“Hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması xəbərləri…” – Dövlət qurumları MƏLUMAT YAYDI
TikTok sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılıb.
YeniZamantv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında bildirilib.
“Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik. Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, -deyə açıqlamada bildirilib.