Tehrandan İrəvana təyyarələrlə silah daşınır: İranın həqiqət qarşısında deməyə sözü yoxdur?
Son günlərdə İrandan Ermənistana intensiv şəkildə hərbi yüklərin daşınması ilə bağlı məlumatlar yayılır. İrandan idarə olunan Telegram kanalları da həmin iddialarla bağlı müxtəlif foto faktlar paylaşırlar. Məlumatlara görə təkcə 29 mart – 4 aprel tarixlərində İran Hava Yollarının əvvəllər SEPAH tərəfindən hərbi yüklərin daşınmasında istifadə edilmiş “BOING” tipli karqo təyyarəsi ilə Sərab və Tehrandan Ermənistana azı 5 aviareys həyata keçirilib.
Bəzi ekspertlərin fikrincə, İran Ermənistanı silahlandırmaqla, həmçinin bu barədə iddiaları qəsdən tirajlamaqla Azərbaycana qarşı təzyiq yaratmaq niyyətindədir. Son günlərdə bəzi İran rəsmilərinin Azərbaycana qarşı səsləndirdiyi bəyanatlar da bu qənaəti gücləndirir.
Hər bir halda məsələ Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Lakin İran rəsmiləri bu dəfə də yayılan məlumatları nə təsdiq, nə də inkar edir. Məsələ ilə əlaqədar APA olaraq İranın Azərbaycandakı səfirliyinə dəfələrlə sorğu göndərsək də, diplomatik nümayəndəlik susqunluğunu davam etdirmək niyyətində olduğunu nümayiş etdirir. Bu susqunluq onu göstərmiş ola bilər ki, yayılan iddialar doğrudur və İranın həqiqət qarşısında deməyə sözü yoxdur. Yaxud da ona görə ki, nə Tehran, nə də onun Bakıdakı səfirliyi Azərbaycan ictimaiyyətini narahat edən məsələyə münasibət bildirməyə “tənəzzül etmir”.
Əslində İranın Ermənistanı silahlandırmasına dair məlumatlar artıq Azərbaycan ictimaiyyəti üçün sürpriz deyil. Vətən müharibəsinə qədər İslam həmrəyliyindən, “tarixi dostluq-qardaşlıq” münasibətlərindən dəm vuran Tehranın müharibə dövründə Azərbaycanın ardıcıl qələbələrindən təlaşa düşərək Ənzəli və Novşəhr limanlarından müxtəlif hərbi texnikaları Ermənistana daşıması faktı unudulmayıb.
Güney Azərbaycanın bir çox şəhərlərində Tehranın müharibə davam etdiyi bir vaxtda Ermənistanı silahlandırmasına görə dəfələrlə etiraz aksiyası keçirilib, bu aksiyalarda yüzdən çox azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülərək həbs edilmişdi. İran rəsmiləri nə onda, nə də indi Azərbaycan ictimaiyyətini narahat edən qeyri-destruktiv fəaliyyətinə münasibət bildirmədi, nə buna bəraət qazandırdı, nə də inkar etdi. Bu münasibət bir daha sübut edir ki, İranın siyasəti də çarşaba bürünüb və şəffaflıqdan çox uzaqdır.
Belə bir fonda İran rəsmiləri Azərbaycana qarşı təhdid dolu bəyanatlarından əl çəkmirlər. Bir neçə gün öncə İran parlamentinin deputatı İsrailin Azərbaycandakı səfirliyini hədəf göstərdi. İran İslam Respublikası Ermənistanı ardıcıl şəkildə silahlandıraraq, müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışdığı Azərbaycan dövləti və xalqına, həmçinin İslam həmrəyliyinə, rəhbər tutduğu iddia etdiyi İslam şəriətinə nə qədər önəm verdiyini göstərir. İran rəsmilərinin Azərbaycan mediasının sorğularına cavab verməməsi, təhqiramiz susqunluğu fonunda yaranan mənzərə məhz belədir.