“Əlvida” demək cəsarətini göstərən şair – Rəsulzadə Almas İldırım haqqında
Bu gün mühacir şair Almas İldırımın doğum günüdür. O, 1907-ci ilin mart ayının 25-də Bakının Qala kəndində doğulub. Ömrü sürgündə və mühacirətdə keçən şair 14 yanvar 1952-ci ildə Türkiyənin Malatya şəhərində vəfat edib.
1930-cu illərdən etibarən mühacirətdə yaşayan Almas İldırımın yaradıcılığı haqqında Azərbaycan Cümhuriyyəti xadimləri və bəzi mühacirlər məqalələr qələmə alıblar. Cümhuriyyətin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğlu “Qurtuluş” dərgisində “Almas İldırım bəyin “Gölcük” şeiri münasibətilə” adlı mühüm bir məqalə yazıb. Həmçinin Əbdülvahab Yurdsevər, Məhəmməd Altunbay, Lətif Elsevər kimi mühacirlər şairin vəfatından sonrakı dövrdə jurnallarda onun xatirəsini yad ediblər.
Şübhəsiz ki, vətən, qürbət, istiqlal mövzularında şeirlər qələmə alan Almas İldırımın yaradıcılığı Cümhuriyyətin qurucusu Məhəmmədəmin Rəsulzadənin diqqətini çəkməyə bilməzdi. Hələ şair mühacirətə getməzdən öncə onun Türkiyənin “Həyat” jurnalında (1927-ci ildə) çıxan “Dağlar” şeirini Rəsulzadə İstanbulda çıxartdığı “Yeni Kafkasya” dərgisində çap edib. Rəsulzadə sonrakı illərdə Berlində çıxardığı “Qurtuluş” jurnalında şairin göndərdiyi şeirləri, məqalələri mütəmadi olaraq oxucuların ixtiyarına buraxıb. Özü də şairin şeirlərini çox sevdiyi üçün bir mühazirəsində ondan da bəhs edib. Belə ki, Məhəmmədəmin bəy 11 mart 1935-ci ildə Qafqaz, Türküstan və Ukrayna Dostluq Cəmiyyətinin təşəbbüsü ilə “Sosiete Savan” salonunda “Sovet Azərbaycanında milli əyinti” adlı mühazirə oxuyub. Bu mühazirəsində Almas İldırımdan bu şəkildə bəhs edib: “Qafqaz ideyası təkcə siyasi müxalifəti deyil, kommunizmin hakim ideologiyasına bir dəfəlik “əlvida” demək cəsarətini göstərən ədəbiyyat müntəsiblərini dəxi məşğul etməkdədir. Proletar Yazıçılar Cəmiyyətindən nümayişkaranə bir surətdə çıxan gənc istedadlar arasında biz, məsələn, Qafqaz konsepsiyasını ən yüksək şairanə bir kulta çevirən azərbaycanlı şair Almas İldırımı görürük. Baxın, o, əsərlərindən birində Qafqazı necə tərənnüm edir:
Desələr, yurdu unut, al yeni dünyayı əgər
Söylərəm: eşqimi ver, haqqımı ver, yurdumu ver
Aşiqəm Qafqaza… gər “Buzlu cəhənnəm”də yanam.
Daşımaz qorxulu dağlar bu tükənməz yasımı,
Gər mələklər verələr cənnəti-əlayi mənə
Söylərəm: İstəməm ol cənnəti, ver Qafqazımı!…”
M. Rəsulzadə 1936-cı ildə Berlində çap etdiyi “Çağdaş Azərbaycan ədəbiyyatı” adlı kitabında da Almas İldırımdan bəhs edib. Kitabdakı həmin hissəni dilimizə uyğunlaşdıraraq təqdim edirik:
“Keçən dəfə “Milli əyinti” haqqında verdiyimiz konfransda da qeyd etdiyimiz kimi komsomol sıralarından çıxan istedadlı gənclər gizli fəaliyyətə keçir, burada Azərbaycanın həqiqi təbiətilə qarşılaşır və bu qarşılaşma nəticəsində çap olunmasa da, əldən-ələ, ağızdan-ağıza gəzən sovet əsirliyinin tam mənzərəsini verən gizli şeirlər doğulur.
Baxın, sizə təqiblərə məruz qalaraq canından bezmiş, faciələrlə dolu, nə üçün doğulduğunu özü-özünə soruşan gənc bir şair.
Niçin şair doğuldum?
Nə yazayım artıq yurduma dair,
Düşmən zəhər saçar, dostlar gizlənər…
Bilməm ki, yurdunu sevən bir şair,
Niçin de, bir cani kimi izlənər?…
***
Yol kəsmədim mən, qaçaq olmadım,
Qurulu bir həyatı pozmadım mən ki!…
Dostu arxadan bıçaqlamadım,
Heç qətlə fərman yazmadım mən ki!…
***
Bəs niçin qəribəm bu doğma eldə?
Məhbəsmi dörd yanım, mən ki, boğuldum
Məlun bir zamanda, məhkum bir ildə
Bu yerdə mən niçin şair doğuldum?…
Şairi boğulmaq dərəcəsinə gətirən bu havasızlıq, daha böyük bir təsirlə qadın şairin (Burada Azərbaycan şairəsi Ümmügülsümdən bəhs edilir- D.Ə) incə qəlbini belə tədirgin edir. Onun duyduğu əzabı biz “Hicran” adlı şeirində görürük:
Bir solğun çiçəyəm, bir sarı yarpaq,
Candan şikayətkar, canandan iraq;
Çıxdım ki, yollardan alayım soraq,
Xəbər verən yoxdur, sorma dedilər.
