ABŞ kəşfiyyatı Moskva terrorunu öncədən bilirmiş? – DETALLAR
Martın 22-də axşam saatlarında Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş verən terror aktı dünyanın gündəmini dəyişib. Hazırda beynəlxalq media bu mövzuda müxtəlif versiyalar irəli sürür. Naməlum silahlı şəxslərin konsert zalına daxil olaraq atəş açmağa başlaması, nəticədə 130-a yaxın şəxsin yaralanması, 40 nəfərin ölməsi sıradan olay deyil. Terror hücumunun arxasında hansı dövlətin, hansı qrupların dayandığı hələ dəqiq bəlli deyil. Hazırda hücum edən terrorçuların konsert binasında barrikadalar qurduğu, 4 nəfərin isə qaçdığı deyilir.
YeniZamantv.az Globalinfo.az-a istinadən xəbər verir ki, politoloq Elxan Şahinoğlu Vaşinqonun günlər əvvəl Rusiyada baş verə biləcək terror aktlarına dair xəbərdarlığını xatırladıb.
Politoloq bildirib ki, baş verənlərdən sonra Kreml sərt tədbirlərə əl atacaq:
“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 10 gün əvvəl Rusiyadakı səfirliyi vasitəsilə Moskvada olan vətəndaşlarını böyük toplantı yerlərindən uzaq olması ilə bağlı xəbərdar etmişdi. Demək, Mərkəzi Kəşfiyyat İdarəsinin bildiyi var idi. Musiqi salonuna hücum edənlərin kimliyi barədə hələ ki, səhih məlumat yoxdur. Bu olayın Ukrayna müharibəsi ilə əlaqəsinin olub-olmadığı bəlli deyil. İŞİD-lə bağlı versiyalar səslənir. Qərb ölkələrinin Rusiyaya qarşı sərt sanksiyaları mövcud olsa da, Vaşinqton, Brüssel və digər paytaxtlar konsert salonuna terror hücumunu pisləyəcəklər. Buna baxmayaraq, son olaydan sonra Rusiya hakimiyyəti sərt tədbirlərə əl atacaq. 1999-cu ildə Moskvada ard-arda baş verən partlayışlar hakimiyyətə yeni gələn Vladimir Putinin çeçen mücahidlərə qarşı mübarizəsini sərtləşdirmiş və Çeçenistanda müharibəni alovlandırmışdı”.
Qeyd edək ki, hazırda Rusiya Federasiyası Təhlükəsizlik Qüvvələrinin hadisə yerində əməliyyat keçirdiyi bildirilir.
Tahir Turan
Globalinfo.az