Polad Həşimovun sevdiyi mahnı: onu kim bəstələyib, sözlərini hansı şair yazıb? – VİDEO
YeniZamantv.az xəbər verir ki, Modern.az saytı Novruz bayramı günlərində Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova ilə görüşərək, ondan geniş müsahibə almışdı.
Ofelya xanımın müsahibəsi oxucularımız tərəfindən maraqla qarşılandı, sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb oldu, çox sayda paylaşımlar edildi.
Müsahibədə toxunulan maraqlı məqamlardan biri şəhid generalın hansı musiqiləri sevib dinləməsi ilə bağlı idi.
Həyat yoldaşının dediyinə görə, Milli Qəhrəmanımız klassik musiqiləri çox sevirmiş. Polad Həşimovun xoşladığı Azərbaycan musiqilərindən biri isə Əməkdar artist Aybəniz Haşımovanın ifasında səslənən “Biri sənsən, biri mən” mahnısı imiş.
“Bir dəfə həyəcanla məni çağırdı ki, tez gəl, bu mahnıya qulaq as. Bu, Aybəniz Haşımovanın ifasında “Biri sənsən, biri mən” mahnısı idi. Polad o mahnıya çox qulaq asırdı”, – deyə Ofeliya Salmanova bildirib.
Bəs Polad Həşimovun da sevdiyi “Biri sənsən, biri mən” mahnısı necə yaranıb?
Modern.az-ın məlumatına görə, “Biri sənsən, biri mən” mahnısını ötən əsrin ortalarında mərhum bəstəkar, Əməkdar artist, mahir tarzən Əhsən Dadaşov bəstələyib.
Mahnının sözlərini isə Azərbaycanın görkəmli Xalq şairi, mərhum Bəxtiyar Vahabzadə yazıb.
Əhsən Dadaşov musiqi mədəniyyətimizdə bir fenomen olub. Ə.Dadaşovun yaradıcılığı XX əsr musiqi mədəniyyəti tariximizin ən parlaq səhifələrindən birini təşkil edir. O, milli instrumental sənətinin inkişafı və təbliği sahəsində mühüm xidmətlər göstərib. Ə.Dadaşov 1960-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri nəzdində “Xatirə” xalq çalğı alətləri ansamblını yaradıb və ömrünün sonuna kimi (1976) onun bədii rəhbəri olub.
“Biri sənsən, biri mən” mahnısının ilk ifaçısı, məşhur xanəndə, mərhum Xalq artisti İslam Rzayev olub. Deyilənə görə, bu mahnı ilk dəfə İslam Rzayev tərəfindən ifa olunandan sonra Əhsən Dadaşov o qədər təsirlənib ki, göz yaşlarını saxlaya bilməyib.
Mahnıya qulaq asan mərhum Bəxtiyar Vahabzadə isə heyrətini belə dilə gətirib: “Musiqiyə qulaq asdım və dəli oldum. Musiqinin özü mənim şerimi elə açıq və həzin pıçıldayırdı ki… Allah insaf versin, Əhsənə, o, adi bəstəkar deyil, möcüzədir…”.
“Biri sənsən, biri mən” mahnısı səsləndiyi ilk vaxtlardan dinləyici auditoriyası tərfindən rəğbətlə qarşılanıb. Mahnı illər uzunu sevə-sevə dinlənilib. Onun dinləyici auditoriyası bu gün də çox genişdir.
Bu mahnıya ikinci möhürü İslam Rzayevdən çox-çox sonralar Əməkdar artist Aybəniz Haşımova vurub. Aybəniz xanımın ifası İslam Rzayevin də çox xoşuna gəlib və onunla İctimai Televiziyanın efirində məhz həmin mahnını duet şəklində oxuyub.
Bu gün “Biri sənsən, biri mən” iki sənətkarın – İslam Rzayev və Aybəniz Haşımovanın ifasında sevilir və dinlənilir.
Qeyd etdiyimiz kimi, adları çəkilən sənətkarlar mahnını həm tək, həm də duet şəklində ifa ediblər.
Əməkdar artist Aybəniz Haşımova Modern.az-a deyib ki, şəhid general Polad Həşimovun məhz onun ifasında olan mahnını sevərək dinləməsi xəbərindən çox təsirlənib.
“Hər dəfə onun rəsminə baxanda belə bir generalın şəhid olmağı məni şan-şan edir. Bir generalı yetişdirmək üçün illər lazımdır. Ailəsinə, övladlarına, böyük anamız Səmayə xanıma Allah səbr versin. Şəhidimizin yeri behişt olsun”.
Aybəniz Haşımova “Biri sənsən, biri mən” mahnısına çəkiləcək klipdən də danışıb:
“Allahın iznilə, cox yaxın zamanda ifamda olan “Biri sənsən, biri mən” mahnısına cəkiləcək klipi ailəsinin arzusu ilə şəhid generalımız Polad Həşimovun əziz xatirəsinə həsr edəcəm. Mahnını ifa etdiyim gündən ona necə bir klip ərsəyə gətirəcəyimi düşünürdüm. Sonralar mahnı cox tez bir zamanda elə sevildi ki, artıq klipə ehtiyac qalmadı deyə, düşündüm. Sən demə, qismət indiyə imiş. Allah generalımıza rəhmət eləsin, ailəsinə səbr versin. Mənə isə Allah tez bir zamanda yol açsın ki, generalımızın adına layiq bir iş görə bilim”.
Modern.az saytı “Biri sənsən, biri mən” mahnısının həm musiqli ifasını, həm də sözlərini təqdim edir: