İcmadan Avropa Birliyinə cavab: 30 ildə harada idi?
Avropa Birliyinin (AB) sözçüsü Peter Stano “Azadlıq” radiosunun erməni xidmətinə aprelin 6-da verdiyi müsahibəsində ifadə etdiyi təxribatçı fikirləri ilə təşkilatının əsl niyyətini açıqlayıb.
YeniZamantv.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, Avropa Birliyinin rəsmisi Ermənistana dair sualın cavabında ərazi bütövlüyü prinsipinin əhəmiyyətindən geniş danışıb və bununla da guya beynəlxalq hüquqa əhəmiyyət verdiklərini göstərməyə çalışıb. O, həmçinin etnik ermənilərin Azərbaycana qayıtmasına şərait yaradılması məsələsini də qaldırıb.
“Sadə sual meydana çıxır – görəsən Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayanda AB harada idi? 8 Azərbaycan kəndinin Ermənistan tərəfindən işğalının davam etməsinə niyə hələ də susur? Nə üçün AB Ermənistandan sonuncu etnik təmizləmə dalğasında qovulmuş 300 min azərbaycanlının qayıtması məsələsini və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması məsələsini qaldırmır?
Belə çıxır ki, Ermənistandan azərbaycanlıların qovulmasının üstündən müəyyən müddət keçdiyi üçün onların qayıdış hüquqları daha aktual deyil. Qərbi azərbaycanlıların 30 ildən artıq Vətən həsrətlərini onlara qarşı istifadə etmək ən böyük haqsızlıqdır.
Bütün bunlar AB-nin etnik və dini ayrı-seçkiliyini sübut edir. AB nə insan haqları, nə də beynəlxalq hüquqla bağlı səmimi deyil. AB-nin siyasəti Azərbaycandakı ermənilərin “hüququ” kimi köhnə alətdən istifadə edərək Ermənistanı Azərbaycana qarşı təhrik etməkdən ibarətdir.
Biz AB-nin təxribatçı yanaşmasını qəti şəkildə rədd edir və buna son qoyulmasını tələb edirik”, – İcmanın bəyanatında vurğulanıb.
Həmçinin qeyd olunub ki, qayıdış məsələsində ayrı-seçkiyə yol verilməməli, qarşılıqlılıq prinsipinə riayət edilməli və 30 ildən artıq qayıdış intizarında olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk həll edilməlidir.