Türkiyə ABŞ-ı fakt qarşısında qoydu: Ya Zəngəzur dəhlizi açılacaq, ya da…
ABŞ-ın “Nyu York Tayms” qəzetində dərc olunan məqalədə Ermənistanın Azərbaycandan Naxçıvana dəmiryolunun bərpasının əleyhinə çıxması, Zəngəzur dəhlizinin əhəmiyyəti, alternativ kimi İrandan yolun çəkilməsi və s. barədə fikirlər əksini tapıb.
Maraqlıdır, belə nüfuzlu və önəmli media orqanının Zəngəzur dəhlizini gündəmə gətirməsi nədən xəbər verir? Bu istiqamətdə hansısa müsbət dinamika olacaqmı?
YeniZamantv.az mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov qeyd edib ki, “Nyu York Tayms” kimi nüfuzlu media orqanında Azərbaycan-Ermənistan münasibətlərinin mövcud vəziyyəti, rəsmi İrəvanın sülhə gəlməməsi ilə bağlı fikirlərin yer alması təsadüfi deyil:
“Türkiyə xarici işlər naziri Hakan Fidanın Vaşinqtona səfəri və ardınca Azərbaycana gəlməsi ondan xəbər verir ki, ABŞ-da keçirdiyi görüşlərdə Zəngəzur dəhlizinin açılması məsələsi, Ermənistan-Azərbaycan münasibətləri ön planda olub. Həmin görüşlərin nəticəsi Bakıda da müzakirə edilib”.
Politoloq qeyd edib ki, Vaşinqton regiondakı reallıqları anlayır:
“ABŞ yaxşı başa düşür ki, Zəngəzur dəhlizinə alternativ yolun İrandan keçməsi özünün maraqlarına uyğun deyil. Ona görə də Ermənistanı öz maraqları naminə istifadə etməyin yollarını axtarıb, bu istiqamətdə planlar qurub. Yolun İrandan keçməsinin Azərbaycan üçün fərqi yoxdur, lakin Qərbin və Rusiyanın maraqlarına ziddir. Hətta Qərbin, Rusiyanın, eləcə də maraqlı qüvvələrin Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi İrəvana basqı etməsi də istisna deyil”.