Rusiya Tacikistanda əməliyyatlara başlayır? – Sensasion
“Krokus Siti Holl”da qətliam törədən terrorçuların Tacikistan vətəndaşları olduğu iddia edilsə də, bu təsdiqlənmədi, lakin daha sonra tacik olduqları deyildi. Bütün bu iddiaların fonunda Rusiyanın Tacikistan və ya taciklərlə bağlı hər hansı qərar verəcəyi (antiterror əməliyyatı, deportasiya) barədə fikirlər səsləndirilir. Tacikistan Rusiyanın müttəfiqi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bununla belə, bəzi rus ekspertlər Moskvanın Tacikistanda antiterror əməliyyatları keçirməsinin zəruri olduğunu deyirlər.
Maraqlıdır, Rusiya Tacikistanda antiterror əməliyyatı keçirə bilərmi?
YeniZamantv.az mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, Rusiyada müəyyən ekspertlərin belə təklif ilə çıxış etməsi başadüşüləndir:
“Bu təklifi verənlər böyük ehtimalla radikal milliyyətçi şəxslərdir. Adətən belələri dar düşüncəyə malik olur və daha çox hissləri ilə hərəkət edir.
Təəssüf ki, teraktlardan sonra hadisəni törədən terrorçuların milliyyəti üzərindən bütün bir etnos müqəssir kimi görülür. Hətta dünya miqyasında o etnosa, millətə terrorçu damğası vurulur. Bu, çox yanlış düşüncədir.
“Krokus Siti Holl”da terakt törədənlər hətta Tacikistan vətəndaşları olsa belə, Rusiya bu ölkədə antiterror əməliyyatı keçirməz. Tacikistan Rusiyanın müttəfiqi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bundan başqa bu ölkənin Rusiyanı qarşına alacaq gücü yoxdur. Bu baxımdan qeyd olunan versiya real deyil”.