***
Ayrılınca hilal qaşlı yarımdan,
Mən yaslara batdım, geymədim əlvan,
Düşünüb o ulduz gözləri hər an,
Ağlarkən, özünü yorma dedilər.
***
Könül şikvəsini kimə söyləsin?
Qəlbimin dərdini kimlər dinləsin?
Səni sevən sənsiz ömrü neyləsin?
Ardınca qoşarkən, varma dedilər.
***
Mənim göylərimdən günəş çəkildi,
Parlaq həyatıma zülmət töküldü,
Vərəmli qəlbimə oxlar dikildi,
Qoy axsın qanları, sorma dedilər.
***
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qoğmayacaqmı?
Sordum, ümidini qırma dedilər.
Əsir Azərbaycanda milli iradə ilə azadlıq eşqinin, qadağan edilməyən ədəbiyyatın təxəllüslərilə gizli fəaliyyət göstərən həssas insanların ümidsiz yazılarında ancaq ifadələrini tapdıqlarına qane olsaq, aldanarıq. Xeyr, Azərbaycan öz bağrından haqq iş üçün vuruşan fədakar igidlər yetişdirir. Qəhrəmanca ölməyi şərəfsiz yaşamaqdan üstün tutan bu mücahidlər kişi kimi döyüşür və oğurlanmış istiqlalımızın geri alınması uğrunda sovet zindanları ilə uzaq şimalın buzlu sahillərini saysız qurbanlarla doldururlar.
Azərbaycan azərbaycanlıların olduğu kimi, azərbaycanlılar da Azərbaycanındır. Həyat meydanına qəzəbli günlərimizdə atılan və indiki halda mühacirətdə olan şair -Almas İldırım- vətənə bağlılıq hissini “Qürbətdə” adlı şeirində oxşamış və coşğulu bir şəkildə izah etmişdir. Baxın, bu şeir:
Mən tоrpağı atəşlə yоğrulan bir diyarın,
Dоğdum yad çizmələrlə çеynənən yaхasında.
Ömrümü udub kеçən hər qışın, hər baharın
İçində mən ağlaram yalnız оnun yasında…
***
Bastığım hər torpağın qoy cənnət olsun üzü,
Mən onu bir an üçün çığnayıb keçəcəyəm.
Varsın da buz bağlasın hər bir çeşmənin gözü
Mən yenə o içdiyim ağuyu içəcəyəm…
***
Varsın hər çiçək mənə versin baharı müjdə,
Könlümdəki dağların getməz başımdan qışı…
Mən edəməm eşqimə yad bir məbədə səcdə;
Burax getdiyim yolun tufanlar olsun eşi!..
***
Mən qürbətdə ölərsəm qəlbinə soxma çilə,
Söylə dostlar gömməsin nəşimi torpaqlara…
Yaxaraq vücudumu kül edib verin yelə
Bəlkə bir zərrə alsın rüzgar bizim dağlara!.
***
Yox, mən ölmək istəməm, görmədən doğma yurdu,
Mən orda ağlamışam, mən orda güləcəyəm.
Söylə qoy sevinməsin Kremlin vəhşi qurdu,
Mən tufanla doğmuşam, tufanla öləcəyəm!…
Biz, bir dəqiqə olsun şübhə etmirik ki, Azərbaycan qəlblərinin mənəvi hakimi olan bu yüksək ruhlu vətənsevərlər, -tarixin sırasını gözlədiyi bir çağındakı gəlişi çox da uzaqlarda deyildir-, sözün əsl mənasında vəziyyətin həqiqi sahibləri və hakimləri olacaqlar. Xüsusilə, azərbaycançılıq ideologiyasının bu nümayəndələri məhkum Türk elləri mənfəətlərinin birliyini olduğu kimi, Rusiya tərəfindən məhkum edilmiş millətlər arasında həmrəyliyin tarixi zərurətini və Qafqaz Cümhuriyyətlərinin siyasi müqəddərat baxımından bir-birilərinə bağlı olduqlarını daha qətiyyətlə qavramışdırlar.
Nəhayət, Azərbaycanın yeni şairi, bolşevik cəhənnəmindən yeni qaçmış “Tufanda doğmuş və tufanda öləcəyinə” əhd edən Almas İldırım, Azərbaycanı Qafqaz xaricində qətiyyən təsəvvür etmir. “Nə İrandan, nə Hinddən, nə Əfqandan, nə Çindən” o “bir inci bulmuşdur; Qafqazın içindən.” Böyük Şamilin qoca Qafqazı! Oh, əgər şair onun kimi vuruşa bilsəydi! Nə xoşbəxt olardı! Bu, Qafqazı, göylərə baş çəkmiş, azadlıq və istiqlal savaşına çağıran bu dağları o heç bir şeylə dəyişməz “nə mələklərin cənnətinə, nə də kommunistlərin yeni dünyasına!” Onun bu mövzudakı şeirini burada təkrar etsək, bundan ancaq qazanc əldə edərik.
Aşiqəm Qafqaz gər buzlu cəhənnəmdə yanam,
Daşımaz qorxulu dağlar bu tükənməz yasımı.
Gər mələklər verələr cənnəti-əlayi mənə;
Söylərəm: istəməm, al cənnəti ver Qafqazımı!
***
Qafqazın eşqi bütün zər dolu dünyaya dəyər,
Desələr yurdu unud, al “Yeni dünyanı” əgər
Söylərəm: eşqimi ver, haqqımı ver, yurdumu ver.
Dinləsin qoy bütün aləm bu boğulmaz səsimi!..”
Müəllif: Dilqəm Əhməd