“Hazırlaşın, dağıda-dağıda gəlirlər, sonda Azərbaycan…” – Kiviryan
Rusiya hərbi bazasının Ermənistandan çıxarılması prosesi ağrısız olmayacaq. Önümüzdə Gürcüstan nümunəsi var.
YeniZamantv.az xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.
Onun sözlərinə görə, Gürcüstan Rusiya hərbi bazasının çıxarılmasını tələb etməsəydi, o zaman Moskva genişmiqyaslı müharibəyə getməzdi:
“Rusiyanın dəst-xəttini qardaş Ukraynada da görürük. Ermənilər Moskvanın onlara qarşı xoşməramlı olacağını niyə düşünürlər? Rusiya ən yaxşı müttəfiq olmaya bilər, amma çox qəddar düşməndir”.
Kiviryanın fikrincə, nə qədər Rusiyanın Ermənistanda hərbi mövcudluğu və iqtisadi rıçaqları var, heç nə İrəvanın istəklərindən asılı deyil, qərarı yalnız Moskva verə bilər:
“Hələlik Ermənistan hakimiyyəti Rusiyanı tərk etmək barədə qərar verməyib, çünki Moskvadan müəyyən qorxuları var. Rusiya hələlik Ermənistana qarşı heç bir tədbir görməyib, çünki Ermənistan onun sanksiyalardan yan keçməsi üçün platformadır”.
Ekspert əmindir ki, Qərb Ermənistana xoş sözlərdən başqa heç bir zəmanət verə bilməz. O əlavə edib ki, “Ermənistanın əsl düşmənləri Qərbin heç bir problemi olmadığı Azərbaycan və Türkiyə”dir.
“Qərb Azərbaycanla enerji daşıyıcıları sahəsində əməkdaşlığı nəzərə alaraq Ermənistana nəyə görə kömək etməlidir? Ermənistan Rusiya ilə toqquşsa, Qərb daha ciddi dəstək verəcək, amma yenə də təhlükəsizlik zəmanəti verməyəcək. Moskva bu səbəbdən sakitdir. O bilir ki, Qərb Ermənistana təhlükəsizlik zəmanəti verməyəcək, sonuncu isə gec-tez Rusiyaya üz tutacaq”, – Kiviryan bildirib.
Erməni ekspertin iddiasına görə, köhnə dünya nizamı dağılır, ona görə də kim bacarırsa, yeni dünya nizamı formalaşana qədər nələrisə ələ keçirməyə çalışır:
“Məsələn, Suriya, Ukrayna və Fələstin. Ermənistan belə ssenarilərə hazır olmalıdır”.
Kiviryana görə, prosesin sonunda Ermənistan Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşə bilər. /teleqraf.com/