“Paşinyan xalqı kəndlərin qaytarılmasına hazırlayır” – Açıqlama
“Azərbaycan sülh sazişi ilə bağlı haqlı, beynəlxalq hüquqla tam şəkildə uzlaşan şərtlərini irəli sürüb. Rəsmi İrəvan isə delimitasiyada maraqlı olduğunu bəyan edib. Ermənistan nə qədər səmimidir, onu zaman göstərəcək”.
YeniZamantv.az xəbər verir ki, bunu Bakupost.az -a millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycanın tələbi ilkin mərhələdə anklav olmayan 4 kənd qaytarılmasıdır və bu, müzakirə predmeti ola bilməz:
“Prezident İlham Əliyev yanvar ayında yerli televiziyalara müsahibəsində bildirib ki, anklav olmayan 4 kənd qeyd-şərtsiz Azərbaycana təhvil verilməlidir. Təbii ki, əsas məsələ sərhədlərin delimitasiyasının aparılmasıdır. Amma bütün hallarda bu, imzalanacaq sülhün başlıca şərti olmamalıdır. Çünki Ermənistan bundan istifadə edərək sülh sazişinin imzalanmasını süni şəkildə uzada bilər. Dörd kəndin ilkin mərhələdə Azərbaycana qaytarılması ilə bağlı Ermənistanın mövqeyi fərqli ola bilər. Lakin İrəvanın bir çıxış yolu var – dörd kənd heç bir müzakirə aparılmadan təhvil verilməlidir. Paşinyan da bəyan edib ki, 4 kənd qaytarılmalıdır. Bəli, onun mövqeyi Ermənistanda kifayət qədər zəifləyib. Baş nazirə qarşı çıxan qüvvələr var. Ona görə də Paşinyan daxili auditoriyanı kəndlərin qaytarılmasına alışdırmağa çalışır”.
Sevinc
BakuPost