“Krokus”da xeyli yaralını xilas edən azərbaycanlı danışdı
Moskva vilayətində “Krokus Siti Holl” kompleksində terror zamanı qəhrəmanlıq göstərənlərdən biri də azərbaycanlı Kamil Nəsibov olub.
YeniZamantv.az Publika.az-a istinadən xəbər verir ki, 30 yaşlı Kamil binadakı “Şokoladnitsa” kafesində işləyib.
Onun sözlərinə görə, iş gününün bitməsinə on dəqiqə qalmış Kamil həmkarını siqaret çəkməyə dəvət edib. Çölə çıxdıqdan bir neçə dəqiqə sonra isə atəş səsləri eşidiblər. Əvvəlcə nə baş verdiyini anlamayıblar, ancaq insanların yerə yıxıldığını görəndə, üzbəüz restorana qaçıb kömək istəyiblər.
Kamil bundan sonra yenidən hadisə yerinə qayıdaraq yaralılara hadisə yerindən uzaqlaşdırmağa başlayıb, bəzilərini isə taksi ilə yola salıb.
Kamil o zaman nə qədər insana yardım edildiyini dəqiq bilmir: onun sözlərinə görə, çoxlu yaralı olub.
Azərbaycanlı gənc vurğulayıb ki, girişdə yaralılara kömək edən daha bir neçə nəfər olub. Amma binanın içərisinə girməyə cəsarət edənlər az idi. Kamillə birlikdə kostyumlu orta yaşlı kişi qaçaraq binaya girib. Sonradan Nəsibov onu gözdən itirib.
Bundan sonra o, mərtəbələri gəzərək bağlı qapı arxasında qalan, yolunu itirən insanlara kömək edib, onları xilasedicilərin olduğu istiqamətə yönəldib.
Həmin gün Kamil evinə metro ilə qayıdıb. Evə çatanda isə dostlarının onu gözlədiyini görüb. Belə ki, yaralıları xilas etməyə getməzdən əvvəl onlardan bəziləri üçün səsli mesajlar göndərərək hamı ilə vidalaşıb.
“Həmin gecə səhər beşə qədər yata bilmədim, burnumdan qan axırdı. Ertəsi gün baş ağrısı və ürəkbulanma var idi. Amma sonra hər şey keçdi”, – deyə Kamil olanları xatırlayır.
O, hadisə zamanı keçirdiyi hisslərindən də danışıb: “Təbii ki, qorxulu idi. Heç kim bilmirdi ki, onlar (terrorçular) gediblər, yoxsa hələ də buradadırlar. Ancaq beş dəqiqə sonra atışma yerinə qayıdan adam buna biganə qalır – ən vacibi insanları xilas etməkdir. Bu qəhrəmanlıq deyil, buna insanlıq deyirlər”.
Qeyd edək ki, “Şot” “Teleqram” kanalı onunla müsahibədən bir parçanı “Krokus”da törədilən terror aktı zamanı Azərbaycan vətəndaşı 100-dən çox insanı xilas etdi” başlığı ilə yerləşdirib. Kanal abunəçilərinin çoxu Kamilin qəhrəmanlığını alqışlasalar da, onların arasında yazı müəlliflərini miqrantların imicini “ağartmaq” cəhdində ittiham edənlər və Kamilə qarşı ksenofobik təhqirlər yazanlar da tapılıb.
Kamil təhqirlərə cavab verməmək qərarına gəlib: “Mən onlara nəyi sübut etməliyəm? Bu, insanların gündəlik mənfilik dozası lazımdır və mən bunu onlara verməyəcəyəm. “Krokus”da olmayan kreslo şərhçiləri üçün insanları mühakimə etmək çox asandır. Mən heç kimə təhqiramiz cavab vermədim, sadəcə oxudum. Ancaq sonda bir neçə nifrət postunun müəllifi ilə əlaqə saxlamaq qərarına gəldim, onlara hesabımdan şəxsi mesaj göndərdim: “Qulaq asın, bu saxta deyil, mən real insanam, bot deyiləm”. Onlar Teleqramda şəkillərimə baxdılar, gördülər ki, feyk profil deyil və üzrxahlıq etdilər.
Qeyd edək ki, Kamil Nəsibov Sumqayıt şəhərində doğulub və məktəbi bitirib. O, üç il əvvəl işləmək üçün Moskvaya yollanıb.