki, hazırda Rusiyada patent sistemi mövcuddur. Miqrantlar ölkəyə vizasız daxil olub iş tapa bilir, bir çoxu isə patentsiz işləyir. FSB məlumatları göstərir ki, 2023-cü ilin birinci rübündə Rusiya Federasiyasına işləmək üçün 1,3 milyon əcnəbi daxil olub, onların əksəriyyəti (630,8 min nəfər) Özbəkistandandır. Xatırladaq ki, 2023-cü ilin 8 ayı ərzində (yanvar-avqust) 7 457 azərbaycanlı Rusiya vətəndaşlığı alıb.
Bu rəqəmlər Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi məlumatda əks olunub. 2022-ci ildə 23 min azərbaycanlıya Rusiya vətəndaşlığı verilib. 2021-ci ildə 30 min azərbaycanlı Rusiya pasportu alıb. 2019-cu ildə 13 min 500 azərbaycanlı, 2017-ci ildə 10 397 azərbaycanlı Rusiya pasportu alıb. 2016-cı ildən 2020-ci ilə qədər dövrdə 49 min 700 azərbaycanlı Rusiya vətəndaşlığı alıb. Bu rəqəmləri topladıqda məlum olur ki, son 7 il ərzində 100 mindən çox Azərbaycan vətəndaşı Rusiya pasportu alıb.
Qeyd edək ki, dekabrın 18-də Rusiya Prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Moldova vətəndaşlarına Rusiya vətəndaşlığının qəbulunu sadələşdirib. Bununla bağlı fərmana əsasən, Belarusun 18 yaşına çatmış vətəndaşları Rusiyada yaşama müddəti nəzərə alınmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər. Belarus vətəndaşları Rusiya vətəndaşlığına qəbul üçün ərizə ilə yanaşı, yaşayış icazəsi və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.
Qazaxıstan və Moldova vətəndaşları üçün ərizə verərkən ölkədə müəyyən edilmiş yaşayış müddətinə (beş il) riayət etmək, Rusiya tarixini və qanunvericiliyini bilmək məcburi olmayacaq. Ancaq rus dilini bilmək tələbi onlar üçün hələ də qüvvədə qalır.
Bu ölkələrin vətəndaşları da rus dilini bilmələrini təsdiq edən sertifikat təqdim etməlidirlər. Qeyd edək ki, Rusiyada yaşayan çoxsaylı soydaşlarımız orada müxtəlif sahələrdə çalışırlar ki, burada ticarət, inşaat sahələri üstünlük təşkil edir. Yeni layihəyə əsasən Rusiyaya gedən azərbaycanlı miqrantlar ölkədə yalnız profillərinə uyğun işləməsə kütləvi deportasiya ilə üzləşəcəklərmi?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirib ki, əgər Rusiyada miqrasiya haqqında qanunvericilik sərtləşəcəksə, həmin ölkənin ərazisində yaşayan bütün miqrantlara, o cümlədən azərbaycanlılara da təsiri olacaq:
“Ancaq bizim soydaşlarımızın bir çoxu daha çox ticarət sahəsində çalışırlar. Bəziləri hətta fərdi sahibkar kimi bazarda, yaxud hansısa kiçik ticarət şəbəkələrində işləyir. Bunun üçün xüsusi profil kvalifikasiyası yoxdur.
İndi qanun layihəsi hələ ki, hazırlanır, konkretlik yoxdur. . Orada ticarət sahəsi ümumi göstəriləcəksə, o zaman bizim soydaşlarımızla birbaşa əlaqəsi olmayacaq. Ancaq orada oturum almaq üçün başqa qaydaların da sərtləşməsi gözlənilir. Həm rus dilindən imtahanın verilməsi, hətta onların Rusiya əleyhinə fikirlərinin olub-olmaması ilə bağlı sosial şəbəkələrinin öyrənilməsi barədə bəzi deputatların təklifləri də olub. Bu nöqteyi-nəzərdən istənilən halda qanunvericilik sərtləşəcəksə, Rusiyada yaşayan 100 minlərlə soydaşımızın da gündəlik həyatına təsir edə bilər. Ancaq bizim soydaşlarımız əsasən ticarət sahəsində olduğu üçün ticarət təsnifat sahəsi göstəriləcəksə, orada artıq bir profil üzrə işləməkdə problem yoxdur. Əsas problem qanunun digər sərtləşən tərəfləri ilə bağlı kriteriyalara cavab vermək məsələsidir. Məsələn, rus dilindən imtahan və s. məsələlər daha çox təsir göstərə bilər”.
Ekspert deyir ki, Rusiyada özəl müqavilələrlə də işləmək olar: “Bu, o demək deyil ki, bizimkilər briqada şəklində hansısa iş sahibi ilə üzunmüddətli müqavilə bağlayıb təmir və digər işlərlə də məşğul olurlar. Burada əsas həmin qanunla hansı kriteriyaların qəbul olunacağıdır. Əgər ümumi istiqamətlər üzrə təsnifatlar olacaqsa, məsələn, tikinti, ticarət, mədəniyyət, istehsal, səhiyyə və daha rahat sənədləşmə işini həyata keçirmək mümkün olacaq. Hər şey bu təklifin hansı formada realizasiya olunmasından asılıdır. Sadəcə belə bir təklifin yaranmasının səbəblərini araşdırmaq lazımdır. Fikrimcə, son zamanlar Rusiyada miqrantara qarşı ciddi tənqidi münasibət var. Hətta rus şovinistləri, yaxud da təbliğatçıları, “potriot”, “vətənpərvər” adlanan qrupun nümayəndələri hətta dövlət tərəfindən maliyyələşən televiziya kanallarında tez-tez bu məsələni qaldırırlar. Bu, daha təhlükəli tendensiyadır. Görünən odur ki, Rusiyada miqrasiya ilə bağlı daha sərt qaydaların tətbiq olunması mümkündür”.