Bizi yalnız Azərbaycan xilas edə bilər – Baqdasaryandan şok
Rusiyanın Ermənistana ağrılı zərbələr endirmək üçün çoxlu imkanları var: həm iqtisadi, həm də siyasi. Məsələn, ucuz enerji satışından imtina, erməni miqrantlara qarşı sanksiyalar – həddən artıq çoxdur bu imkanlar.
YeniZamantv.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Baqdasaryan Ermənistanın Solovyovun verilişini bloklamaq, “Mir” kartlarının istifadəsinə qadağa kimi son qərarlarına Rusiyanın mümkün cavabı haqda danışarkən deyib.
Onun sözlərinə görə, Rusiyanın bu imkanlardan necə istifadə etməsi onun nə qədər ağrılı zərbə vurmağa çalışmasından asılıdır:
“Buna görə də Ermənistan hakimiyyəti əks tədbirlər haqqında düşünməyə borcludur ki, bu zərbələrə davam gətirə bilsin. Təsadüfi deyil ki, aprelin 5-də Brüsseldə keçiriləcək budəfəki görüşün (Blinken-Leyen-Paşinyan görüşü nəzərdə tutulur – red.) əsas mövzusu Ermənistanın müqavimətinin artırılması olacaq. Güman edirəm ki, orada ABŞ və Avropa Ermənistana nəsə vəd etməyə çalışacaq ki, siz Rusiya ilə münasibətləri gərginləşdirməyə davam edin, biz isə cavab tədbirinin o qədər də ağrılı olmamasına çalışacağıq. İndiki halda, mənim anladığım qədər, Brüsseldə söhbət yalnız iqtisadi və maddi məsələdən gedəcək, təhlükəsizlikdən yox”.
Ekspert bildirib ki, Rusiyanın mümkün iqtisadi təzyiqləri fonunda Qərbin görməli olduğu iş ilk növbədə ucuz enerjiyə çıxış olmalıdır. Onun sözlərinə görə, nə ABŞ-ın, nə də AB-nin Ermənistana ucuz enerji çatdırması imkanı var:
“Yalnız bir variant var: Azərbaycanın enerji imkanlarından istifadə etmək. Ancaq bundan ötrü əvvəlcə Azərbaycanın təhlükəsizliklə bağlı tələblərinin nə olduğu bilinməlidir. Buna görə deyirəm ki, Ermənistan hakimiyyəti addım atarkən düşünməlidir”.