Qəhvə xərçəng riskini azaldır – ARAŞDIRMA
Beynəlxalq elmi araşdırmada gündə iki-dörd fincan qəhvə içən bağırsaq xərçəngi xəstələrində xəstəliyin təkrarlanma riskinin xeyli aşağı olduğu müəyyən edilib.
YeniZamantv.az Turkustan.az-a istinadən xəbər verir ki, Hollandiya və İngilis tədqiqatçıların Hollandiyada 1719 bağırsaq xərçəngi xəstəsi ilə apardığı araşdırma bu xəstəliyin təkrarlanma riskini azaltmaqda qəhvənin əhəmiyyətini ortaya qoyub. Tədqiqata görə, gündə iki-dörd fincan qəhvə içən bağırsaq xərçəngi xəstələrinin xəstəliyin geri qayıtma ehtimalı daha az olub. Qəhvənin təsirinin nə qədər içdiyinizdən asılı olduğu və ən çox içənlərin ən az riskə sahib olduğu bildirilir.
Mütəxəssislər, tapıntıların ümid verici olduğunu və davam edən araşdırmalarda eyni təsirin aşkar edildiyi təqdirdə bağırsaq xərçəngi xəstələrinin qəhvə içməyə təşviq edilə biləcəyini söylədi. Dünya Xərçəng Araşdırma Fondu (WCRF) tərəfindən maliyyələşdirilən və 2017-ci ildə dərc edilən məqaləyə görə, gündə ən azı beş fincan qəhvə içən xəstələrdə bağırsaq xərçənginin təkrarlanma ehtimalı 32 faiz az olub. Tədqiqat həmçinin gündə ən azı iki fincan qəhvə içənlərin ölüm riskinin qəhvə içməyənlərə nisbətən 29 faiz daha az olduğunu müəyyən edib.
Tədqiqatın həmmüəllifi və London İmperial Kollecində İctimai Sağlamlıq Məktəbində xərçəng epidemiologiyası və profilaktikası şöbəsinin müdiri olan prof. Dr. Marc Gunter dedi: “Qəhvə ümidvericidir, çünki o, həm də bağırsaq xərçəngi xəstələrinin proqnozunu (bərpa şansı) və sağ qalmağı yaxşılaşdırmaq üçün bir yola işarə edir. Qəhvədə bağırsaq xərçəngindən qoruya bilən antioksidant xüsusiyyətlərə malik yüzlərlə bioloji aktiv birləşmə var. O, həmçinin bağırsaq xərçənginin inkişafı ilə əlaqəli olan iltihabı və insulin səviyyələrini azaldır və bağırsaq mikrobiomu üçün faydalıdır”.
Araşdırma qrupunun rəhbəri, Hollandiyanın Wageningen Universitetinin qidalanma və xəstəlik professoru Dr. D. Ellen Kampman bu məlumatları verdi: “Kolon xərçəngi hər beş xəstədən birində təkrarlanır və ölümcül ola bilər. Çox maraqlıdır ki, bu araşdırma 3-4 fincan qəhvə içməyin bağırsaq xərçənginin təkrarlanma riskini azalda biləcəyini göstərir. Amma gördük ki, qəhvənin təsiri dozadan asılıdır, nə qədər çox qəhvə içsən, bir o qədər effektli olur”.
Eltac Zülfüqaroğlu/Turkustan.az